Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”

“Real Madrid”in türkiyəli futbolçusu Arda Gülər İspaniya La Liqasının XII turunda “Valensiya” ilə matçda möhtəşəm çıxışı ilə diqqət çəkib. Bir qol vurub, bir məhsuldar ötürmə edən gənc futbolçu İspaniya mətbuatının geniş təriflərini qazanıb.

Sherg.az xəbər verir ki, “Real Madrid” səfərdə “Valensiya”nı 3:0 hesabı ilə məğlub edib. “Mestalya” stadionunda keçirilən qarşılaşmada qolları Federiko Valverde (28), Arda Gülər (36) və Kilian Mbappe (75) vurublar. Arda həm də Mbappenin qolunun ötürməsini verib.

84-cü dəqiqəyədək meydanda olan 21 yaşlı yarımmüdafiəçi matçın ən yaxşı oyunçusu seçilib. O, cari mövsüm La Liqada 12 tur ərzində üçüncü qolunu vurub.

İspaniyanın nüfuzlu nəşrləri Ardanın oyununu yüksək qiymətləndiriblər.

“Marca” yazıb ki, Arda vurduğu qol və möhtəşəm məhsuldar ötürmə ilə qarşılaşmanın əsas qəhrəmanlarından olub. Nəşrin fikrincə, türkiyəli futbolçu “Real Madrid”dəki mövqeyini möhkəmləndirmək üçün qarşısına çıxan heç bir fürsəti əldən vermir və komandanın ayrılmaz hissəsinə çevrilir.

“La Razón” isə Arda Güləri “Real Madridin vitamin mənbəyi” adlandırıb. Nəşr qeyd edib ki, istər mərkəzdə, istərsə də cinaha yaxın mövqedə oynasın, onun texnikası komandanın hücumlarının qurulmasına, boşluqların yaradılmasına və qol imkanlarının hazırlanmasına mühüm töhfə verir.

“Mundo Deportivo” türkiyəli futbolçunun bir qol və bir məhsuldar ötürmə ilə daha bir uğurlu matç keçirdiyini vurğulayıb.

“El Confidencial” Ardanın orta sahədəki çıxışının fərq yaratdığını yazaraq “Real Madrid”in “Mestalya”da məhz onun ritmi ilə oynadığını bildirib.

“AS” nəşri isə futbolçunun çıxışını xüsusi tərifləyib. Bildirilib ki, Arda həm qol instinkti, həm də texniki bacarığı ilə seçilib, çoxsaylı hücumların başlanğıcında dayanıb və Mbappenin qoluna verdiyi ötürmə ilə oyununu tamamlayıb.

Digər İspaniya nəşrləri də türkiyəli futbolçunun yüksək səviyyəli oyununu ön plana çıxarıblar. “Vavel” Ardanın parlaq çıxışının “Real Madrid”ə “Mestalya”da inamlı qələbə qazandırdığını, “ES Diario” isə onun Mbappeyə verdiyi məhsuldar ötürmənin stadionu susdurduğunu yazıb.

“Bernabeu Digital” nəşri baş məşqçi Joze Mourinyonun Arda Gülərlə uğurlu oyun formulu tapdığını qeyd edib.