Türkiyədə cəmi 5,5 aylıq və 5,5 kiloqram çəkisi olan Aybükə Satılmış anasının bağışladığı qaraciyər sayəsində həyata qayıdıb. Anadangəlmə sarılıqdan əziyyət çəkən və qaraciyər çatışmazlığı inkişaf edən körpəyə qaraciyər transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.
Sherg.az xəbər verir ki, əməliyyat orqan transplantasiyası üzrə mütəxəssis, professor Murat Dayangaç və onun komandası tərəfindən aparılıb. Körpənin anası Sema Satılmış donor olub.
Həkimlərin sözlərinə görə, körpənin vəziyyəti ağırlaşdığından qaraciyər transplantasiyasına ehtiyac yaranıb. Əməliyyatdan sonra həm ananın, həm də körpənin vəziyyəti yaxşılaşıb.
Uşaq qastroenterologiyası üzrə mütəxəssis, professor Göxan Baysoy isə valideynləri körpələrdə uzun müddət davam edən sarılığa laqeyd yanaşmamağa çağırıb. O bildirib ki, nəcisin çox açıq, boz və ya gil rəngində olması ciddi qaraciyər xəstəliklərinin əlaməti ola bilər və belə hallarda vaxtında həkimə müraciət edilməlidir.
Aybükənin anası bildirib ki, körpə doğulduğu gündən sarılıqdan əziyyət çəkib. Əvvəlcə bunun ana südü sarılığı olduğunu düşünsələr də, sonradan qaraciyər xəstəliyi aşkarlanıb. Ananın sözlərinə görə, transplantasiyadan sonra körpə qısa müddətdə özünə gəlib və müalicəsini davam etdirərək sağlamlığına qovuşub.