"Aprel döyüşləri bir daha sübut etdi ki, ermənilər münaqişənin yalnız danışıqlar, sülh yolu ilə həll olunmasını düşünməklə tam yanlış fikirdədirlər”.
Bunu Sherg.az-a aprel döyüşlərinin il dönümü ilə bağlı danışarkən millət vəkili Rauf Əliyev deyib.
O bildirib ki, aprel döyüşləri lazımı məqamda Azərbaycan ordusunun öz sözünü deməyə də hazır olduğunu qətiyyətlə göstərdi:
"Erməniləri işğal altındakı bəzi ərazilərdən qovmaq üçün ən müasir texnika ilə silahlanan ordumuzun texnikasının cüzi hissəsi istifadə olunub. Amma Azərbaycan ordusu aprel döyüşlərində böyük nailiyyətə imza atdı. Aprel döyüşləri bir daha göstərdi ki, Ali Baş Komandanın bir əmri ilə bütün ordumuz hazırdır ki, torpaqlarımızı işğaldan azad etsin. Ermənilər həm texnikada, həm təlimlərdə, həm də ümumi ordu quruculuğunda bizdən geri qaldıqlarını yaxşı bilirlər. Aprel döyüşlərinin nəticəsi o oldu ki, hazırda Cocuq Mərcanlıda böyük işlər gedir. Bu yaxınlarda Qurtuluş gününə yaxın ilk mərhələnin, 50 evin tikintisinin açılışı olacaq. Daha sonra nəzərdə tutulan 100 ev tikilib istifadəyə veriləcək. İnsanlar öz torpaqlarına, doğma evlərinə qayıdacaq, orada 25 ildən sonra həyat canlanacaq. Həyat bununla başlayacaq, uşaqlar dünyaya gələcək, məktəbə gedəcək, infrastruktur hazır olacaq. Bu, o deməkdir ki, ötən ilin aprelindəki döyüş mərhələsi böyük qələbəyə gətirib çıxartdı. İlk olaraq ruh yüksəkliyi yarandı.
Bu gün hamı inanır ki, Azərbaycan ordusu həqiqətən güclüdür, nəinki hərbdə, orduda olan insanlar, zabitlər, bütün Azərbaycan xalqı həmin vaxt vuruşmağa hazır idi. Bu, onu göstərdi ki, xalqın, gənclərin ruh yüksəkliyi bizi daha da inamlı etdi, irəli apardı. Yüksək əhval-ruhiyyə Ali Baş Komandan əmr verəndə hər birimizin torpaqlarımızı işğaldan azad etməyə hazır olduğunu göstərdi. Bu gec-tez olacaq. Baxmayaraq ki, beynəlxalq nizamnamə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurasının qərarları yerinə yetirilmir, bunlar hər biri müvəqqətidir. Vaxt gələcək, ermənilər yalvaracaq ki, düz etməmişik”.
Keçmişə, Azərbaycanın geridə qoyduğu keşməkeşli yollara da toxunan deputat xatırladıb ki, vaxt var idi, Dağlıq Qarabağın harada olması, münaqişənin detalları haqqında məlumatlı belə deyildilər. R.Əliyev diqqətə çatdırıb ki, səlahiyyətli şəxslər əlinə sənədləri götürüb, xaricə gedirdilər, Qarabağın harada yerləşməsini, münaqişə haqqında məlumatları, Azərbaycan torpaqlarının işğal altında olmasını, azərbaycanlıların yaşadıqları ərazilərin talan edilməsini dünyaya çatdırırdılar:
"Amma artıq indi belə bütün dünya bilir ki, Dağlıq Qarabağ ermənilər tərəfindən işğal olunmuş torpaqlardır. BMT Təhlükəsizlik Şurasının qətnamələri ermənilərin işğal olunmuş torpaqlardan çıxmalı olduğunu sübut edir. Əks təqdirdə ordumuz onlara göstərəcək ki, necə çıxmaq lazımdır. Erməniləri onlara ən ağır zərbə vuracaq şəkildə çıxarmağa qadirik. İstənilən halda mən ölkə başçısına inanıram, onun həyata keçirdiyi strateji xətt düzgündür. Həm ordu quruculuğu lazımı səviyyədə təşkil olunub, həm müasir texniki avadanlıq alınır.
Ermənilərin hərbi hissələrində isə köhnə, Sovet dövründən qalan hərbi texnikalardır. Amma Azərbaycanda ən müasir silahlar, raketlər və s. cəmləşib. Ona görə də hərbi potensialımız getdikcə inkişaf edir. Azərbaycanda istehsal olunmuş müxtəlif hərbi texnika buraxılır, sərgilərdə iştirak edir, satılır. Bütün bunlar sübut edir ki, gələcək bizimdir və gələcəkdə ordumuz ermənilərin hamısını torpaqlarımızdan qovacaq”.
Ayyət Əhməd