Əmək Məcəlləsinə dəyişikliklər gözlənilir

Mirvari Qəhrəmanlı: "Distant işlə bağlı maddələr dünya praktikasına uyğunlaşdırılmalıdır"

Distant işin qanuniləşdiriləcəyi gözlənilir. Böyük ehtimalla bu, pandemiya şəraiti ilə bağlıdır. Məlumdur ki, pandemiya əməyin təşkilinə də təsirini göstərdi.  Bir çox sahələrdə işçilər distant çalışmağa başladı. Amma mövcud Əmək Məcəlləsində bu hallarla bağlı qaydalar təsbit edilmədiyindən əmək hüquqlarının pozulmasına da rast gəlindi. Görünür, bu kimi halların qarşısının alınması məqsədilə Əmək Məcəlləsinə dəyişiklik təklif edilir. Bu barədə ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri ilə görüş zamanı müzakirə aparılıb. Nazir Sahil Babayev əmək qanunvericiliyinin əmək bazarında yaranan yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması prosesində də işəgötürənlərin, o cümlədən özəl sektorun nümayəndələrinin iştirakına xüsusi önəm verildiyini qeyd edib. 

“AmCham Azərbaycan”da təmsil olunan şirkətlərlə bu sahədə də müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, təşkilatla nazirlik arasında mütəmadi görüşlər, müzakirələr keçirildiyini bildirib. “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatların Palata tərəfindən maraqla izlənildiyini, nazirlik və özəl sektor arasında əmək bazarında  islahatlara dair fikir və məlumat mübadilələri aparmaq məqsədəuyğun hesab edilib, özəl sektorun təkliflərini təqdim etməyə imkan verən belə görüşlərin əhəmiyyəti vurğulanıb. Görüşdə Palatanın bir sıra təklifləri, o cümlədən qanunvericiliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təklifləri diqqətə çatdırılıb. 

Bu təkliflə bağlı bildirilib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsində “distant (məsafədən) iş”, əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub. Həmçinin əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır. Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.

Məsələ ilə bağlı “Şərq”ə danışan Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd etdi ki, Əmək Məcəlləsinə edilən və ya təklif olunan dəyişikliklər ilk növbədə işçilərin hüquqlarının qorunmasına xidmət etməlidir. Təəssüf ki, heç də həmişə belə olmur:

- 1999-cu ildən bəri Əmək Məcəlləsinə 300-dək dəyişiklik edilib, əksəriyyəti də işçinin deyil, işəgötürənin xeyrinədir. NHMK Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə dəyişiklik edilməsiylə bağlı 5 il əvvəl müraciət edib. Bu nədir; işçi ilə müvəqqəti əmək müqaviləsinin bağlanması haqda maddə. Niyə bu maddəni ləğvini istəyirik, çünki işçinin ziyanınadır. İşəgötürən məhz bu maddəni əldə əsas tutaraq özü istədiyi zamanda işçini işdən azad edir. Bununla da işçinin əmək hüququnu pozmuş olur. Pandemiya zamanı bir çox sahələr üzrə distant əməyə keçildi. Amma biz nə müşahidə etdik? İşçilər arasında diskriminasiya, ayrı-seçkilik faktları baş verdi. İşçilər məcburi qaydada evdən çalışmağa göndərildi, əmək haqları isə tam deyil, 70 faiz ödənildi. Məsələn, Böyük Britaniyada işçiyə əmək haqqı üzərinə götürdüyü əmək öhdəliyini yerinə yetirib-yetirmədiyinə görə ödənilir. Distant iş formasında konkret iş saatı tələbi yoxdur. Əsas, işçinin ona tapşırılan işi keyfiyyətli yerinə yetirməsidir. Bütün işçilər eyni iş şəraitinə malik deyil. Distant çalışmaq üçün münbit şərait olmalıdır. Texniki imkanlar buna şərait yaratmalıdır. Amma bizdə bəzən internet kəsintisi baş verir, yaxud işçinin evdən çalışması üçün normal şəraiti olmur. Keyfiyyət aşağı düşəndə, işəgötürən bunu işdən yayınma halı kimi qeydə alır və işçinin əmək haqqının kəsilməsi baş verir.

M.Qəhrəmanlı qeyd etdi ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər bu  sahə üzrə mütəxəssislərlə müzakirə edilməlidir:

- Əmək Məcəlləsi ilə bağlı müzakirələrə konkret sahə üzrə mütəxəssislər dəvət edilməlidir. Distant işlə bağlı bilmirik nələr təklif olunur. Bəlkə Məcəlləyə distant işdə əmək haqqının azaldılmış forması salınacaq? Bu da diskriminasiyadır. İş saatı tələbi olmamalıdır. Distant işlə bağlı maddələr dünya praktikasına uyğunlaşdırılmalıdır. 

Hansı peşə sahibləri distant işə keçilməsi mümkündür, bunlar dəqiqləşməlidir. Hər peşənin xüsusiyyəti nəzərə alınmalıdır. Əmək qanunvericiliynə nəzarət çox zəifdir. Bu işi hansı qurum həyata keçirməlidir, heç bu dəqiq bilinmir. Distant işlə bağlı əmək qanunvericiliyinin tətbiqi mexanizmi olmalıdır. Hesab edirəm ki, distant iş istehsalata mənfi təsir edə bilər. İşin keyfiyyətə mənfi təsiri mümkündür. Bu həm də işçilərin sayının azaldılması ilə nəticələnər və kütləvi ixtisarlar başlayar. 

Ayrı-seçkiliyə yol açar. Əmək Məcəlləsinə dəyişikliklərdə bütün bu risklər nəzərə alınmalıdır. İqtisadi maraqlar insanların əmək hüququnu üstələməməlidir.