Oljas Süleymenov Azərbaycanı LATINLA “vurdu”

Firudin Cəlilov: “Kiril hərflərinin türk xalqlarına vurduğu ziyanı da heç nəylə müqayisə etmək olmaz”


Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikasına keçid qərarı bu ölkədə birmənalı qarşılanmır. Məşhur qazax şairi, yazıçı-linqvist və politoloq Oljas Süleymenov da latın qrafikasına keçidin əleyhdarları arasında səf tutanlardandı. Azərbaycan insanı Oljas Suleymenovu "Az və Ya” (rusca "Az i Ə) poeması ilə tanıyıb və onun dərin biliyə malik türkoloq olduğunu bilir. İndi məhz həmin o Oljas Süleymenov Qazaxıstanda rus dilində nəşr olunan "Karvan” ("Karavan”) qəzetinə müsahibəsində kiril əlifbasından imtinanı doğru saymadığını və bunun lazımsız bir addım olduğunu deyib.

"Karvan” qəzetinin 12 may 2017-ci il tarixli sayı bu günlərdə Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə baş tutmuş Türk Ölkələri Jurnalistlərinin Forumunda iştirak etmiş "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vasitəsilə əlimizə keçdi. Baş redaktorumuz qəzet səhifələrində Oljas Süleymenovun latın qrafikasına keçidlə bağlı müsahibəsini görüb qəzeti Bakıya gətirmək qərarına gəlib.
Müsahibədə O.Süleymenov kiril əlifbasının qazaxların həyatında oynadığı roldan başlamış latın qrafikasına keçidin hansı ziyanları ola biləcəyindən danışır, eyni zamanda sovetlər birliyi dağıldıqdan sonra kirildən imtina edən keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda bu prosesin gedişatından danışır. Oljas Süleymenov müsahibəsində müzakirə üçün xeyli maraqlı fikirlər səsləndirib:
- Görürəm ki, ayrı-ayrı ziyalılarımız Prezidentimizi bu ideyanı həyata keçirməyə təhrik edir. Həmçinin, mən qazaxlar üçün kiril əlifbasının hansı əhəmiyyət daşıdığı və 1929-30-cu illərdə latın əlifbası bizim üçün nə idi izah edən bir ziyalı belə görmürəm. Özbəkistanda, Azərbaycanda və bir çox başqa ölkələrdə 25 il əvvəl latın qrafikasına keçdilər, SSRİ və Rusiya imperiyasından tələsik uzaqlaşmaq üçün. Bəs indi biz nə görürük? Özbəkistanda latın qrafikası formal xarakter daşıyır, ancaq qəzet başlıqlarında görünür. Əsas mətnlər isə yenə də kiril əlifbasıyladır. Çünki camaat latın qrafikasını oxumur. Türkmənistanda da eyni vəziyyətdir, Azərbaycanda isə qismən (?! - M.R). Hərçənd, Azərbaycan dili Türkiyə türkcəsinə çox yaxındır və onlar (yəni Azərbaycan - red.) sadəcə Türkiyə əlifbasını əsas olaraq götürüblər. Amma onsuz da, mənim azərbaycanlı şair dostlarım kirillə yazır (Bu şair-dostlar kimdir, çox maraqlıdır - M.R.). Ona görə də mən hesab edirəm ki, bu məsələdə - latın qrafikasına keçiddə tələsmək gərəkməz.

Mən kiril hərflərinin də, latın qrafikasının da tarixini bilirəm.

Daha sonra O.Süleymenov tarixə baş vurur, Xəzərlə Qara dəniz arasındakı Böyük Bulqarıstandan, həmin arealda yaşamış qədim türklərdən və onların yazılı dilindən danışır və bu dilin qədim türk dili, lakin orxon-yeniseydən gəlmə deyil, qıpçaq-bulqar dil qrupuna aid olduğunu deyir. Balkanlarda məskunlaşmış türklərin slavyan xalqları ilə qaynayıb-qarışdığını, xristianlığı və bununla yanaşı yunan əlifbasını qəbul etdiyini, lakin yunan əlifbası türk-slavyan dilinə o qədər də uyğun gəlmədiyindən - incə saitlərin azlığı səbəbindən - əlifbaya bəzi qalın saitlərə qarşılıq incə saitlər də daxil etdiklərini, bu mənada kiril əlifbasının türk dilinə daha yaxın və daha uyğun gəldiyini deyir. "İndiyədək də rus dilində məhz türkcədən keçmə qayda qalmaqdadır - "q” hərfinin önündə incə sait gəlirsə, "q” "j”ya keçir. "Stroqo” - stroje. Bereq - poberejye və s. Kiril əlifbasında həm "ş” var, həm də yumşaq quyruqlu "h” ruslar yerə "zemlya” deyir, qazaxlar "jer”.

Yazıçı qeyd edir ki, o, bütün əlifbanı bu cür aydınlaşdıra bilər. Çünki 20 ildən artıqdır dünyadakı bütün əlifbaları, heroqlifləri araşdırıb. Ona görə də "məsuliyyətlə bildirirəm; kiril əlifbası bizim doğma türk mirasımızdır. Rus əlifbası - bizim ulu babalarımızın dünya mədəniyyətinə bəxş etdiyi dəyərli sərvətdir. Və mən ondan imtinanı qəbuledilməz sayıram.

"Karvan” qəzetinə göndərdiyi məqaləsində də O.Süleymenov qrafika məsələsinə toxunur və burada da Azərbaycanın adını çəkir: "90-cı illərdə latın qrafikasına keçidin ikinci dalğası başladı. Azərbaycan dərhal bu mədəni prosesin içinə daxil oldu. Burada da əsas amil dillərin hədsiz yaxınlığı idi. Atatürkün "kübar cəmiyyət və demokratiya” təliminə Türkiyənin 90-cı illərdəki rəhbərləri Turqut Özal və Süleyman Dəmirəl uyğunlaşdı. Azərbaycanda da bu təlim mərhum Heydər Əliyevin, ondan sonra isə Prezident İlham Əliyevin dəstəyini qazandı. Özbəkistanda və Türkmənistanda isə yeni qrafikaya keçid dərhal yavaşladı. Səbəb, təkcə dil deyildi. İslam Kərimov və Türkmənbaşı yeni Türkiyədən kənarlaşdılar. Hətta yazıçılara İstanbul və Ankaraya səfər etməyi də yasaqladılar. Türkmənbaşı isə söhbətlərinin birində belə demişdi: Kübar cəmiyyət nə deməkdir?! Mən sovet şampanı tanıyıram, amma "svetskoye şampanı” bilmirəm. Hərçənd, o çox gözəl başa düşürdü ki, kübar cəmiyyət (svetskoye obşestvo - red.) dedikdə demokratiya nəzərdə tutulur. Latın qrafikasına keçid ölkələrə nə demokratiya gətirdi, nə qərb elminə yaxınlaşdırdı, amma yaxın qonşularından uzaqlaşdırdı”. O.Süleymenov məqaləsində Qazaxıstanın gələcəyi üçün 3 dilin 2 əlifba sayəsində öyrənilməsini vacib sayır: qazax və rus dili - avraziya - kiril əlifbası və ingilis dili - latın əlifbası.

Azərbaycan türkoloqu, professor Firudin Cəlilov "Şərq”ə açıqlamasında bildirdi ki, Oljas Süleymenovun türk xalqlarına xidmətini heç nəylə əvəzləmək mümkün deyil:

- Oljas Süleymenov dostumdu. Xətrini çox istəyirəm. Onun ötən əsrin 90-cı illərində yazdığı "Az i Ya” kitabı həqiqətən də inqilab idi. Onun türk xalqlarının tarixinə, dilinə etdiyi xidmət əvəzsizdir. Latın qrafikasına keçidi əhəmiyyətsiz sayırsa, bu, onun şəxsi mülahizəsidir. Bilirsiz, əlifba inkişaf üçün deyil. Latın qrafikasına keçiddə əsas məqsəd, qayə o idi ki, türk xalqlarının ortaq əlifbası olsun, türk xalqları biri-birini oxuya bilsin. Kiril hərflərinin bizə türk xalqlarına vurduğu ziyanı da heç nəylə müqayisə etmək olmaz. Kiril əlifbası bir-birimizi oxumağımızı yarım əsrdən də artıq əngəllədi, bununla da türk xalqları biri-birindən uzaqlaşdı, yadlaşdı. 90-cı illərdəki o qalxınma, dəyişiklik bizə imkan yaradırdı ki, ortaq türkcə yaransın və türk xalqları eyni əlifbada yazıb oxuya bilsinlər. Bizim bu gün istifadə etdiyimiz əlifba kiçik fərqlərlə həmin ortaq türk əlifbasıdır.

F.Cəlilov qeyd etdi ki, keçmiş sovet respublikaları arasında latın qrafikasına ilk keçən məhz Azərbaycan olub: 

"Mən Əlifba komissiyasının sədri olmuşam. Və 1991-ci ildə Azərbaycanda latın qrafikalı əlifbaya keçid haqqında qərar verildi. 10 il müddətində qrafika dəyişimi hissə-hissə aparıldı. 2001-ci ilin avqustunda isə mərhum Prezident Heydər Əliyev ölkədə bütünlüklə latın qrafikasına keçidlə bağlı sərəncam imzaladı və artıq əlifba dəyişimi sürətləndi. Yəni, Azərbaycan bu sahədə 20 illik bir təcrübəyə malikdir. Mənə Qazaxıstandan zəng ediblər, məsləhət alıblar, mən də fikrimi bildirmişəm ki, keçid prosesi asan olmur, bu, mərhələ-mərhələ həyata keçəcək bir işdir. Bizdə də belə olub. Əvvəlcə qəzet başlıqları latın qrafikası ilə nəşr olunub. Getdikcə, artıq mətnlər, rəsmi sənədlər latın qrafikası ilə yazılıb, kitablar, dərsliklər nəşr olunub, orta məktəblər, ali təhsil müəssisələri bütünlüklə latın qrafikasına keçib. Yəni, latın qrafikasına keçid kimdənsə uzaqlaşmaq, ya da kiməsə yaxınlaşmaq məqsədi daşımır. Latın qrafikası bizə - türk xalqlarını biri-birini oxumaq, eyni əlifba ilə yazışmaq imkanı yaradır.

O.Süleymenovun "Azərbaycanlı şair dostlarım kirillə yazır” ifadəsinə gəlincə, F.Cəlilov "Oljas düz deyir” söylədi.

Məlahət Rzayeva