Mart soyqırımı milli mətbuat səhifələrində
O müdhiş günlərdə Azərbaycan mətbuatı da özünün ən ağır zamanını yaşayıb
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 20 ilə yaxındır 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu ərəfədə ölkənin ictimai-siyasi həyatında, həmçinin kütləvi informasiya vasitələrində 31 mart soyqırımı həqiqətləri, həmin günlərdə yaşanan faciələr baş mövzunu əhatə edir. 31 mart hadisələri barədə tarixi mənbələri araşdırdıqda məlum olur ki, o müdhiş günlərdə Azərbaycan mətbuatı da özünün ən ağır zamanını yaşayıb.
Milli mətbuat nümunələri qapadılıb, ziyalılarımız, jurnalistlər təqiblərə məruz qalıb, erməni-bolşevik birliyi Vətənimizə qarşı qara təbliğat maşınını işə salaraq həqiqətlərin üzə çıxmasını əngəlləməyə çalışıblar.
Bununla belə Azərbaycan mətbuatı, özünün fədakar, yurdsevər və millətsevər qələm sahiblərinin, ziyalılarının səyi ilə tarixi həqiqətləri yaymağı bacarıblar.
31 mart soyqırımının ildönümü günlərində milli mətbuatımızın erməni daşnaklarının törətdiyi qətliamlar barədə yazdıqlarına və necə əks-təbliğat işi apardıqlarına elə həmin dövrün mətbu orqanlarının səhifələrindən baxmağı lazım bildik.
Hədəfə alınan milli mətbuat
Mart soyqırımında Azərbaycan milli mətbuat orqanları, mətbəələr və jurnalistlər hədəfə alındı.
İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə” adı ilə çıxış edən quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni” yandırdı, "Açıq söz”, "Kaspi”, "Baku”, qəzetləri redaksiyaları dağıdıldı, "Təzə pir” məscidinin minarələri isə top atəşi ilə dəlik-deşik edildi.
"Azərbaycan” qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən birində "Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyəti təsvir edilir. 1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq Azərbaycan dilli mətbuat orqanlarının fəaliyyət göstərməsinə baxmayaraq, qətliamdan sonra yalnız "Hümmət” və "Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu. "Açıq söz”, "Bəsirət”, "İstiqlal”, "El həyatı” və başqa Azərbaycan dilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf edir.
O zaman Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat bürosunun qərarı ilə "mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. "Kaspi”, "Bakı”, "Bakinets”, "Vesti Baku”, menşeviklərin "Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu. Tiflisdə nəşr olunan Azərbaycan dilli mətbuat orqanlarını çıxmaq şərtilə, Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-i, Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı.
"Azərbaycan”, "Hümmət”... nə yazırdı
31 mart soyqırımının o zamanın mətbu orqanlarında işıqlandırılmasına dair araşdırmaçı-jurnalist Ülviyyə Tahirqızının dəyərli məqaləsi var. Xanım jurnalist məqaləsində 1918-ci il mart hadisələrinin milli mətbuat səhifələrində necə işıqlandırıldığından yazır:
"Azərbaycan” qəzeti 1919-cu ilin martın 31-də 147-ci sayında "Mart hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqaləsində Şaumyan, Saakyan və Arekyanın rəhbərlik etdikləri dəstənin Bakıdan öncə Şamaxıda qırğınlar törətdiklərini və bu xəbərin Bakıda təşviş yaratdığını yazır:
"Martın 16-da xəbər gəldi ki, bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda qabaqlarına gələn müsəlman kəndlərini, o cümlədən Ağdərə, Novxanlı, Qarxunlu kəndlərini qarət edib müsəlmanları qırırlar”.
Martın 17-də Bakıya xəbər çatır ki, Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı, ermənilər təşkil edib. "Azərbaycan” qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir:
"Şamaxı mahalına bir qitə göndərilib, əhali məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub”.
"Hümmət”in "Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunur ki, 17 yaşından 50 yaşınadək olan Şamaxı erməniləri bolşeviklərin Qırmızı Ordusunun tərkibinə qatılmışdılar. Vəziyyətin acınacaqlı olduğunu qəzet bu şəkildə təsvir edir: "Şamaxı şəhəri bütünlüklə yanıb”. Erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı (1653 qadını, 965 uşağı, 618 kişini), Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişdilər.
Bir il sonra 31 mart qırğını haqqında M.Ə.Rəsulzadə "Azərbaycan” qəzetinin 31 mart 1919-cu il tarixli sayında yalnız və yalnız milli qırğın niyyəti ilə törədildiyinə işarə edərək yazırdı: "Bu nöqteyi-nəzərdən şaumyanların Bakıda çıxartdıqları hadisə leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinfi hərb nami altında milli bir qəttal, bir qətliam icra olunurdu”.
"XX əsrdə dinclik və rahatlıq barədə düşünmək olmayacaq. Bir qovğa qurtarmamış, ayrı bir inqilab başlayır, siyasət aləmi günbəgün dəyişir”. "İrani-nov” qəzetinin 26 avqust 1909-cu il tarixli sayında yazılan bu fikrin müəllifinin nə qədər müdrikcəsinə bir fikir söyləməsini elə XX əsr özü təsdiqlədi.
Qara təbliğat...
O günü Məhəmməd Əmin Rəsulzadə "Unudulmaz faciə” adlı məqaləsində belə xatırlayırdı: "...Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi. O gün, o qətl, o öldürüş bizə, biz türklərə bağlanmış idi. O gün biz müsəlmanlara elani-hərb eləmişlərdi”.
1918-ci ilin 31 martına qədər olan əhval-ruhiyyəni Əhməd bəy Ağaoğlu "Bakı hadisələri haqqında həqiqət” sərlövhəli məqaləsində çox geniş və ətraflı təsvir edir: "Bakı qırğını ətrafında təşkil olunmuş təbliğat bütün gözlənilən hədləri aşıb keçmişdir. Yalnız bizim rus mətbuatı deyil, əcnəbi mətbuat da hər gün ən qərəzli, kobud və misli-bərabəri görünməmiş məqalə və xəbərlərlə, "işıqlandırılan” və "aydınlaşdırılan” yazılarla doldurulurdu. Təbliğata rəhbərlik edən "bacarıqlı əllər” bütün vasitələrdən istifadə edərək nə yolla olursa olsun, müsəlmanları başkəsənlər və soyğunçular kimi qələmə verməkdə idi. Qırğından bir neçə həftə əvvəl şəhərdə həyəcan və təşviş doğuran şayiələr dolaşmağa başladı. Şayiələr isə günü-gündən daha da geniş yayılaraq artıq həqiqi təşviş doğururdu. Camaat arasında gəzən şayiələrdə bunu iki erməninin - zənginlərdən Balabəy Lazarevlə Çaxmaqsazovun iblisanə əməlləri ilə əlaqələndirirdilər. Doğrudan da ermənilərlə müsəlmanlar arasında qırğın başlandı. Əvvəlcə bir erməni bir müsəlmanı öldürdü. Müsəlmanlar həmin ermənini təqib etməyə başladılar. O isə daha bir müsəlmanı öldürdü, bir başqasını yaraladı və açıq şəkildə bildirdi ki, bundan sonra yenə də müsəlman öldürmək fikrindədir. Bundan sonra bir müsəlman qatil ermənini güdərək başından böyük sözlərinə görə onu qətlə yetirdi. Ermənilər bu öldürülən üçün təntənəli dəfn mərasimi düzəldib qəbiristanlıqda nitqlər söylədilər, ailəsi üçün böyük məbləğdə pul topladılar. Qətli törədən müsəlman həbs olundu. O, istintaq kamerasından qazamata aparıldığı zaman yolda konvoydakı erməni əsgərlər tərəfindən öldürüldü. Deyirdilər ki, Lalayev bu əsgərləri pulla ələ alıbmış. Onlar məhbusu erməninin heyfini almaq üçün öldürmüşdülər”. 1918-ci ildə faciədən bir neçə gün əvvəl çap olunmuş mətbu orqanlar həmin dövrü çox dəqiq ifadə edir.
Birliyə çağıran qəzetlər
Qəzet yazıları göstərir ki, faciənin baş verməsini dövrün qələm əhli əvvəlcədən görürmüş: "Dəhşətli saət gəlir, birlik gərək”, "Birlik tələb olunur”, "Birləşmək gərək”, "İttihad gərək” şüarları ilə çap olunan məqalələr əqidəsindən asılı olmayaraq hər kəsi milli birliyə çağırırdı. 1905-1906-cı ildə erməni-müsəlman hadisələri zamanı Üzeyir bəy "Molla Nəsrəddin” jurnalında "Bizim xilasımız milli birlikdədir” deyə müsəlmanları birliyə, düşmənə qarşı mübarizədə birləşməyə var qüvvəsi ilə çağırırdı.
Sənətulla Eynullayevin "S.İbrahim” imzası ilə yazdığı "Dəhşətli saət gəlir, birlik gərək!” sərlövhəli məqaləsi bu faciədən (15 mart 1918-ci) cəmi üç gün qabaq "Açıq söz” qəzetində çap olunub. Müəllif kimliyindən hansı partiyanın, cəmiyyətin üzvü olmasından asılı olmayaraq hamını milli birliyə çağırır. Xüsusən də o zaman hakimiyyətdə olan bolşevik partiyasının üzvü olan azərbaycanlı ziyalıları. Çünki onlar arasında bu məsələyə münasibət də müxtəlif idi. Onlar bu işə rus və erməni bolşeviklərinin nöqteyi-nəzərindən yanaşırdılar.
Əhməd bəy Ağaoğlu məqaləsində bu haqda yazırdı: "Cəmiyyətin ziyalı təbəqəsi əvvəlcə şayiələrə heç bir əhəmiyyət vermirdi, sadəcə gülür və elə düşünürdülər ki, bu yalnız ictimai diqqəti fevralın 19-na təyin olunmuş fəhlə nümayişlərindən yayındırmaq məqsədi ilə işə salınmış vasitədir. Lakin cəmiyyətin aşağı təbəqələri bərk narahatlıq keçirir və əsəbiləşirdi”.
Üzeyir bəy Hacıbəyli "Andranikin məsələsi” adlı məqaləsində belə acıqlanır: "Quran oxumaqla donuz darıdan çıxmaz. Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu öylə möhkəm bir vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanların müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin”.
18 mart 1918-ci il. Bakıda bütün mətbuatın nəşr edildiyi son gün. Həmin günü çap olunan mətbu orqanlarında çap edilmiş məqalələrdən bəlli olur ki, artıq Bakıda psixoloji gərginlik son həddə çatmışdır, ermənilər anbarları silahla doldurmuş və Türkiyədəki erməni quldur dəstəsinin məşhur başçısı Androniki Bakıya çağırmışlar.
Beləliklə, fürsəti əldən verməyən Rus Milli Şurası və Şaumyanın rəhbərliyi ilə təpədən-dırnağa silahlanmış ermənilər və rus bolşevikləri mart ayının 30-da saat 16:40 radələrində müsəlmanlara qarşı soyqırıma başlamışlar. Üç gün ərzində, yəni martın 30-u, 31-i və aprelin 1-də erməni və bolşevik-rus qoşun hissələri Bakıda sözün əsl mənasında milli qırğın həyata keçirdilər.
Dövri mətbuat bu haqda yazırdı: "1918-ci il martın 30-31-i və aprelin 1-də gecəli-gündüzlü qırğında 10.000-dən artıq azərbaycanlı öldürüldü. Azərbaycanlılara məxsus olan dükanlar, mağazalar qarət edildi, evlərə atəş açıldı. Türk qadınları vəhşətcəsinə saç-saça bağlanaraq, çılpaq gəzdirildikdən sonra caniyana şəkildə təcavüzlər, öldürülmələr və daha başqa cinayətlərə... məruz qaldılar. Təcavüzlər bununla da bitmədi. Sonrakı günlərdə bu qırğın Şamaxıda, Qubada, Lənkəranda, Muğanda davam etdirildi. 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yüz minlərlə günahsız əhalini didərgin salmışlar. Uşaqları, qocaları və qadınları daha amansız işgəncələrlə qətlə yetirirdilər. Əvvəl əllərini, qulaqlarını kəsir, gözlərini çıxarır, sonda isə başlarını kəsirdilər. Təkcə Bakıda 30 minə yaxın soydaşımız qanına qəltan edilmişdir. 7 minədək adam, o cümlədən 1653 qadın, 965 uşaq öldürülmüş, Quba qəzasında 122 müsəlman kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox Zəngəzur qəzasında 115 müsəlman kəndi vəhşicəsinə dağıdılmış, əhalinin xeyli hissəsi qılıncdan keçirilmişdir. İrəvan quberniyasında 211, Qars vilayətində 82 müsəlman kəndi yandırılmışdır və s.”.
Yazılanlardan görünür ki, o dövrün ziyalıları xalqımızın üzərinə gələn təhlükəni görür və ictimaiyyəti məlumatlandırmağa çalışırdılar. Həmin illərdə yazılan məqalələrdə qaldırılan məsələlər bu gün də aktuallığını saxlayır. Düşmənin istər silahlı, istərsə də söz hücumları zamanı mətbuatın hansı vəzifəni daşımalı olduğunu həmin məqalələrdə görmək mümkündü. Yaşadığımız faciələr, qətliamlar, qırğınlar, yaxşı ki, yazılıb, tarixin qalın qatlarına həkk olunub. Azərbaycanın hazırkı müstəqil mətbuatı ondan lazımi dərs ala bilər.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb