Yetkinlik yaşına çatmayan uşağa döymə etdi, gözləmədiyi cəza ilə üzləşdi!

İngiltərənin Northempton şəhərində azyaşlıların istismarının və cinayətə cəlb olunmasının qarşısını almaq məqsədilə diqqətçəkən məhkəmə qərarı qəbul edilib.

Sherg.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İngiltərədə hüquq-mühafizə orqanları müdafiəyə ehtiyacı olan uşaqları hədəf alan və onlar üçün təhlükə yaradan şəxslərə qarşı tədbirləri sərtləşdirir.

Oktyabrın 27-də Northempton Magistrat Məhkəməsində keçirilən prosesdə 20 yaşlı Evan Beyli ilə bağlı qərar qəbul edilib. Antisosial davranışları, narkotik maddələrlə əlaqələri, eləcə də uşaqları itkin düşməyə və cinayətə sürükləməyə təşviq etməsi iddiaları ilə nəzarətə götürülən Beylinin yetkinlik yaşına çatmayan uşağa döymə etdiyi bildirilib.

Məhkəmə onun barəsində çoxşaxəli Cinayətkar Davranış Qərarı (CBO) çıxarıb.

Uşaqlarla bütün əlaqələr qadağan edildi

Qərara əsasən, Beyliyə ailə üzvləri və peşə fəaliyyəti ilə bağlı zəruri hallar istisna olmaqla, 18 yaşdan kiçik şəxslərlə görüşmək, əlaqə saxlamaq və onları yaşadığı ünvana dəvət etmək qadağan olunub.

Məhdudiyyətlər yalnız birbaşa ünsiyyəti deyil, vasitəçilər və sosial şəbəkələr üzərindən qurulan bütün əlaqələri də əhatə edir.

Hüquq-mühafizə orqanlarına qərarın tələblərinə əməl olunmasını yoxlamaq məqsədilə Beylinin evində və mobil telefonunda axtarış aparmaq səlahiyyəti verilib.

Beyli müəyyən edilmiş qaydalardan hər hansı birini pozarsa, dərhal saxlanılacaq və yenidən məhkəmə qarşısına çıxarılacaq.