Bu gün Azərbaycanın müqəddəs üçrəngli Dövlət Bayrağının işğaldan azad edilmiş Şuşada və digər doğma torpaqlarımızda qürurla dalğalanması xalqımızın milli iftixarını daha da artırır.
Sherg.az xəbər verir ki, bu sözləri 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Bayrağımızın azad edilmiş ərazilərdə ucaldılması tarixi ədalətin bərpasını, dövlət suverenliyimizin gücünü və müstəqilliyimizin dönməzliyini təcəssüm etdirir:
“Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Dövlət Bayrağımızı ucaltması Azərbaycanın tarixi Zəfərinin rəmzinə çevrilərək dünya azərbaycanlılarına böyük sevinc və qürur yaşatdı”.

Fikirlərini davam etdirən millət vəkili üçrəngli bayrağımızın tarixindən bəhs edərək deyib:
“Azərbaycanın müstəqillik tarixində üçrəngli bayrağın yenidən dövlət rəmzi kimi təsdiqlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. Ardınca Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın respublikanın rəsmi dövlət rəmzi kimi tanınması məsələsi qaldırıldı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək milli bayrağımızı yenidən dövlət rəmzi elan etdi. Həmin il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan dövləti öz tarixi rəmzlərini, o cümlədən üçrəngli bayrağını bərpa etdi. Bu tarixi addımlar xalqımızın milli özünüdərkinin güclənməsinə və müstəqillik ideyasının gerçəkləşməsinə mühüm töhfə verdi. Heydər Əliyev Dövlət Bayrağının hər bir ailə üçün mənəvi dəyər daşımalı olduğunu xüsusi vurğulayaraq demişdir: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” Tarixi hadisələr bu müdrik fikirlərin nə qədər böyük məna daşıdığını təsdiqlədi. Azərbaycan xalqının birliyi, həmrəyliyi və Prezident İlham Əliyevin ətrafında sıx səfərbərliyi torpaqlarımızın işğaldan azad olunmasını təmin edən Zəfərin əsas dayaqlarından oldu. Dövlət başçısının azad edilmiş ərazilərimizdə bayrağımızı ucaltması Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının dönməzliyini və suverenliyinin əbədiliyini bütün dünyaya nümayiş etdirdi. Bu gün üçrəngli bayrağımız xalqımızın azadlıq iradəsinin, milli qürurunun və müstəqil dövlətimizin qüdrətinin rəmzi kimi əzəmətlə dalğalanır”.