İtaliyanın “İnter” klubunda çıxış edən türkiyəli futbolçu Hakan Çalhanoğlu gələcəyi ilə bağlı açıqlama verib.
Sherg.az xəbər verir ki, A Seriyasının 11-ci turunda “İnter” doğma meydanda “Komo”nu 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmaya start heyətində başlayan Çalhanoğlu 80-ci dəqiqədə əvəzlənib.
Matçdan sonra DAZN-a danışan futbolçu mövsümü və gələcəyi ilə bağlı sualları cavablandırıb.
“Bu sualı gözləyirdim. Sakitəm, öz işimi görürəm və komanda yoldaşlarımı sevirəm. Artıq beş ildir buradayam və birlikdə çox şey qazanmışıq. Hər iki tərəf sakitdir. Görək, nə olacaq. Məsələni böyütməyə ehtiyac yoxdur, hamı sakit olsun”, – deyə o bildirib.
Qeyd edək ki, Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.