İlham Əliyevin Ankara səfəri bütün gərginliyi aradan qaldıracaq - Mehman Əliyev

  • "Məncə, problem uzun müddət gündəmdə qalmayacaq. Bunun üçün dövlətin iştirakı və konkret dəstək mexanizmləri olmalıdır. Hazırda isə belə bir yanaşmanın mövcudluğu görünmür"

Azərbaycan və Türkiyə arasında son dövrlərdə ictimai müstəvidə yaranan gərginlik və qarşılıqlı müzakirələr fonunda Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi etməsi, iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından diqqət çəkən hadisədir. Telefon danışığı zamanı dövlət başçılarının Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə etməsi, eləcə də Ərdoğanın İlham Əliyevi Türk Dövlətləri Təşkilatının Ankarada keçiriləcək 13-cü Zirvə Görüşünə dəvət etməsi strateji müttəfiqliyin davam etdirilməsinə verilən önəmi göstərir. Prezident Ərdoğanın Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə etməsi, eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini çatdırması iki ölkə arasındakı siyasi dialoqun davamlı xarakter daşıdığını nümayiş etdirir. Mövcud ictimai müzakirələr və fikir ayrılıqları fonunda bu təmasın münasibətlərdə yarana biləcək əlavə gərginliyin qarşısının alınması və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Tanınmış jurnalist Mehman Əliyev Sherg.az-a bildirib ki, Azərbaycan və Türkiyə arasında hansısa bir problem yoxdur:

“Məsələn, bu yaxınlarda Türk Dövlətləri Parlament Assambleyasının iclası keçirilmişdi və bizim parlamentin sədri də orada iştirak etmişdi. Yəni, başqa istiqamətlərdə də danışıqlar gedir, əlaqələr var. Dövlət səviyyəsində qarşılıqlı ittihamlar olmayıb. Bu, daha çox ayrı-ayrı ictimai təşkilatlarla bağlıdır. Mən deməzdim ki, türk toplumunun mövqeyi var. Mövqelər kifayət qədər fərqlidir. Azərbaycan toplumunun özündə də fərqli yanaşmalar var. Məsələn, biz hicabdan danışırıqsa, bizim özümüzdə də daxildə fərqli-fərqli yanaşmalar var. Türkiyədən də, ya başqa ölkələrdən də ola bilər ki, münasibət fərqli olsun. Lakin bu o demək deyil ki, dövlət səviyyəsində ciddi bir qarşıdurma yaranıb. Mən hesab edirəm ki, İlham Əliyev Ərdoğanın təklifini qəbul edərək Ankaradakı zirvə toplantısında iştirak edəcək. Çünki Türkiyə ilə bizim münasibətlərimiz uzunmüddətlidir. Biz görürük ki, ildən-ilə ölkələr arasında olan sərhədlər və s. istiqamətlər yavaş-yavaş aradan götürülür. Vahid bir miqrasiya, vahid hava hücumundan müdafiə, ordu , təhlükəsizlik sistemi yaranır. Digər tərəfdən şəxsi münasibətlər vacibdir və ortada belə münasibətlər var. Ərdoğanla Əliyev arasında heç bir problem yoxdur. Üçüncü məsələ odur ki, toplantıya Orta Asiyanın türk dövlətlərinin rəhbərləri gələcəklər. Oraya getməmək çox yaxşı bir hal olmaz. Ona görə də mütləq Azərbaycan rəhbəri Ankaradakı zirvə toplantısında iştirak edəcək. Həmçinin müəyyən ictimai gərginlik var. Mən deyərdim ki, bu səfər gərginliyin yumşaldılması üçün də mühim addım olacaq.

 Ekspert qeyd edib ki, noyabrın 11-də Türkiyədə COP31 olacaq və orada iştirak edəcəklər:

“Azərbaycan COP29-u keçirib, Türkiyə prezident səviyyəsində iştirak edib. Ona görə də biz mütləq orada olmalıyıq. Mən hesab edirəm ki, burada problem yoxdur. Əksinə, tədbirlər, görüşlər məhz ictimai gərginliyi aradan qaldıracaq. Həmçinin nəzərə almaq lazımdır ki, türk dövlətlərinin hamısında hamısında məktəblərdə hicabın örtük kimi istifadəsinə çoxdan qadağa qoyulub. Azərbaycan da onlardan biridir. Baş tutacaq səfərlər isə gərginliyi azaldacaq, ölkələri yaxınlaşdıracaq . Digər tərəfdən dövlət bu işə qarışmır.

Məncə, problem uzun müddət gündəmdə qalmayacaq. Bunun üçün dövlətin iştirakı və konkret dəstək mexanizmləri olmalıdır. Hazırda isə belə bir yanaşmanın mövcudluğu görünmür.

Ərdoğan da elə-belə zəng etməyib. O, dəvət edib, mövqeyini bildirib və s. İndi nə danışıq olub, biz axı dəqiq bilmirik. Amma şəxsi görüş olacaq, məsələlər çözüləcək. Cəmiyyət əslində bir bayraq kimi idi. Bayraq hansı tərəfə əsirsə cəmiyyət də ona uyğunlaşır. Ona görə də bu zəng və gözlənilən təmaslar ictimai fikrin formalaşmasına müəyyən bir impuls verəcək”.