Kardiologiya professoru insultun 2 əsas səbəbini açıqladı

Qanda xolesterinin yüksək olması damarların daralmasına və insult riskinin artmasına səbəb ola bilər. Kardiologiya üzrə mütəxəssis, professor Bilal Boztosun beyinə qan laxtasının getməsinin iki əsas mexanizmini və qorunma yollarını izah edib.

Sherg.az xəbər verir ki, professor Bilal Boztosun Merve Kantarcı Çulhaya açıqlamasında insultun birinci səbəbinin beyin damarlarının daralaraq tutulması, ikinci səbəbinin isə ürəkdə yaranan laxtanın qan dövranı vasitəsilə beyinə çatması olduğunu bildirib.

Onun sözlərinə görə, damarlarda yağ və kalsium yığıntılarından yaranan lövhələr zamanla damarları daraldır. Bu lövhələrin zədələnməsi nəticəsində laxta əmələ gələrək qan axınını dayandıra bilər. Ürəkdə yaranan laxtalar isə daha çox ritm pozğunluğu, ürək qapağı xəstəlikləri və ürək əzələsinin zəif işləməsi ilə əlaqəlidir.

Professor qeyd edib ki, qanda yüksək LDL (pis xolesterin) damar divarlarında lövhələrin yaranmasına, HDL (yaxşı xolesterin) səviyyəsinin aşağı olması isə riskin artmasına səbəb olur. Yüksək triqliserid də xüsusilə diabet, artıq çəki və yüksək təzyiqlə birlikdə damar sağlamlığına mənfi təsir göstərir.

Boztosun ürək və damar sağlamlığının qiymətləndirilməsi üçün EKQ, exokardioqrafiya, ritm Holteri, Doppler ultrasəs və zəruri hallarda angioqrafiya müayinələrinin əhəmiyyətini vurğulayıb.

O bildirib ki, təkrar insultun qarşısının alınması üçün müalicə laxtanın yaranma səbəbinə uyğun seçilməlidir. Damar tutulması zamanı aspirin və statinlər, ürək mənşəli laxtalanmada isə qan durulaşdırıcı preparatlar təyin oluna bilər. Dərmanların növü və dozası yalnız həkim tərəfindən müəyyənləşdirilməlidir.

Professor beyin və ürək-damar sağlamlığını qorumaq üçün duzlu, qızardılmış və emal olunmuş qidaların azaldılmasını, tərəvəz, meyvə, balıq və tam taxıllı məhsulların artırılmasını tövsiyə edib. Həmçinin həftədə ən azı 150 dəqiqə fiziki aktivlik, siqaretdən imtina, çəkinin, qan təzyiqinin və şəkərin nəzarətdə saxlanılması vacibdir.