Öldürməyən qorxunun gücü...

Hər insanın qorxusu var. Hər birimiz nəyisə etməkdən çəkinir, riskdən ehtiyatlanırıq. Kimi paraşütdən tullanmaqdan, kimi qaranlıqdan, kimi təklikdən, kimi də maşında yüksək sürətlə yol getməkdən qorxur. Belə qorxularımız onlarladır. Hər birimiz onları dəfələrlə reallaşdırmağa cəhd etsək də, son anda ayaq saxlamışıq. Hansısa hiss qarşımızı kəsib. Bu, ola bilsin, təhlükəsizlikdən doğan rahatlıqla bağlıdır. Kim lüksdən imtina etmək istər ki? Əlbəttə, kimsə. 

 Fobiyalarımızın fərqli olmasına rəğmən, xatirələri unutmaq bir çox hallarda hər birimizin ortaq qorxusuna çevrilir. Həmin yaşantılar bizi nə qədər incitsə də, ağrıtsa da, əl çəkmək istəmirik. Pişik yumağın ətrafında fırlandığı kimi biz də xatirələrin yan yörəsindən uzaqlaşmağa cürət tapmırıq. Odur ki, bir vaxtlar ruh əkizi olduğumuzu düşündüyümüz, sonradan isə münasibətimizin qəfil bitdiyi və nəyin necə olduğunu indiyədək anlamadığımız insanı xatırladan nə varsa onu zibil qutusuna atmağa çəkinirik. Beləliklə, artıq material telefonumuzun yaddaşı,  lazımsız informasiya isə beynimizi xarab edir. 

 Hər dəfə eyni fotolara baxır, eyni səs yazılarına qulaq asırıq. Silmək, bir dəfəlik xilas olmaq istəyirik, əlimiz gəlmir. Əvəzində daha baxmağımız, dinləməyəcəyimiz barədə özümüzə söz veririk. Hərçənd heç bunu da bacarmırıq. 

 Həmin faylları, eləcə də nömrəsini silə bilməməyimizin səbəbi yenə də rahatlıq axtarışında olmağımızla bağlıdır. Özümüzü komfortda hiss etmək istəyirik. Öz- özümüzə düşünürük ki, nə vaxtsa dözülməz həddə çatanda təbəssümü, səsi ilə sakitləşəcəm. Həmin vaxt başqa bir çıxış yolu olmayacağından qorxuruq. Ən böyük səhvi də elə burada edirik. Çünki insan rahatlığına prioritetə çevirdikcə, əziyyət çəkmək istəmədikcə uduzur, itirir.

 Yadımdadır,  bir dəfə xeyli qorxulu görünən atraksionlardan birinə minməyimi təklif etmişdilər. Razılaşmamışdım. Çəkinmişim. Əlavə həyəcan yaşamaq istəməmişdim. Ancaq ard- arda gələn təkidlərdən sonra könülsüz olsa da, təklifi qəbul etmişdim. Necə möhkəm qışqırdığım hələ də yadımdadır. Rəngim qaçmışdı. Lakin ikinci dəfə yenə- bu dəfə öz təşəbbüsümlə həmin atraksiyona minmişdim. Çünki qorxunu yenmişdim. Demə, qorxudan qaçmaq yox, onun üstünə getmək lazım imiş. Qorxudan qaçdıqca o böyüyür, bizsə adını eşidəndə cılızlaşacaq qədər kiçilirik. Qorxuya sarı getdikcə isə onu ayağımızın altında hiss edirik. 
 Deməyim odur ki, xatirələri unutmaqdan, lazımsız hesab etdiyiniz fotoları, nömrələri silməkdən qorxmayın. Unutmayın, telefonunuzun yaddaşını təmizləmədikcə problem yaranır. Beyin də belədir, artıq informasiyanı qəbul etmir. 

 Bilirəm, dəfələrlə buna cəhd etsək də, alınmayıb. Bəzən vicdan yol verməyib, bəzən ağıl, bəzən ürək. Ancaq hər biri bəhanədir. Hər biri özümüzü aldatmağımızdır. Bu dəfə daha ürəkli olaq. Silək ki, bitsin. Silək ki, öldürməyən qorxunun gücünü anlayaq...

Kənan Novruzov