Azərbaycandan qüsurlu uşaqları xaricilər övladlığa götürür

Çünki Avropada belə ailələrə imtiyazlar daha artıq olur, dövlət o uşağın müalicəsini üzərinə götürür




2015-ci ilin birinci yarısında əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən 9 azərbaycanlı uşaq övladlığa götürülüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, övladlığa götürülən 9 uşaqdan 2-si qız, 7-si isə oğlandır. Statistika Komitəsindən həmin uşaqlardan neçəsinin fiziki qüsurlu olması haqqında məlumat verilməsə də, deyilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilən uşaqlar əvvəlcə Azərbaycan ailələrinə göstərilən və bəyənilməyən uşaqlar olur. Onların əksəriyyəti isə fiziki qüsurlu uşaqlar olur. Onda belə çıxır ki, əcnəbilərə qüsurlu uşaq da qəbuldur, təki uşaq olsun?!

Qeyd edək ki, valideyn himayəsindən məhrum olan uşaqların övladlığa verilməsi çox həssas və məsuliyyətli prosesdir. Hələ ola ki, uşağın xaricə, əcnəbi ailəyə verilməsi məsələsi ola. Bu iş məsuliyyətlə yanaşı, vicdan, humanizm kimi insani keyfiyyətlərin yanında başqa prosedurlar, qanunvericilik aktları, normativ sənədlər gərəkdirir...

Bəs, xaricə övladlığa verilən uşaqların sonrakı taleyi necə izlənir?

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov deyib ki, xarici ölkələrdə doğum faizi ildən-ilə aşağı düşür. Rusiya kimi ölkələrdə demoqrafik proses sürətlənib, evlənən azdı, ailələr körpə dünyaya gətirmək istəmir. Bu da rus millətinin getdikcə azalmasına aparır. Bunun qarşısını almaq üçün Rusiya hökuməti bir sıra tədbirlərə əl atır, onlardan biri də gənc ailələrin yüksək maddi təminatıdır. Qazaxıstanda da bilirsiniz ki, çoxuşaqlı ailələrə imtiyazlar edilir. Bunlar hamısı demoqrafik prosesi lazımi axara salmaq üçündür. Avropa, Amerikada da eyni vəziyyətdir. Məsələn, bu ölkələrdə övladlığa uşaq götürən ailələrə daha çox imtiyazlar var. Eləcə də əgər qüsurlu körpə övladlığa götürülübsə, imtiyazlar daha artıq olur, dövlət o uşağın müalicəsini üzərinə götürür. Bizimkilər qüsurlu körpəni övladlığa götürməkdən ona görə çəkinir, çünki onu müalicə edib-edə bilməyəcəklərinə ümidli olmurlar. Gərək necə imkanlı bir ailə olsun ki, müalicənin xərcini çəkə bilsin. Hər adam buna ürək eləməz. Digər tərəfdən, Avropa ölkələrində övladlığa uşaqgötürmə üçün növbələr var. Ailələr illərlə növbə gözləyir. Doğum faizi aşağı olduğundan körpələrin sayı da azdır. Orda qanunlar da sərtdir. Bunu nəzərə alaraq ailələr çalışır digər ölkələrdən övlad "əldə etsinlər”. Çünki buna görə dövlət onlara imtiyazlar verir. Əsas məqsəd ailələrin və əhalinin sayını bu yolla artırmaqdır”.

Liqa rəhbərinin sözlərinə görə, əsas məsələ körpələrin övladlığa verilməsi prosedurunda şəffaflığın nə dərəcədə təmin edilməsidir. Övladlığa götürmə ilə bağlı komitənin internet saytı varmı və oradan bütün lazımi məlumatları əldə etmək mümkündürmü? Komitə deyir ki, qüsurlu uşaqlar əvvəlcə Azərbaycan ailələrinə təklif edilib. Kimlərə təklif edilib, onların adı varmı? Bəlkə heç etməyiblər. Hər körpənin, hər uşağın körpələr evi, uşaq evində dosyesi olmalıdır. Uşaq haqqında bütün məlumatlar orada yerləşdirilməlidir. Bəlkə sabah bu uşağın bir qohumu, doğması üzə çıxdı. Öz uşağını necə axtarıb tapacaq. Bunu öyrənmək istəsək də, heç nə əldə edə bilməyəcəyik, çünki proses kifayət qədər şəffaf aparılmır: "Bizi düşündürən həm də budur; öz taleyini bəlirləmək iqtidarında olmayan, Azərbaycanda azərbaycanlı kimi dünyaya gəlmiş məsum körpələrin gələcəyini Fransa, yaxud ABŞ vətəndaşı olaraq təyin etmək, onlara Vətən "seçmək” haqqımız varmı?! Halbuki nə sağlamlıq, nə təhsil, nə də yaxşı güzəran haqqı Vətən və vətəndaşlıq haqqından heç də üstün deyil”.

Liqanın xaricə övladlığa verilən uşaqların sonrakı taleyi ilə maraqlanmaq imkanlarının olmadığını deyən Y.Bəkirov bu uşaqların taleyindən narahat olduqlarını bildirib: "Məsələ ondadır ki, xarici vətəndaşa övladlığa verilən uşaqlarımızla bağlı problem bir sıra digər ölkələrdə olduğu kimi Azərbaycanda da aktualdır. Uşaqların övladlığa verilməsilə əlaqədar Haaqa Konvensiyası var. Orada qeyd olunur ki, uşağı başqa ölkənin vətəndaşına övladlığa verən dövlətin həmin uşaq üzərində nəzarəti olmalıdır. Yəni dövlət həmin uşağın gələcək taleyi barədə maraqlanmalıdır. Ölkəmizdə bu işlə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi məşğul olur. Həmin uşaqların gələcək taleyinə də məhz sözügedən komitə nəzarət etməlidir. Eyni zamanda komitə xaricə verilən uşaqlara nəzarət prosesini şəffaf şəkildə həyata keçirməli, uşağın vəziyyəti barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalıdır ki, cəmiyyət də bundan xəbərdar olsun. Bu yolla cəmiyyət xaricə övladlığa verilən uşağın hansı vəziyyətdə yaşadığından məlumatlı ola bilər. Amma təəssüf ki, sözügedən komitədə uşaqların sonrakı taleyilə maraqlansalar da, bu barədə ictimaiyyət məlumatlandırılmır. Bu isə onu göstərir ki, həmin uşaqların sonrakı taleyilə bağlı nəzarət prosesi də məxfi saxlanılır. Amma düşünürəm ki, proses şəffaf şəkildə olsaydı, xaricə verilən uşaqların hüquqları daha da yüksək səviyyədə müdafiə olunmuş olardı”.

Şəymən