Azad edilən ərazilərdə balıq ovlamaq həvəsi həbslə nəticələndi


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, işğaldan azad edilmiş Çaylı kəndinə gizli yollarla daxil olmaq istəyən şəxs, rayonun Hacıqərvənd kənd sakini Telman Yusibov saxlanılıb.

Araşdırmalar zamanı onun balıq ovlamaq məqsədi ilə Çaylı kəndinin ərazisindən keçərək Suqovuşan kəndinə daxil olmaq istədiyi müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə T.Yusibov 10 gün müddətinə inzibati qaydada həbs edilib.