Mirzoyan tərəflərin sərhədlərin delimitasiyası üzrə səylərini konstruktiv adlandırıb

Sərhədlərin delimitasiyası Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm vasitədir, Ermənistan və Azərbaycan bu istiqamətdə konstruktiv səylər göstərirlər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı deyib.

“Biz delimitasiya prosesinin davam etdirilməsində maraqlıyıq. Bunu sülh prosesinin ən vacib komponentlərindən biri hesab edirik. Həm bizim tərəfimizdən, həm də Azərbaycan tərəfindən konstruktiv səylər göstərilib və biz ümumi fikrə gəlmişik”, - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 16-da Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın Baş nazirin müavini Şahin Mustafayevlə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan arasında görüş keçirilib. Görüş zamanı tərəflər dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.