Ermənistan Rusiyanın qaz qiymətləri ilə bağlı məktubuna cavab verdi

Ermənistan Rusiyanın qaz qiymətləri ilə bağlı göndərdiyi məktuba rəsmi cavab verib.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan jurnalistlərə açıqlamasında bildirib.

Nazir cavab məktubunun məzmununu açıqlamaq istəmədiyini deyib. Bununla belə, Ermənistanın mövqeyinin kifayət qədər inandırıcı olduğunu vurğulayıb.

Xatırladaq ki, mayın sonunda Rusiyanın energetika naziri Sergey Tsivilyov Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə məktub göndərib. Məktubda İrəvanın Avropa İttifaqına üzvlük istiqamətində siyasətini davam etdirəcəyi təqdirdə, enerji daşıyıcılarının və emal olunmamış təbii almazların tədarükü sahəsində əməkdaşlığa dair 2 dekabr 2013-cü il tarixli hökumətlərarası sazişə yenidən baxıla biləcəyi barədə xəbərdarlıq edilib.

Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Ermənistanın Rusiya qazını Avropa ölkələrindəki qiymətlərlə müqayisədə bir neçə dəfə ucuz aldığını bildirmişdi.