Mobil internetdən iki həftə imtina diqqəti 10 il cavanlaşdıra bilər

Smartfondan mobil internetdən cəmi 14 gün istifadə etməmək diqqəti toplamaq qabiliyyətini yaxşılaşdıra, yuxu müddətini artıra və əhval-ruhiyyəyə müsbət təsir göstərə bilər.

“Sherg.az” xəbər verir ki, ABŞ və Kanadadan olan alimlərin PNAS Nexus jurnalında dərc olunan araşdırmasında 400-dən çox könüllü iştirak edib. Orta yaşı 32 olan iştirakçıların smartfonlarında mobil internetə giriş xüsusi tətbiq vasitəsilə məhdudlaşdırılıb. Onlara yalnız zənglərdən, SMS-lərdən və kompüter vasitəsilə internetdən istifadə etməyə icazə verilib.

14 günlük təcrübədən sonra iştirakçıların 90 faizi həyat keyfiyyətində müsbət dəyişikliklər hiss etdiyini bildirib. Kompüter testləri isə diqqəti cəmləmək qabiliyyətinin yaxşılaşdığını və bu göstəricinin insanın özündən 10 yaş kiçik olduğu dövrdəki səviyyəyə yaxınlaşdığını üzə çıxarıb.

Bundan əlavə, iştirakçılar orta hesabla 17 dəqiqə daha çox yatmağa başlayıb, gəzintiyə, idmana və yaxınları ilə canlı ünsiyyətə daha çox vaxt ayırıblar.

Mütəxəssislər rəqəmsal yüklənməni azaltmaq üçün üç sadə üsul tövsiyə edirlər: saat 21:00-dan sonra mobil interneti söndürmək, əyləncə tətbiqlərindən telefonda deyil, kompüterdə istifadə etmək və yatarkən telefonu yataq otağından kənarda saxlamaq.