Hüquqşünas məqsədəuyğun saymır, millət vəkili isə əsaslı hesab edir
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyəti ölüm hökmünün bərpa edilməsi ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda qeyd olunur ki, BAXCP Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin dövləti cinayətlərə görə ölüm cəzasının tətbiqinə imkan yaratdığını, eləcə də ölkəmizin qoşulduğu "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Konvensiyanın 6 saylı Protokolunun 2-ci maddəsinin "dövlətin müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilməsi” və Azərbaycanın da müharibə vəziyyətində olması faktını nəzərə alaraq, ölüm cəzasının müstəsna cəza kimi bərpa edilməsi təşəbbüsü ilə çıxış edir.
BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisinin Təhlükəsizlik və Müdafiə Komitəsi məsələ ilə bağlı təcili dinləmələr keçirməli, vəziyyət ciddi şəkildə araşdırılmalı və təhlil olunmalıdır.
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında bildirdi ki, ölüm hökmünün bərpasını məqsədəuyğun saymır:
- Azərbaycan Avropa Şurasının üzvü kimi ölüm hökmündən imtina edib. İndi, illər sonra ölüm hökmünü bərpa etmək, məncə, məqsədəuyğun deyil, həmçinin humanizm prinsiplərinə də uyğun olmaz. Azərbaycanın üzvü olduğu Avropa Şurası qarşısında öhdəlikləri var. Ölüm hökmünün bərpası bu öhdəliklərə də tərs mütənasib olardı. Düzdür, Avropa İnsan Hüquqları Konvensiyasında ölüm hökmünün müstəsna cəza kimi tətbiqini nəzərdə tutan maddə var. Amma bu maddə deyildiyi kimi, məstəsna hallar üçün keçərlidir. Müstəsna hal deyildikdə isə soyqırımlar, kütləvi qırğınlara səbəb olmuş hərəkətlər, yüzlərlə, minlərlə insanın həyatı bahasına başa gələn cinayətlər nəzərdə tutulur. Bu faktların təsdiqi üçünsə, illər lazım gəlir. Uzun-uzadı araşdırmalar, təhqiqatlar aparılır və s. Ölüm hökmü ona görə qəbuledilməz sayılır ki, burada məsələ insan həyatıdır.
Belə hallar çox olur ki, ölüm hökmü verildikdən sonra, şəxsin günahsızlığı və ya ölüm hökmünün törətdiyi əmələ qeyri-adekvatlığı üzə çıxır. Belə hadisələr tarixdə var. Ölüm hökmü qüvvəyə mindikdən sonra faktlar üzə çıxır, yenidən istintaq aparılır və məlum olur ki, barəsində ölüm hökmü icra edilmiş şəxs əslində bu cinayəti törətməyib. Amma ölüm hökmü artıq icra olunub. Bu halda həmin insana bəraət verilməsi onun həyatını geri qaytarmır. Belə istisna hallar nəzərə alınaraq ölüm hökmü qəbul edilmir, xüsusilə ağır cinayətlərdə ömürlük həbs cəzası daha uyğun qərar hesab edilir. Doğrudur, bəzən qatı cinayətlər, bir neçə nəfərin ölümünə səbəb olmaq, uşaqlara qarşı cinsi istismar hallarında ölüm hökmünün istənilməsi də hardasa, başadüşüləndir. Çox ağır maddələrlə ittiham edilən şəxslər olur. Amma bu demək deyil ki, bu hallarda mütləq ölüm hökmü tətbiq edilməlidir. Həm də sizə deyim ki, ömürlük həbs cəzası ölüm hökmündən qat-qat ağır cəzadır. Ölüm hökmü bir dəfə icra edilir, amma ömürlük həbsdə məhkum hər gün "ölür”. Ömürlük həbs cəzasına məhkum edilmişlər bəlkə də ölümü arzulayır, çünki ömürlük məhbusların məhbəs həyatı həqiqətən də dəhşətli dərəcədə ağır, dözülməz keçir.
Milli Məclisin deputatı, Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Elman Məmmədov isə "Şərq”ə açıqlamasında bildirdi ki, ölüm hökmü istisna hal kimi bərpa oluna bilər:
- Vətən xainlərinə, xəyanətkara güzəşt olmamalıdır. Mən də bu fikirdəyəm ki, Vətənə xəyanət edən, hər kim olursa-olsun, ölüm hökmü ilə cəzalanmalıdır. Vətən xaininin cəzası ölümdür. Vətən xainləri tarixin bütün dövrlərində ən ağır cəza ilə cəzalandırılıb. Vətənə xəyanət bağışlanmazdır və bağışlanmamalıdır. Təbii ki, ölüm hökmünün bərpasının istəyənlər, Azərbaycanın müharibə şəraitində olduğunu önə çəkirlər və məncə, bu, tamamilə əsaslıdır.
BAXCP-nin bəyanatının MM-in aidiyyətli komitəsində müzakirə olunacağına gəlincə, E.Məmmədov "bunu zaman göstərəcək”, dedi.
Məlahət Rzayeva