"Asan xidmət” yavaş-yavaş qəlizləşir, deyəsən. Bu xidmət növü fəaliyyətə başlayanda, içi biz qarışıq, onun işindən razı qalanlar, artıq narazılıq bildirməyə başlayıblar. Dünən "Şərq”in baş redaktoru Akif Aşırlı "Asan Xidmət”in Yasamal rayon filialında nə az, nə çox, düz saat yarım vaxt itirib. Bəlkə inandırıcı olmaya bilər. Dünənədək "Asan Xidmət”i razı halda tərk edənlər "görəsən, həqiqətən belədi? Şişirtmirlər ki?” deyə şübhə də edəcəklər. Amma təəssüf ki, bu, gerçəklikdir.
Problemin məğzi əslində, çox asan bir həlli olan prosedurun "Asan Xidmət”də çətinə salınmasından ibarətdir. Baş redaktorumuz oğlu üçün şəkilsiz (müvəqqəti) şəxsiyyət vəsiqəsi almaq üçün 10 gün əvvəl "Asan Xidmət”in Yasamal şöbəsinə müraciət edib. Dünən vəsiqəni almağa gedib. 105 saylı qəbzin sahibi olmasına baxmayaraq növbəlilik prinsipi pozulub. Hər on-on beş dəqiqədən bir müraciət edəndə təkrar-təkrar uşağın adını, soyadını soruşublar. Axtarışa yan otaqdan üç nəfər də cəlb olunub. Yenə bir nəticə hasil olmayıb. "Asan xidmət”in "bərli-bəzəkli” xanımları yalnız "gözləyin” deyib. Nəhayət, baş redaktorun səbri tükənəndə məlum olub ki, bəs, vəsiqə ortada yoxdur. Kompyuterə "baş vurublar”. Kompyuter sənədlərin qəbul edildiyini və vəsiqənin hazır olduğunu göstərib, amma vəsiqə tapılmayıb. Məcburiyyət qarşısında 200 nəfərin anketi olan qutunu ortaya qoyub sənədlərin içində həmin vəsiqəni axtarmağa başlayıblar. "Axtarışa” xeyli vaxt sərf ediblər. Problemin yaranmasının səbəbi vətəndaşların sənədlərinin əlifba sırası ilə yerləşdirilməməsi, kartotekanın olmamasıdır.
Bu da təriflədiyimiz "Asan Xidmət”. Ola bilsin, bu, sadəcə, bir xoşagəlməz haldır. Amma ümumilikdə "Asan Xidmət”in fəaliyyətinə kölgə salır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə "Şərq”ə açıqlamasında bildirdi ki, gənc kadrların bəzi nöqsanları "Asan Xmdmət”in daşıdığı ümumi missiyaya xələl gətirməməlidir:
- Məlumdur ki, "Asan Xidmət” cənab Prezidentin xeyir-duası ilə yaradılıb. Xidmət sahələri də getdikcə genişlənir. Vətəndaşlar da razı qalır. Ümumi siyasət budur ki, vətəndaşlar məmur süründürməçiliyindən, rüşvətdən əziyyət çəkməsinlər. Lazım olan sənədləri şəffaf şəkildə, qısa
zaman kəsiyində əldə etsinlər. Əhali də "Asan Xidmət”dən razıdır. Açığı, birinci dəfədir ki, narazılıq eşidirəm. Hansısa filialda belə xoşagəlməz hal baş veribsə, bunu ancaq kadrların gənc olması, təcrübəsizlikləri ilə əlaqələndirmək lazımdır. Görünür, elektron variantda nəsə səhvə yol verilib. "Asan Xidmət” əməkdaşları "Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq imtahan verirlər. Məncə, işə qəbulda 2 mərhələdən keçirlər. Həm imtahan verirlər, həm də müsahibədən keçirilirlər. Ola bilər, gəncdilər, praktik fəaliyyət müddətləri böyük deyil və iş prosesində bəzi nöqsanlara yol veriblər. Hesab edirəm ki, belə hallar təkrarlanmasın deyə, həm də vətəndaşlara daha yüksək xidmət göstərilməsi üçün praktik fəaliyyətə başlamazdan əvvəl təcrübə müddəti keçilsə, daha yaxşı olar. Bəlkə də təcrübə müddəti var, dəqiq deyə bilmərəm. Amma bütün hallarda imtahandan keçmək, hələ şəxsin o işi, o vəzifəni icra etməyə hazır olduğu anlamına gəlməməlidir. Həmçinin, gəlin, bu xoşagəlməz hadisəni də, bütün "Asan Xidmət”in ayağına yazmayaq.
Məlahət Rzayeva