“15 il işləməyən qadın boşandıqdan sonra necə dolansın?” - Kouçdan ciddi sual

"Azərbaycanda keçmiş həyat yoldaşına maddi dəstək sistemi tətbiq olunmalıdır"

"15-20 il və ya daha uzun müddət ərzində iş həyatından uzaq qalan qadınlar üçün boşanma yalnız emosional deyil, həm də ciddi iqtisadi böhran deməkdir".

"Sherg.az" xəbər verir ki, bu sözləri münasibət və boşanma üzrə kouç Kama Əhməd deyib.

Kouç qeyd edib ki, ona müraciət edən xanımlardan biri 15 ilə yaxın davam edən evliliyi boyunca yoldaşı icazə vermədiyi üçün işləməyib: "Bu müddət ərzində 3 uşaq dünyaya gətirib və həyat yoldaşının yataq xəstəsi olan anasına baxıb. Xanım ali təhsillidir və indi 40- a yaxın yaşı var. O indi dolana bilmək üçün karyerasına sıfırdan başlamalıdır. Qarşılaşdığı əsas maneə yaş və təcrübəsinin olmamasıdır. 

Həyat yoldaşı hər uşaq üçün aliment təklif etsə belə unutduğu bir şey var-qadının iş tapana kimi dolanışığı və itirdiyi iş imkanı. Qadın iş tapana kimi nə ilə yaşamalı, hər hansı bir peşəyə yiyələnmək üçün maddi resursu haradan təmin etməlidir?"

K. Əhməd əlavə edib ki, müasir dünyada bir çox ölkələrdə tətbiq olunan “spousal support” mexanizmi, yəni keçmiş həyat yoldaşına maddi dəstək göstərilməsi məhz bu halların qarşısını almağa xidmət edir:

"Qadın boşandıqdan sonra iş tapana qədər maddi dəstək almadan özünü təmin etməyə çalışmalı və itirdiyi karyerasını sıfırdan bərpa etməli olursa, bu, həm onun, həm də uşaqlarının həyat səviyyəsinə ciddi təsir göstərir. Azərbaycanda da belə mexanizmlərin tətbiqi qadınların boşanmadan sonra həyatlarını davam etdirməsi və iqtisadi müstəqillik qazanması üçün vacib hesab edilə bilər".

Onun sözlərinə görə, bu məsələ yalnız hüquqi deyil, həm də sosial və iqtisadi problem kimi dəyərləndirilməli, qadınların boşanma sonrası iş tapmaq və öz gələcəyini qurmaq imkanları artırılmalıdır:" Təhsilini və karyerasını ailəsinə qurban vermiş insanlar, boşandıqdan sonra öz ayaqları üzərində durana qədər həm maddi dəstək, həm də peşə hazırlığı imkanlarına malik olmalıdırlar".