Qurucu babalarımız göstərmək istəyiblər ki, türklüyümüz ən yüksəkdədir - RƏY

  • “Bayrağımızdakı rənglərin düzülüşü təsadüf deyil"
  • "Bu ardıcıllıq mütləq uyğun şəkildə izah edilməli və gələcəyə ötürülməlidir”

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Noyabrın 9-u ölkəmizdə dövlətçilik tariximizin ən mühüm rəmzlərindən biri olan üçrəngli bayrağımıza ehtiram günü kimi qeyd olunur. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən üçrəngli bayrağımız milli kimliyimizi, tarixi-mədəni irsimizi və ideoloji dəyərlərimizi özündə birləşdirir.

Mavi, qırmızı və yaşıl rənglərdən ibarət bayraq bu gün müstəqil Azərbaycanın suverenliyini, milli birliyini və dövlətçilik ənənələrini təcəssüm etdirir. Aradan ötən illərə baxmayaraq, üçrəngli bayrağımız xalqımızın azadlıq və müstəqillik iradəsinin rəmzi kimi ölkəmizin hər bir guşəsində, eləcə də beynəlxalq arenada dalğalanır.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a söyləyib ki, qurucu babalarımız o bayrağı ərsəyə gətirəndə Azərbaycanın milli-mənəvi dəyərlərini, ümumiyyətlə, mahiyyətini və kimliyini tam olaraq ehtiva etməyə çalışıblar:

“Bunun üçün də hər şeydən öncə milli-etnik kimliyimiz, türklüyümüz o bayraqda öz əksini tapıb. Mavi rəngin timsalında, yəni ən yüksəkdə duran bizim milli kimliyimizdir. Ondan sonra digər faktorlar gəlir. Təbii ki, qırmızı rənglə çağdaşlıq, Azərbaycan xalqının böyük əksəriyyətinin müsəlman olması nəzərə alınaraq isə İslam rəngi olan yaşıl rəng öz əksini tapıb. Yəni, bu bayraqla əslində türklüyü, çağdaşlığı və İslamı birləşdirən bir rəmz meydana gətirilib. Həqiqətən də Azərbaycan xalqı 1918-ci il noyabrın 9-dan ta bu günə kimi ötən müddət ərzində, yəni 108 il ərzində özünün türklüyünü də, çağdaşlığını da, müsəlmanlığını da qoruyub saxlamağı bacarıb. Burada həm də xüsusi olaraq vurğulamaq lazımdır ki, çağdaşlıq və türklük bayraqda İslamdan daha yüksəkdə təsadüfən qeyd edilmir. Qurucu babalarımız bu yolla göstərmək istəyiblər ki, heç nə yoxdursa belə, türklüyümüz ən yüksəkdədir. Ondan sonra imkan olsa, çağdaşlaşmaq lazımdır. Türklüyümüz və çağdaşlığımız varkən İslam dininə də uyğun yer verilməlidir. Yəni, bu, belə bir yanaşmadır. Təbii ki, bayraqda əks olunmuş bu ideoloji əsaslar gələcək nəsillərə də bu cür ötürülməlidir. Yəni, hər şeydən öncə türklüyümüz, daha sonra çağdaşlığımız, daha sonra da İslam dini. Bu ardıcıllıq mütləq uyğun şəkildə izah edilməli və gələcəyə ötürülməlidir”.