Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL

Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına müraciəti yalnız tarixi qələbənin qeyd olunması deyil, həm də Azərbaycanın keçdiyi yolun siyasi yekunu və gələcək inkişaf istiqamətlərinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısının müraciətini məhz Xankəndidə, şanlı qələbənin şərəfinə ucaldılmış Zəfər tağının önündə etməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə «Qarabağ Azərbaycandır və nida!» bəyanatını səsləndirən Prezident bu dəfə həmin nidanın 2023-cü il sentyabrın 20-də Xankəndidə qoyulduğunu vurğulayır. Bununla siyasi bəyanatın real tarixi nəticəyə çevrildiyi bir daha nümayiş etdirilir. Əslində, Xankəndidən verilən əsas mesaj Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasının artıq dönməz reallıq olmasıdır.

Zəfərin arxasında dayanan güclü dövlət və milli iradə

Prezidentin çıxışında 44 günlük Vətən müharibəsinin nəticələri və qələbəni şərtləndirən amillər xüsusi yer tutur. 300-dən çox şəhər və kəndin döyüş meydanında azad edilməsi, noyabrın 8-də Şuşanın fəthinin müharibənin taleyini həll etməsi Azərbaycanın hərbi gücünün və siyasi iradəsinin təntənəsi idi. Lakin bu qələbəni yalnız ordunun hərbi uğurları ilə izah etmək düzgün olmazdı. Onun təməlində uzun illər ərzində aparılan iqtisadi inkişaf, güclü ordu quruculuğu, müstəqil xarici siyasət, fəal diplomatiya və xalq-iqtidar birliyi dayanırdı. Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi, xarici təzyiqlər qarşısında milli maraqlardan geri çəkilməməsi qələbənin əsas siyasi şərtlərindən biri oldu. 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatı isə bu tarixi prosesin son mərhələsini təşkil edərək Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpasını təmin etdi.

Keçmiş separatizm yuvasının Zəfər Muzeyinə çevrilməsi

Müraciətin ən diqqətçəkən məqamlarından biri Xankəndidə keçmiş separatçı idarəçilik binasında Zəfər Muzeyinin yaradılması ilə bağlı açıqlamadır. Prezidentin vaxtilə «şeytan yuvası» adlandırdığı həmin binanın bu gün Azərbaycanın qəhrəmanlıq tarixini yaşadacaq muzeyə çevrilməsi dərin siyasi və tarixi simvolikaya malikdir. Bir zamanlar Azərbaycanın suverenliyinə qarşı fəaliyyət göstərən mərkəz indi dövlətin qələbəsini, milli iradəsini və qəhrəmanlıq salnaməsini təbliğ edəcək. Bu, sadəcə binanın funksiyasının dəyişdirilməsi deyil, tarixi yaddaşın yeni məzmunla formalaşdırılmasıdır. Prezidentin həmin binanın pəncərələrini açaraq oradan «şeytan ruhunun» çəkilib getməsini istəməsi ilə bağlı fikirləri də bu transformasiyanın mənəvi tərəfini ifadə edir. Hərbi cinayətkarların isə bu gün Azərbaycan məhkəmələrinin qərarları əsasında cəzalarını çəkmələri keçmişlə indiki reallıq arasındakı kəskin fərqi nümayiş etdirir.

Böyük Qayıdış: Qələbədən quruculuğa

Azərbaycanın Zəfərdən sonrakı əsas prioritetlərindən biri azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış Proqramının həyata keçirilməsidir. İşğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, insanların doğma yurdlarına qayıtması qələbənin real nəticələrini nümayiş etdirir. Artıq 97 minə yaxın insanın azad edilmiş ərazilərdə yaşaması, təhsil alması və çalışması bu prosesin miqyasını göstərir. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan torpaqlarını azad etməklə kifayətlənmir, həmin ərazilərdə yeni həyat qurur. Qarabağ və Şərqi Zəngəzur bu gün ölkənin inkişaf, investisiya və iqtisadi inteqrasiya məkanına çevrilir.

Azərbaycançılıq məfkurəsi və gələcəyin güclü Azərbaycanı

Prezidentin müraciətində Azərbaycançılıq ideologiyasına xüsusi yer ayrılması da mühüm siyasi mesajdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu məfkurə müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşları vahid dövlətçilik ideyası ətrafında birləşdirən əsas amildir. 44 günlük müharibədə nümayiş etdirilən milli birlik də bu ideologiyanın real gücünü təsdiqlədi. Deməli, Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialında deyil, həm də cəmiyyətin həmrəyliyində və ortaq dövlətçilik düşüncəsindədir. Dövlət başçısının gələcəkdə Azərbaycanın heç kimdən asılı olmayan, ona qarşı təhdidlərin mümkün olmadığı qədər güclü dövlətə çevrilməsi ilə bağlı mesajı isə yeni strateji mərhələnin əsas hədəfini müəyyənləşdirir. Bu mərhələdə iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, texnoloji inkişaf, beynəlxalq mövqelərin gücləndirilməsi və milli birliyin qorunması prioritet əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Xankəndidən etdiyi müraciətin əsas siyasi mahiyyəti Azərbaycanın tarixi qələbəsini yeni dövlətçilik strategiyasına çevirməsidir.

2020-ci ildə Azərbaycan hərbi gücünü, 2023-cü ildə suverenliyini təsdiqlədi. İndi isə Zəfərin nəticələrini quruculuq, iqtisadi inkişaf və milli həmrəylik vasitəsilə möhkəmləndirir. Xankəndidə Zəfər tağının önündə səsləndirilən müraciət, keçmiş separatçı idarəçilik binasında Zəfər Muzeyinin yaradılması və Böyük Qayıdışın davam etdirilməsi vahid siyasi məzmun daşıyır. Azərbaycan artıq öz tarixini başqalarının qərarları ilə deyil, öz siyasi iradəsi, milli gücü və müstəqil dövlətçilik strategiyası ilə yazır. Zəfərdən sonrakı əsas hədəf isə bu tarixi nailiyyəti qorumaq, daha da güclü Azərbaycan qurmaq və gələcək nəsillərə suveren, təhlükəsiz və qüdrətli dövlət miras qoymaqdır.