Xəstələr can hayında...

Xaricə müalicəyə gedən vətəndaşlar, həm də görməli yerləri gəzəcək



Millət vəkili Musa Quliyev parlamentin iclasında maraqlı təkliflə çıxış edib. Dünyanın bir çox ölkələrində səhiyyə turizminin fəaliyyət göstərdiyini deyən millət vəkili Azərbaycanda da səhiyyə turizmi şöbəsinin yaradılması vacibliyindən danışıb və bunun xarici ölkələrə müalicə məqsədilə gedən soydaşlarımız üçün faydalı ola biləcəyini söyləyib. Millət vəkili qeyd edib ki, xarici ölkələrə müalicəyə gedənlər bəzən fırıldaqla üzləşir, lazımsız müayinələrə cəlb olunur, artıq xərcə düşürlər. Bu məsələləri tənzimləyəcək bir qurum yaradılsa, vətəndaşlarımız getdikləri ünvanda problemlərdən sığortalanmış olar.

Qeyd edək ki, qonşu İran İslam Respublikasında bu cür xidmət növləri xeyli müddətdir fəaliyyət göstərir.

Qonşu ölkəyə səfər edənlər bunun şahididir. Məsələn, Biləsuvar gömrük keçid məntəqəsindən İran gömrüyünə adlayan kimi müxtəlif reklam və elan lövhələri ilə rastlaşırsan. Elə gömrükdəcə gözəçarpan reklam lövhələri vurulub və ölkəyə gələn xarici vətəndaşlara müxtəlif xidmətlər təklif edilir. Səfəvilər xanədanının paytaxtı Ərdəbildə gəzməli-görməli yerlərə səyahətlə yanaşı, həkim, otel, taksi xidmətləri təklif olunur. Daha nələr yoxdu, təkliflərin içində: Şah gölünə səyahətdən tutmuş, şah hamamı, Yeddigözlü körpü, Şeyx Səfi türbəsinə ziyarət, qədim Ərdəbil şah yeməkxanasında nahar... Həm səni həkimə aparırlar, həm otel təşkil edirlər, həm də tarixi məkanlara ekskursiyaya aparırlar. Taksi də daim xidmətində olur. Əslində, Güney Azərbaycanda bu xidmət paketlərinin tətbiqinin tarixi uzun deyil. Son dövrlər buna başlayıblar. Görəndə ki, Azərbaycanın quzeyindən həkimə gələnlərin sayı getdikcə artır, ağıllı bir biznes sahəsi qurublar. Ruhumuzun paytaxtı Təbrizdə də demək olar, hər addımbaşı bu cür xidmət təkliflərinə rast gəlinir. Elanları hətta otellərdə də yerləşdiriblər.

Son dövrlər İrana müalicəyə gedənlər nə həkim, nə qalmağa yer tapmaqdan əziyyət çəkmədiklərini deyirlər. Şəhərə yaxşı bələd olan taksiçilər də hara istəsən aparırlar.

Görünür, millət vəkili Musa Quliyev səhiyyə şöbəsinin yaradılması zərurətindən danışanda bizdə də belə xidmət növlərinin olmasını nəzərdə tutub.

Millət vəkili "Şərq”ə açıqlamasında təklifin mahiyyət etibarilə daha çox Azərbaycandan xarici ölkələrə müalicəyə gedənləri nəzərdə tutduğunu dedi:

- Bəzən problemin kökünü araşdırmadan mülahizə irəli sürürlər. Azərbaycan vətəndaşlarının xarici ölkələrə müalicəyə getməsinin səbəbi bizim səhiyyənin keyfiyyətsizliyi ilə bağlı deyil. Bilirsiz, 70-ci illərdən etibarən bütün dünyada səhiyyə turizmi deyilən bir sahə yarandı. Təbii, hər bir insan istəyər ki, harada keyfiyyətli səhiyyə varsa, ora getsin. Məsələn, ABŞ bütün dünyada səhiyyəyə ayrılan xərclərə görə, öncüldür. Bu ölkədə adambaşına düşən səhiyyə xərcləri 10 min dollardan yuxarıdır. Amma ABŞ-dan hər il 1 milyon 600 min, bəzən 2 milyona yaxın insan İsrailə, eləcə də Şərq ölkələrinə, Sinqapura, Tailanda, Malayziyaya, Cənubi Koreyaya və s. müalicə məqsədilə gedir. Bu, o demək deyil ki, ABŞ səhiyyəsi bu ölkələrin səhiyyəsindən az inkişaf edib. Xeyir. Bunu heç kim iddia edə bilməz. Məsələ burasındadır ki, adını çəkdiyimiz ölkələrdə tibb xərcləri ABŞ-dan aşağıdır. ABŞ-da könüllü sığorta agentlikləri var ki, vətəndaşlar üçün bu cür səfərlər təşkil edirlər. ABŞ vətəndaşları həm Şərq ölkələrini gəzir, səyahət edir, tarixi yerlərə gedir, həm də ucuz və keyfiyyətli tibbi yardım alırlar. İsrailin özündə səhiyyə turizmi geniş inkişaf edib. Oradakı Qırmızı dəniz duz və yodla zəngindir. Dənizin sahilində müalicə sanatoriyaları var, duzlaşma, ostroxondroz əleyhinə çox effektli müalicə almaq imkanı var. Məsələn, Rusiyadan da xarici ölkələrə, Çinə, Yaponiyaya müalicə məqsədilə gedirlər. Belə bir reallıqda Azərbaycandan deyək ki, 50 minə yaxın insanın, lap olsun 1 milyon, hansısa xarici ölkəyə müalicəyə getməsi normaldır. 9 milyon əhalinin 8 milyonu ki, Azərbaycanda qalır. Sosial təminatı aşağı olan və ya orta təbəqə daha çox İrana gedir. Bir az imkanı çox olanlar yenə də Rusiya və ya Türkiyəyə, varlı təbəqə isə Avropa ölkələrinə, İsrailə gedir. Sanator-kurort istirahəti üçün yenə də Qara dəniz sahillərindəki kurort şəhərlər seçilir. Bunlar faktdır və 50 mindən çox vətəndaşımızın xarici ölkələrə müalicə məqsədilə getməsində təhlükəli hal yoxdur. Amma bizi düşündürən, ölkə xaricinə çıxan vətəndaşlarımızın üzləşə biləcəkləri çətinliklərdən nə dərəcədə sığortalanmalarıdır. Bilirik ki, bəzən soydaşlarımız xarici ölkələrdə fırıldaqla qarşılaşırlar, çətin duruma düşürlər, bəzən əvvəlcədən danışılan məbləğdən artıq pul tələb olunur, eləsi olur, qalmağa yer tapmır, bəzən, Allah uzaq eləsin, ölüm halları baş verir ki, meyitin ölkəyə gətirilməsində böyük çətinliklə üzləşirlər. Klinikalar meyitin təhvil verilməsini gecikdirir, insanlar yad ölkədə ağır duruma düşürlər. Bu yaxınlarda İran klinikalarından birində vəfat edən körpənin ailəsinin başına nələr gəldi... Bundan başqa, tibbi prosedurlar uzananda vətəndaşların ölkədə qalmaq müddəti başa çatır, viza problemi yaranır, məcbur olurlar, geri qayıdıb, təkrar İrana getsinlər və s. bu kimi çətinliklərin önlənməsi məqsədilə təklif edirik ki, ya Səhiyyə Nazirliyi, ya da Mədəniyyət və Turizm Nazirliyi nəzdində səhiyyə turizmi şöbəsi yaradılsın. Hansısa xarici ölkəyə müalicə məqsədilə getmək istəyən vətəndaşlarımız bu şöbəyə müraciət etsinlər, qeydiyyata düşsünlər, ola bilər, müəyyən müqavilə şərtləri də olsun, rahat, sığortalanmış, təminatlı bir şəkildə səfər etsinlər. Bu şöbə vətəndaşlar üçün klinikaları, uyğun sahə üzrə həkimləri də əvvəlcədən müəyyənləşdirə bilər. Hətta xidmət haqqında, qiymətlərdə endirimlər də edilər. Bunun üçün ölkələr arasında səhiyyə əməkdaşlığına dair müqavilələr də imzalana bilər. Belə olarsa, bir problem yarananda da dövlət vətəndaşının arxasında dayanar, dövlət təminatını həyata keçirər. Bu işlə özəl şəkildə məşğul olunacaqsa, o zaman həmin şirkət rəsmi qaydada lisenziya almalıdır. Təsəvvür edin ki, dünyada səhiyyə turizmi ən gəlirli sahələrdən hesab olunur. Səhiyyə turizmindən ildə 600 milyard dollar gəlir əldə edilir. Bizdə də dövlət bu sahəni nəzarətə götürməli və koordinasiya etməlidir. Azərbaycan özü də səhiyyə turizmindən gəlir əldə edə bilər. Bizim Naftalan vannalarının dünyada misli-bərabəri yoxdur. Palçıq vulkanları, duz gölləri nə qədər xəstəliyin şəfasıdır. Naxçıvanda duz mağaraları var ki, tənəffüs yolları xəstəliklərinin, revmatizmin dərmanıdır. Xəzər dənizinin havası, günəşi, qumluqlar...

Bizdə də bu sahə inkişaf etdirilməlidir.

"Bəs, səhiyyə turizmi şöbəsi yaradılarsa, bu, vətəndaşların xaricə səfərlərinə süni əngəl yaratmayacaq ki” sualına cavabında millət vəkili qeyd etdi ki, heç bir əngəldən söhbət gedə bilməz. Belə bir şöbə məhz müalicə məqsədilə vətəndaşların xaricə səfərlərinə nəzarət məqsədilə yaradılmalıdır:

- Vətəndaşların qarşısına belə bir şərt qoyulmur ki, mütləq səhiyyə turizmi şöbəsinə müraciət etsinlər. İnsanlar azaddır və hər bir vətəndaşın tibbi xidmət üçün istədiyi ölkəni seçmək hüququ var. Sadəcə, bu şöbə fəaliyyətini elə qurmalı olacaq ki, vətəndaşlar özləri rahatlıqları və təminatları üçün ora müraciət etsinlər. Dövlət tərəfindən zəmanətli səfər etmiş olsunlar. Belə bir qurumun yaradılması ilə vətəndaşlarımıza dövlət təminatını verə bilərik.

Məlahət Rzayeva