Qarabağ problemi mətbuatın əsas mövzusu olmalıdır

Qulu Məhərrəmli: “Jurnalistlər Dağlıq Qarabağ probleminə bir qədər geniş yanaşmalı, erməni təcavüzünü daha çox canlandırmalıdırlar”Məmməd Gülməmmədov: “Elektron mətbuatın əksəriyyəti İP dalınca qaçdığı üçün bəzən çox ciddi mövzular kənarda qalır”
Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri dərindir və bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindən qaynaqlanır, bu, millətə məxsus xüsusiyyətləri əks etdirir. Bunun nəticəsidir ki, beynəlxalq və daxili vəziyyətin imkan verdiyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə ediblər. Bu gün də bunu davam etdirirlər. Qlobal dünyada, informasiya müharibəsi şəraitində erməni təcavüzünün və Azərbaycan reallıqlarının dünyaya çatdırılması vacib amillərdən sayılır. Bu proses çərçivəsində Azərbaycan mediasının üzərinə böyük vəzifə düşür.
Sovet dönəmində Azərbaycanda müstəqil informasiya resurslarının mövcud olmaması 20 Yanvar faciəsinin və sonrakı dövrdə xalqımıza qarşı törədilən digər ağır cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını xeyli çətinləşdirirdi. Azərbaycanın informasiya blokadasına alınması Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ermənilərin törətdikləri qanlı cinayətlərin ört-basdır edilməsilə nəticələnirdi. Həmin dövrdə müxtəlif xəbər kanalları vasitəsilə dövriyyəyə buraxılan informasiyalar isə daha çox qeyri-obyektivliyi ilə diqqəti çəkirdi. Ermənilər tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri idi. Təəssüflər olsun ki, yenicə müstəqilliyini əldə etmiş Azərbaycan ermənilərin maraqlarından çıxış edən Qərbin və Rusiyanın media nəhənglərinin qarşısında çətin vəziyyətdə qalmışdı. Bir çox hallarda ermənilər özləri törətdikləri vəhşilikləri əks etdirən faktları Qərbdə və Rusiyadakı havadarlarının əli ilə Azərbaycana qarşı yönəldirdi. Azərbaycan jurnalistləri öz qanları bahasına əldə etdikləri informasiyanı, video çəkilişləri yaymaqda belə problemlərlə üzləşirdi. Salatın Əsgərova, Çingiz Mustafayev və sairələri belə jurnalistlərdən idi. Onlar Azərbaycanın informasiya blokadasından çıxarılması üçün dəqiq və obyektiv məlumat toplayarkən erməni gülləsinin qurbanı oldular.
Məhz bu kimi səbəblərdən 90-cı illərin əvvəllərində beynəlxalq ictimaiyyət Qarabağda baş verənlər barədə demək olar ki, ancaq ermənilərin maraqlarına uyğun və əksər hallarda saxta informasiyalarla qidalanırdı. Bu səbəbdən də dünya ictimaiyyətində Azərbaycanın təcavüzkar, işğalçı, vandal obrazı yaranmışdı. Amma daha sonra vəziyyət nisbətən dəyişib. Hazırda ölkəmizdə dünyanın nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir və Azərbaycan KİV-lərinin, media qurumlarının beynəlxalq əlaqələri elə də pis deyil, əksinə, qənaətbəxşdir. Amma bu əlaqə daha çox bir istiqamətdə - Türkiyə ilə qurulub. Lakin dünyanın aparıcı KİV-ləri və media qurumları ilə yaxından əlaqə qurmaq vacibdir. Çünki Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var. Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir.
Hazırkı vəziyyətdə erməni təcavüzünün, Azərbaycanın işğal həqiqətlərinin və ümumilikdə Dağlıq Qarabağ münaqişəsinə aid bütün məsələlərin mediada əks olunmasındakı real vəziyyəti qiymətləndirən ekspertlər də "Şərq”ə açıqlamasında mövcud sahədəki inkişaf və boşluqlara toxunublar.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, media eksperti Qulu Məhərrəmlinin fikrincə, elə saytlar, qəzetlər var ki, Dağlıq Qarabağ mövzusu, erməni təcavüzü onların gündəmindən düşmür. Buna baxmayaraq ümumi götürdükdə bizdə bu, kampaniya xarakteri daşıyır:
"Məsələn, cəbhədə gərginlik oldu, hərbi əməliyyatlar başladı, 5-10 gün danışılır, sonra isə yeni məsələ qalır. Elə düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasını təkcə hərbi əməliyyatlara bağlamaq düzgün deyil. İşğal faktı, erməni təcavüzünün insanların psixologiyasına, ölkə iqtisadiyyatına vurduğu ziyan qaçqın və məcburi köçkünlərlə bağlı problemlər, müharibə məsələsi, düşmən tərəfdə gedən proseslərin, onların mediasının izlənməsi kimi məsələlər qarşıya qoyulmalıdır. Bu istiqamətdə çoxşaxəli fəaliyyət göstərmək mümkündür. Ona görə, hesab edirəm ki, müəyyən sistem olmalıdır və Azərbaycan mediası bununla bağlı müəyyən metodik məsələləri də həll etməlidir. Biz hansı məsələləri, necə yazmalı olduğumuzu dəqiqləşdirməliyik”.
Jurnalistlərin Dağlıq Qarabağ problemlərinin işıqlandırılması ilə bağlı müxtəlif treninqlərdə iştirak edib, mühüm məlumatları öyrəndiyini diqqətə çatdıran Q.Məhərrəmli bunu sistem şəklində işıqlandırmağın vacibliyindən danışıb:
"Digər tərəfdən nəzərə almalıyıq ki, yeni nəsil bir sıra məlumatlardan xəbərdar deyil. Məsələn, küçədə sorğu keçirilir, Azərbaycanın işğal olunmuş rayonlarını soruşduqda bəzən gənclər cavab verə bilmir. Bu isə çoxlarını təəccübləndirir. Lakin bu onun nəticəsidir ki, evdə, televiziyada radioda, qəzetlərdə, sosial şəbəkələrdə və internetdə bu insanlar erməni təcavüzü barədə məlumatlar əldə edə bilməyib. Bununla bağlı hətta bizdə yaxşı proqramçılar, mütəxəssislər də var. Məsələn, Dağlıq Qarabağla bağlı müəyyən kompüter oyunları düzəldib, gənclərin istifadəsinə vermək olar. AMEA-nın tərkibində fəaliyyət göstərən İnformasiya Texnologiyaları İnstitutu bununla bağlı layihələr işləyə bilər. Erməni təcavüzünə, Dağlıq Qarabağ probleminə hərtərəfli yanaşmaq lazımdır. Belə olan halda sözsüz ki, hər bir ölkə vətəndaşı erməni təcavüzündən məlumatlı, məsələlərdən xəbərdar olacaq.
İşğal faktorunun, Dağlıq Qarabağ probleminin mediada işıqlandırılmasına epizodik yanaşdıqda isə çox şey yarımçıq görünür. İnsanların da bu barədə təsəvvürü ziddiyyət yaradır. Bütün hallarda medianın bu cür məsələni diqqətdə saxlaması mütləqdir. Çünki Azərbaycanın bu gün xarici siyasətinin əsasını da Dağlıq Qarabağ problemi təşkil edir. Azərbaycan müstəqilliyinin möhkəmlənməsi, demokratiyanın inkişafı, insan haqları, söz-mətbuat azadlığı, ordunun gücləndirilməsi, iqtisadiyyatın müsbət yöndə inkişafı kimi məsələlər ön planda olmalıdır”.
Professor son dövrlərdə təhlil və geniş araşdırma əsasında yazıların az olmasına da diqqət çəkib. O, bunun səbəbini təhlil mövzularının az oxunması ilə əlaqələndirir:
"Qarabağla bağlı maraqlı statistika, yaxşı mozaik materiallar, insan taleləri haqqında informasiyalar dərc edə bilərik. Bütün bu məlumatları maraqlı formada oxuculara çatdırmaq olar.
Yaxud, bir uşağın taleyindən, qeyri-azərbaycanlı şəxsin həyatından, yaşlı insanın başına gələnlərdən istifadə edib, problemi çatdıra bilərik. Bunun üçün axtarış və peşəkarlıq lazımdır. Belə olarsa, auditoriyanı cəlb etmək, oxucularda maraq yaratmaq da öz yerini tapacaq. Televiziya, radio, media hər hansı problemə diqqəti cəlb etmək, insanları məlumatlandırmaq üçün fəaliyyət göstərməlidir. Bunun üçünsə, mütləq peşəkarlıq vacibdir. Yüksək peşəkarlıq problemin necə çatdırılmasında müşahidə olunur. Həmin "necə” sualının əsasında medianın və bu sahəni araşdıran jurnalistin peşəkarlığı dayanır. Peşəkar jurnalist elə formalar tapır ki, auditoriyanı cəlb etsin. Ona görə, jurnalistlər Dağlıq Qarabağ probleminə bir qədər geniş yanaşmalı, müxtəlif ifadə formaları ilə mediada erməni təcavüzünü daha çox canlandırmalıdırlar”.
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov da erməni təcavüzü və ümumilikdə münaqişə mövzusunun Azərbaycan mətbuatında kifayət qədər işlənilmədiyini düşünür. Həmkarımız hesab edir ki, ölkədə kifayət qədər internet xəbər portalı və saytlar olsa da, dövlət bu mövzuya kifayət qədər həssas yanaşsa da, mövzu əsasən müxtəlif xüsusi günlərdə yada düşür: 
"Bu mövzuya media böyük yer ayırmalıdır. Müntəzəm olaraq təcavüzün tarixi, kökləri araşdırılmalı, tarixçilər, alimlər kütləvi şəkildə bu işə cəlb olunmalı, cəmiyyətə müntəzəm olaraq məlumat ötürülməlidir.
Elektron mətbuatın əksəriyyəti İP dalınca qaçdığı üçün bəzən çox ciddi mövzular kənarda qalır. Bu məsələdə "Ölkə.Az” saytı olaraq müntəzəm surətdə erməni iddiaları, erməni cəfəngiyyatları, saxta erməni tarixi barədə bir çox məqalələri dərc etmişik. Bununla yanaşı, erməni terror qruplaşmaları, onların törətdikləri terror aktlarına da müntəzəm olaraq geniş yer veririk. Biz bu məqalələri işləyəndə hansısa xüsusi təqvim gününü gözləmirik. İstəyənlər saytımızın axtarış bölməsində bu mövzuya aid kifayət qədər araşdırma yazılarla tanış ola bilər”. 
Baş redaktorun sözlərinə görə, digər saytlar da sözü bir yerə qoyub bu mövzuları daim diqqətdə saxlamalıdır. "Tək əldən səs çıxmaz” deyimini xatırladan M.Gülməmmədov bir haşiyə çıxıb: "Ermənilər 1915-ci il soyqırımı barədə saxta iddiaları yüz ildən çoxdur ki, səsləndirirlər. Hətta utanmadan bir muzey də yaradıblar və bütün dünyaya car çəkirlər, qonaqları ora aparırlar. Mən demirəm ki, biz muzey quraq. Yox, bizim kifayət qədər arxiv sənədlərimiz var, bu sənədləri üzə çıxarmaq, dünyaya çatdırmaq lazımdır. Bu işdə isə əsas vəzifələrdən biri milli mətbuatın üzərinə düşür”.
Şəymən
Davamı olacaq...