İqtisadçı: Azərbaycanda gizli işsizlik geniş yayılıb

"Azərbaycanda rəsmi işsizlik 5%-in üzərindədir".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
"Məşğulluq məsələsi heç vaxt bitməyəcək. Dünyanın ən böyük ölkələrində də işsizlik var. Azərbaycanda rəsmi işsizlik 5 faizin üzərindədir. Məşğulluğun tam şəkildə həll olunacağı məsələsi yoxdur. Bununla bağlı təkmilləşdirmə aparılacaq", - deyə nazir bildirib.

Nazirin fikirlərinə münasibət bildirən iqtisadçı -ekspert Eyyub Kərimli “Sherg.az”a bildirib ki, dünyada işsizliyin tam qarşısını almaq qeyri-mümkündür:          

 "Hətta, inkişaf etmiş ölkələrdə belə, işsizlik iki rəqəmli səviyyədədir. Beləki Amerikada işsizlik 6 faizin üzərində, Avropada isə 4 faizdir. Əslində işsizliyin obyektiv və subyektiv səbəbləri var. Bu o demək deyil ki, iş yerləri yoxdur və ya insanlar iş tapa bilmirlər. Sadəcə olaraq bəzi şəxslər özlərinə uyğun iş tapa bilmirlər. Hətta, işləmək marağında olmayanlar da var. İşsizlik üzrə dünyanın bir çox ölkələrində müavinətlər mövcuddur. Doğrudur, verilən vəsaitin həcmi hər birində fərqli təyin olunub. Fikrimcə, ölkəmizdə rəsmi işsizlik 5 faizdirsə, bunu məqbul rəqəm kimi hesab etmək mümkündür. Təəssüf ki, Azərbaycanda gizli işsizlik geniş yayılıb. Yəni, vətəndaşlar işləyir, lakin rəsmi qeydiyyatda olmurlar. Bu nüans əsasən kənd yerlərində özünü daha qabarıq şəkildə göstərir. Prosses daha çox özəl sektorlarda həyata keçirilir. Həmçinin, inşaat sektorunda qeydiyyatsız işlər görülür. Digər tərəfdən bəziləri kiçik bizneslə məşğuldurlar. Onların adı heç yerdə getməsə də müəyyən gəlirləri var. Bu səbəbdən həmin adamları işsiz kimi saymaq olmaz. Ona görə də bu nöqsanlar aradan qaldırılaraq ciddi uçot sistemi qurulmalıdır. Əmək müqavilələri qeydiyyata salınmalıdır. İşsizliyin isə nisbətən aradan qaldırılması üçün iqtisadiyyat şaxələndirilməli və özəl sektorun fəaliyyəti genişləndirilməlidir".