Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov

Kənardan asan görünən Zəfərimizin arxasında qanı, canı və əməyi ilə tarix yazan minlərlə qəhrəman dayanır. Onların arasında silaha sarılan döyüşçülərlə yanaşı, yaralı əsgərlərimizin həyatını xilas etmək üçün gecə-gündüz çalışan həkimlər də var.

Sherg.az xəbər verir ki, belə qəhrəmanlardan biri də həkim Vasif Abdulla oğlu Məmmədovdur. Türkiyədə uzman həkimlik təhsili alan Vasif Məmmədov Vətən müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və yaralı hərbçilərimizin müalicəsinə qoşulub.

Bakıda doğulub boya-başa çatsa da, özünü Qazaxla bağlı hesab edən Vasif Məmmədov Qazax tarixində ilk uzman həkim kimi tanınır. Vətənə ehtiyac duyulduğu bir vaxtda şəxsi karyerasını və təhsilini ikinci plana keçirən həkim Qarabağ bölgəsindəki hospitallarda yaralı hərbçilərimizin əməliyyatlarında iştirak edib, onların həyatını xilas etmək üçün əlindən gələni əsirgəməyib.

2020-ci ilin isti payızı onun üçün də taleyüklü qərar dövrü olub. Türkiyədə təhsilini başa vurmasına az qalmış Vətənin çağırışına biganə qala bilməyən Vasif Məmmədov doğma yurda dönərək Gəncə Abbas Səhhət adına xəstəxanada yaralı əsgərlərimizə tibbi yardım göstərib.

44 gün davam edən Vətən müharibəsi başa çatsa da, onun xidmətləri bununla bitməyib. Könüllü şəkildə iki aydan artıq müddətdə yaralı hərbçilərimizin müalicəsində iştirak edən həkim Vətən qarşısında mənəvi borcunu layiqincə yerinə yetirib.

Bu gün Vasif Məmmədov doğma yurdda aparıcı cərrah kimi fəaliyyətini davam etdirir. Onun həyat yolu bir daha göstərir ki, Zəfər yalnız səngərdə döyüşənlərin deyil, Vətən naminə öz peşəsini silaha çevirən insanların da fədakarlığının nəticəsidir.

Zəfər Günündə belə insanları xatırlamaq, onların xidmətlərini yaşatmaq hər birimizin borcudur.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayırıq!

8 Noyabr – Zəfər Günümüz mübarək!