Bakıda yolun çökməsində günahkar kimdir?

"Nobel" prospektində 20 metr dərinliyində dəliyin yaranması dövlət qurumları rəsmilərinin bir-birini ittiham etməsinə səbəb olub



 "Nobel prospektinde yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirmək hələ tezdir. "Azərsu” ASC-nin əməkdaşları hadisə yerində araşdırma aparır. İndiyə qədər kollektorda hər hansı sızmanın baş verməsi təsdiqlənməyib. Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib və kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Hazırda kollektorda suyun səviyyəsi yüksək olduğundan onu içəridən yoxlamaq mümkün deyil. Kollektorda çirkab suların səviyyəsi aşağı düşdükdə xətt daxildən yoxlanacaq. Yalnız bundan sonra dəqiq nəsə demək mümkün olacaq”.
Bunu "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov ANS PRES-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev yolun çökməsinin səbəbi barədə verdiyi açıqlamada tələsib. Anar Cəbrayılov yolun çökməsinin kanalizasiya sularını axması ilə əlaqədar olmadığını bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Nobel prospekti 64 ünvanında, yəni şəhər istiqamətinə gələn yolda nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda çökmə baş verib. Asfaltın çökən hissəsinin dərinliyi təxminən 20 metrdir.
"Nobel prospektində asfaltın çökməsinə kanalizasiya kollektorundan suyun sızamsı səbəb olub”. Bunu ANS PRESS-ə hadisə yerində olan "Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, prospektin çökən hissəsinin altından kanalizasiya kollektoru keçir. Kollektordan su sızması baş verib. Nəticədə yolun əsas örtüyünü və torpaq qatını yuyub aparıb. Bu isə prospektdə dərin çuxurun yaranmasına səbəb olub.
Pünhan Mürsəliyevin sözlərinə görə, hazırda prospektdə yaranmış problemin aradan qldırılması istiqamətində işlər gedir.