Tıxac, siqnal səsləri, hərəsi bir tərəfdə dayanmış avtomobillər... Qoşa Qala qapısı önündə qoşa-qoşa düzülmüş nəqliyyat vasitələri...
Söhbət paytaxtın Əziz Əliyev küçəsinin Qoşa Qala qapısı istiqamətindən keçən hissəsidir.
UNESCO-nun ümumdünya irs siyasına daxil edilən bu tarixi abidə indi sözün əsl mənasında avtomobillərə əsir düşüb. Şəhərin turizm yerlərindən biri olan Qoşa Qala qapısını bu halda görmək isə nə turistlərə xoş olur, nə də onları ora gətirən sürücülərin özlərinə.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, tarixi abidənin ətrafındakı yolun tənzimlənməsi haqqında qanun da var. Lakin burada məsələ yolda hər hansı iş görməklə bitməməlidir. Qalanın içərisinə girən avtomobillər barədə də tədbirlər görülməlidir.
Ekspert bildirir ki, bir müddər əvvəl Xaqani bağının və ətrafındakı bir sıra küçələrin avtomobilsizləşdirilməsi, ərazinin piyadaların hərəkəti və istirahət üçün uyğunlaşdırılması layihəsi icra edildi. Nəticədə də müasir şəhər idarəetmə yanaşmasının uğurlu nümunəsi ortaya çıxdı. Görünür Qoşa Qala qapısının ətrafında da bu cür layihənin icrasına ehtiyac var.
Nəqliyyat eksperti Yasin Mustafayev isə “Sherg.az”a bildirib ki, tarixi qoruğların hər birinə fərdi şəkildə yanaşmaq tələb olunur:
“Elə ərazilər var ki, Bakıdan kənardadır və ərazisi böyükdür. Onun içini gəzmək üçün müəyyən nəqliyyat vasitələri tələb olunur. Bəzi qoruqlar isə şəhərin tam mərkəzindədir. Məsələn, İçərişəhər kimi. Artıq orada nəqliyyat vasitələrinin hərəkətinin tamamən məhdudlaşdırılması söhbətin əsasını təşkil edir. Düzdür sözügedən ərazidə yaşayan insanları, iaşə obyektlərini, təcili yardımı və yanğın söndürən kimi vacib məqamları nəzərə alaraq xüsusi icazə ilə bəzi nəqliyyat vasitələrini buraxmaq mümkündür. Ancaq Qədimi və dəyərli ərazini turistlərə açmaq, onların hərəkətini təmin etmək üçün şərait təşkil etməliyik. Yəni belə yerlərdə avtomobillərin hərəkətinə məhdudiyyət vacibdir. Taksilərin və fərdi nəqliyyat vasitələrinin gəlməsinə məhdudiyyət qoyulmalıdır. Hər yaşayış yerinin özünəməxsus xususiyyətləri var”.