Bu gün Azərbaycanın hüdudlarından kənarda elmi-tədqiqatlarla məşğul olan, akademik fəaliyyətləri ilə ölkəmizin adına şərəf gətirən alimlərimiz kifayət qədərdir. Əldə etdikləri uğurları ilə ölkəmizi xaricdə layiqincə təmsil edən alimlərimizin elm yolu bu sahədə titrək addımlarını atan gənclərimiz üçün güclü motivasiya mənbəyidir.
“Azərbaycan müəllimi”nin növbəti müsahibi 2019-2020-ci illǝrdǝ Stanford Universitetinin tǝrtib etdiyi dünyanın ǝn nüfuzlu 100 elm adamı sırasında yer almış və hazırda Türkiyədə çalışan Abdulla Sofiyevdir.
“Elmlə məşğul olan insanlar üçün elmin əlçatanlığı çox vacibdir”
- Abdulla müəllim, öncə sizi salamlayırıq. Oxucularımıza öz elm yolunuz, tədqiqatlarınız barədə məlumat verməyinizi xahiş edirik.
- Mən də sizi və fürsətdən istifadə edərək dəyərli oxucularınızı salamlayıram. Təbii ki, mən də elm yolu ilə gedən bir insan kimi maraqlı ömür hekayəsi yaşamışam. 1961-ci ilin isti sentyabr günlərinin birində qədim insanların yaşayış məskəni kimi tanınan Daş Salahlı kəndində anadan olmuşam. Orta məktəbi də bu kənddə bitirmişəm. 1976-1980-ci illərdə Azǝrbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültǝsindǝ tǝhsil almışam.
1985-1996-cı illǝrdǝ Azǝrbaycan Texniki Universitetinin Nǝzǝri mexanika kafedrasının aspirantı, assistenti, baş müǝllimi vǝ dosenti vǝzifǝlǝrindǝ işlǝmişǝm. 1990-cı ilin sentyabrında 10 aylıq DAAD tǝqaüdünü qazanaraq Almaniyanın Karlsruhe Universitetinǝ elmi araşdırma üçün ezam olunmağım mənim elmi həyatımda dönüş nöqtəsi oldu. Burada Mexanika İnstitutunun rǝhbǝri, görkǝmli alim, professor Eckart Schnack ilə qurduğum elmi əlaqələrim sonradan dostluq münasibətlərinə çevrildi, bunun da sayəsində Azərbaycanda çalışan onlarla alim və mütəxəssisə uğurlu qapı açmış olduq.
Sonradan taleyin hökmü ilə həyatımın davamı xarici ölkələrdə keçməyə başladı. 1996-2005-ci illǝrdǝ Türkiyǝ Cümhuriyyǝti Ondoqquz Mayıs vǝ Süleyman Dǝmirǝl universitetlǝrinin İnşaat mühǝndisliyi bölümü mexanika kafedrasında dosent vǝzifǝsindǝ işlǝmişǝm. Təvazökarlıqdan uzaq olsa da, söyləyim ki, elmlə məşğul olan insanlar üçün elmin əlçatanlığı çox vacibdir. Elmi işlə məşğul olanlar üçün beynəlxalq bazalara çıxmaq imkanının olması, öz sahəsi ilə məşğul olan alimlərin əsərlərinin tez bir zamanda əldə edilib izlənməsi elmdə gecikmənin, ləngimənin qarşısını alır. Ona görə də digər səbəblərlə yanaşı 1996-cı ildə 10 ilə yaxın müddətdə işlədiyim universitetdən ayrılaraq Türkiyənin Ondokuz Mayıs Universiteti (OMU) rəhbərliyinin dəvəti ilə Türkiyəyə getməyə qərar verdim və 2001-ci ilə kimi OMU-də işlədim.
2001-ci ilin sentyabr ayında Süleyman Dəmirəl Universitetinə dəvət edildim. 2005-ci ildən 2022-ci ilin oktyabr ayına qǝdǝr bu universitetin İnşaat mühǝndisliyi bölümü mexanika kafedrasının professoru və müdiri vəzifələrində çalışmışam.
Qeyd edim ki, bu universitet mənim həyatımda ən uzun müddət işlədiyim təhsil məkanı olub. Hazırda İstanbul Ticarǝt Universiteti Riyaziyyat bölümündə çalışıram. Türkiyədə elmi fəaliyyət sahəmə uyğun olaraq apardığım tədqiqat işlərinin önəmliliyinə görə 2007-ci ildǝ Nəzəri vǝ Tǝtbiqi Mexanika Türk Milli Komitǝsinin üzvü seçilmişəm. 2016-cı ildǝn isə bu Komitənin sǝdr müaviniyǝm. Türkiyədə keçən ömrümün 28 ilini qısa olaraq belə xarakterizə edərdim.
- Tədqiqatlarınızın elmi-praktik, tətbiqi əhəmiyyəti barədə nə deyərdiniz?
- Təbii ki, bu gün hər bir alimin, elmi-tədqiqat işi aparan istənilən mütəxəssisin elmi nəticələri haqqında özündən daha çox digərlərinin məlumat əldə etmək imkanı var. Çünki internetin imkanları sayəsində dünyaca məşhur “Web of Science” və “Scopus” kimi nüfuzlu elmmetrik bazalarda indekslənmiş jurnalları açıb səhifələrinə baxmaq kifayət edir ki, görəsən, elmdə kim nə edib? Təbii ki, mənim də elmdə qazandığım özümǝ məxsus uğurlarım vardır. Belə ki, 2003 vǝ 2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanmış silindr vǝ konus şǝklindǝki örtüklǝrin dinamik qǝrarlıq probleminin riyazi modelini verǝrək onun hǝllinǝ nail olmuşam.
Öncə qeyd edim ki, çeşidli mexanik və termal yüklərə məruz qalan, kosmik və aviasiya nəqliyyatında istifadə edilən hava gəmilərinin yeni nəsil kompozitlərdən hazırlanan fərqli hissələrinin dinamik davranışlarının tədqiq edilməsi mexanika elminin qarşısında duran ən aktual məsələlərdən biridir. Kosmosda tədqiqat aparan süni peyklərin istehsalı üçün multifunksional materialların tətbiqi olduqca əhəmiyyətlidir. Çünki kosmosun tədqiqi zamanı yaranan çətinliklər içərisində mikrometeoritlərlə toqquşma təhlükəsi, kosmosda yanğın, kosmik toz, həddindən artıq temperatur, elektromaqnit müdaxiləsi və s. kənar mütləq təsirlər hava gəmilərinin hazırlanmasında istifadə edilən materialların dözümlülüyünün artırılmasının xüsusi əhəmiyyətini daha çox yeni nəsil kompozit materiallar mexanikası tədqiqatçıları qarşısında problem kimi qoyur.
Buna görə də qürur hissi ilə deyə bilərəm ki, 2006-2017-ci illǝr arasında fǝrqli nǝzǝriyyǝlǝrdǝn istifadǝ edǝrǝk yeni nǝsil multifunksional kompozitlǝrdǝn hazırlanmış tǝbǝqǝli vǝ sendviç lövhə vǝ örtüklǝrin bütöv mühitdǝ xǝtti, xǝtti olmayan sabitlik vǝ titrǝşim problemlǝrinin hǝll yolunu tapmışam. Bir və çox tǝbǝqǝli nanokompozit örtüklǝrin riyazi modelini verǝrǝk bircins anizotrop materiallardan hazırlanmış konusşǝkilli örtüklǝr nəzəriyyəsini funksional dǝrǝcǝlǝndirilmiş konus şǝkilli nanokompozit örtüklǝrǝ genişlǝtmişǝm.
2018-ci ildǝn başlayaraq müasir texnikanın, xüsusilǝ dǝ müdafiǝ sǝnayesinin ǝn vacib problemlǝrindǝn biri olan nanokompozit materiallardan hazırlanmış çoxtəbəqəli konstruksiyaların rezonans durumunda xǝtti olmayan mǝcburi titrǝşim mǝsǝlǝlǝrinin tǝkmillǝşdirilmiş nǝzǝriyyǝlǝr çǝrçivǝsindǝ riyazi modelini vermişǝm vǝ fǝrqli hǝll üsullarına nail olmuşam. Bu nǝticǝlǝr kosmik sənayedə, raket istehsalında vǝ atom reaktorlarında geniş istifadǝ edilmǝkdǝdir.
- “Elsevier” nəşriyyat şirkəti tərəfindən dərc edilən “Dünyanın ən nüfuzlu alimləri”nin siyahısında yer almısınız. Bir azərbaycanlı alim olaraq bu sizin üçün necə bir hissdir?
- Açıq söylǝmǝk gǝrǝkdir ki, bu uğur uzunillik davamlı çalışmağımın nǝticǝsidir. Bu uğuru 2003 vǝ 2004-cü illǝrdǝ funksional dərǝcǝlǝndirilmiş materialların modellənməsi vǝ konstruksiya elementlǝrindǝ istifadǝ edilmǝsindǝ ǝldǝ etdiyim fundamental nǝticǝlǝrin üstündǝ inşa edilǝn sağlam bir elmi binanın mǝntiqi bir nəticəsi idi. 2011-ci ildǝn Dördüncü Sənaye İnqilabı dönǝmi başladı vǝ digər sahǝlǝrdǝ olduğu kimi, elmdǝ dǝ alimlǝrin fərqli mǝrkǝzlǝrdǝki elmi nǝticǝlǝri internet üzərindən yaradılmış bir mǝrkǝzdǝ cǝmlǝndi. Bu da alimlǝrin performansının qiymǝtləndirilmǝsini asanlaşdırdı. Artıq alimlǝrin ǝldǝ etdiyi nǝticǝlǝrin çap olunduğu jurnalların reytinqlǝrinǝ görǝ qiymǝtləndirmǝ dönǝmi başlamış oldu. Biz ǝldǝ etdiyimiz nǝticǝlǝrin çağdaş riyaziyyat və mexanikanın şərtlərini ödədiyini hər addımda bilirdik. Bir də hər hansı nüfuzlu alimlərin, tədqiqatçıların siyahısına düşmək bir ilin nəticələri ilə yanaşı, həm də karyera boyunca tədqiqatlarının nəticəsi əsasında aparılır. Burada əsasən də alimin elmmetrik bazalar üzrə h (Hirş) indeksi nəzərə alınır. Fürsətdən istifadə edib deyim ki, mənim də əsas göstərici kimi h indeksim “Google scholar” bazasında 50, “WoS”da 44, “Scopus”da isə 46 olaraq əks olunub. Mənim elmi əsərlərimə ümumilikdə 8000 minə yaxın istinad verilmişdir. Bu faktlar 2020-ci ildǝn başlayaraq “Elsevier” və Stanford Universitetinin birgǝ tǝrtib etdiyi dünyanın ǝn nüfuzlu alimlǝrinin siyahısında öz sahəmdə ön sıralarda yer almaqla nəticəlǝndi. İstǝr deformasiyaya mǝruz cisimlǝr, istǝrsǝ riyazi modelləmə, istǝrsǝ dǝ yeni nǝsil kompozitlǝr sahǝsindǝ ǝldǝ etdiyimiz nǝticǝlǝrlǝ uzun illǝrdir öncül yerimizi qorumaqdayıq. “Dünyanın ən nüfuzlu alimləri”nin siyahısında hǝr il daha üst sıralara yüksəldikcə güclü olmaq duyğusu sǝnǝ mǝmnunluq vǝ məsuliyyət hissi verir. Dünya elmini idarə edənlərin ilk sırasında olmaq, elmin mǝtbǝxindǝ hazırlanan ǝn yeni “nemətlǝrdǝ” ǝməyin keçməsi bir alim kimi bizi də mǝmnun edir vǝ Allahın sənə vermiş olduğu üstünlüyə görə ona şükür edirsən.
“Alim eyni zamanda tədris sahəsində püxtələşmiş pedaqoq olmalıdır”
- Bu gün alimlər, onların elmi-tədqiqatları müasir inkişafın hərəkətverici qüvvəsi kimi çıxış edirlər. Sizcə, müasir alim kimdir: yaxşı tədqiqatçı, yoxsa yaxşı tələbələr, davamçılar yetişdirən müəllim?
- Müasir alim mütəmadi olaraq çalışan, çalışdığı sahənin davamlı olaraq inkişaf etmǝdiyini vǝ hǝr 5-10 ildǝn bir qırılma nöqtələrinin olduğunu hiss edǝn, disiplinlǝrarası çalışmaları düzgün dǝyǝrlǝndirǝn, yeni alimlǝr nǝslinin daha geniş bilgi bazası ilə ona yaxınlaşdığının fǝrqinǝ varan, yeni ideyaları zamanında və yerindǝ istifadǝ etmǝyi bacaran araşdırmaçıdır. Müasir alim eyni zamanda tədris sahəsində də püxtələşmiş bir pedaqoq olmalıdır və pedaqoji fǝaliyyǝtdǝn uzaq olması düşünülmǝzdir. Müasir alim öz tǝlǝbǝlǝrinin yer aldığı elmi mərkəz (və ya komanda) yaratmalıdır vǝ onun lokomotivi olmalıdır. Bu elmi mərkəzdəki gənc tǝdqiqatçıların elmi sǝviyyǝlǝri fǝrqli olmalıdır. Mǝsǝlǝn, bir magistratura tələbəsi 2-3 il, bir doktorantura tələbəsi təxminən 4-5 il təhsil aldığı üçün “komandanın” içində təqribən 7 ili ǝhatǝ edǝn magistr-doktorant-tədqiqatçı profilləri olmalıdır. Komandaya yeni daxil edilən gələcəyin tədqiqatçısı bir il ondan əvvəl təhsilə başlayan tələbədən faydalana bilməlidir. Bu şəkildə magistr-aspirantların elmi səviyyələri sıfırdan birə qədər dərəcələndirilməlidir.
Nüfuzlu alim təbii seleksiyaçı olmalı və ilk seleksiyonunu universitetdə öz tələbələrinin arasından seçməlidir. Əgər tələbələr arasında qeyri-adi istedadlı tələbə varsa, onun iş rejimi fərqli tutulmalı və onunla fərqli davranılmalıdır. Daha sonra fərqli universitet və ölkələrdən istedadlı tələbələrlə birgə çalışmaq olar.
Bir sözlə, elmi fəaliyyət alimin pedaqoji fəaliyyətini zənginləşdirən tükənməz mənbə, pedaqoji fəaliyyət isə alimi püxtələşdirən əvəzolunmaz mühitdir.
"Tədqiqatçı alim yaşadığı cəmiyyəti qabaqlamağı bacarmalıdır"
- Bir alim həm tədqiqatçı, həm universitetdə dərs deyən müəllim kimi öz vaxtını necə bölüşdürməlidir? Bu barədə öz təcrübənizi bölüşməyinizi xahiş edirik.
- Çox maraqlı sualdır. Əslində, tədqiqatçı alim və müəllim bir bədəni formalaşdıran iki ana ünsürdür və iki materialın qarışığı kimidir. Eyni şəxsdə birləşən bu ikili xüsusiyyətin bir-birilə əlaqəli oxşar tərəfləri ilə yanaşı, bir sıra fərqlilikləri də çoxdur və təmsil edilmə sahələri də fərqlidir. Tədqiqatçı alim daha çox beynəlxalq arenada təmsil olunur, müəllim isə lokal (milli) kimliyə sahib olub milli kadr hazırlığı ilə məşğul olur. Təbii olaraq yeni və dünyada əks-səda verəcək nəticələr əldə etmək üçün tədqiqata çox zaman ayrılmalıdır, əks halda beynəlxalq səviyyədə uğurlu nəticələrin əldə edilməsi mümkün olmaz. Tədqiqatçı isə alim kimi yetişdikdən sonra uğurlu müəllim ola bilmək üçün əmək sərf etməlidir. Təcrübəli müəllim isə tədqiqata gec başladığında dünya standartlarında nəticələr əldə etməyi daha çətin ola bilər.
Həmçinin tədqiqatçı alimlə müəllimin yaşamında da önəmli fərqliliklər mövcuddur. Ən önəmli fərqi araşdırmaçı alimin müəyyən iş saatının olmamasıdır, hər bir an (evdə, yolda, təyyarədə, xəstəxanada və s.) onun çalışma saatıdır, alim-müəllimin isə çalışma saatı müəyyən olunmuş zamanla çərçivələnir.
Tədqiqatçı alim azaddır, məşğul olacağı mövzunu özü seçər və özü istədiyi kimi məşğul olar. Nəticə əldə etmək üçün Allahın ona verdiyi beyin gücünün sərhədlərini aşar, nəticə əldəetmə mərhələsində uğurlu nəticəyə yetişməkdən başqa onun üçün birinci dərəcəli heç bir şey olmadığından gözü heç kimi görməz, ancaq öz yolunda olar.
Tədqiqatçı alim yaşadığı toplumu qabaqlamağı bacarmalıdır. Belə ki, alim ən azı 30-40 il sonra elmin gələcəyini görə bildiyi elmi işlər üzərində çalışır, müəllim isə cəmiyyətlə eyni dövrü yaşayar və dərs dediyi tələbələrə 50-100 il əvvəl kəşf edilən faktları və nəzəriyyələri öyrədir. Müəllimlikdə qaydaları alim müəyyənləşdirməz, mövcud qaydalara əməl etmək məcburiyyətində olar. Bu səbəbdən də nüfuzlu alimlərlə idarəetmədə bəzən kiçik də olsa mübahisələr müşahidə edilir.
Tədqiqatçı alimin çox uğurlu nəticələr əldə etdikdən sonra tədrisə daha çox vaxt ayırması pedaqoji sahəyə meyil etməsinə səbəb ola və nəticədə özünəməxsus ideyaların elementlərini ehtiva edən tədris vəsaitlərini yazmasına gətirə bilər. Bu vaxt itkisi isə ümumilikdə onu tədqiqatçı kimi müasir elmdən uzaqlaşdırır və bir daha yeni ideyalar vermək şansını minimuma endirir. Elmin inkişaf sürəti alimin yolunu gözləməz, elm karvanı fərqli qatarlardan ibarətdir, birinci qatardan düşdünsə, ona daha minə bilməzsən, yəni sən elmdə lokomotiv ola bilməzsən, ikinci qatara gec qalsan, dünya elminin mətbəxində hazırlanan təzə yemək yerinə bayat yeməklə kifayətlənəcəksən. Ondan sonra gələn karvanların bəziləri səni almayacaq, bəzilərinə də minmək istəməyəcəksən, bu da elmdə sonun başlanğıcı deməkdir.
Əlavə olaraq deyim ki, tədqiqatçı alim tədrisə zamanının təqribən 20 faizini xərcləyər. Çünki verdiyi dərslər müəyyən zamandan sonra hafizəsinə həkk olunur və sadəcə təkrara və dərsin deyilməsinə zaman xərcləyər. Dərs saatı az olarsa, tələbələrə daha faydalı ola bilərsən. Xüsusilə magistratura və doktorantura təhsilində tələbələrə üfüqləri daha geniş açmaq üçün onlara nüfuzlu tədqiqatçı alimlər dərs verməlidirlər.
Elmdə və təhsildə aparılan islahatlar bir-iki ilə nəticə verməz
- Azərbaycan universitetləri və alimlərimizlə əlaqələriniz barədə nə deyərdiniz? Azərbaycan universitet elmi və təhsilinin indiki səviyyəsi barədə qənaətləriniz necədir? Biz nələrə daha çox diqqəti artırmalıyıq?
- Dünyanın harasında olsam da, heç zaman can Azərbaycanla əlaqəm qopmadı. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyən, mərhum elmi rəhbərim professor Vaqif Hacıyev ilə elmi çalışmalarımı o dünyasını dəyişənə qədər davam etdirdim. Hazırda da həmin institutun təcrübəli rəhbərləri və yüksək səviyyəli qiymətli alimləri ilə ortaq elmi çalışmalarımız davam etməkdədir. Elmin təşkilində ilk ciddi islahatlar həyata keçirən Azərbaycan Dövlət İqtisad Universitetində vaxtında araşdırma mərkəzləri açıldı və bu mərkəzlər vasitəsilə universitetin islahatlarına və reytinqinin yüksəlməsinə müəyyən dəstəyimiz oldu. Bu gün də həmin dəstəyi davam etdirirəm. Azərbaycan Memarlıq və İnşaat Universitetinin son illərdə planlı və məqsədyönlü elmi yenilikləri də öz nəticələrini verməkdədir və birgə elmi araşdırmalarımız davam edir. Xaricə getməzdən əvvəl Azərbaycan Texniki Universitetində işlədiyim dönəmdə bu universiteti daha yaxşı tanıdığımdan, əməkdaşlarının bir çoxu ilə nüfuzlu jurnallarda ortaq elmi məqalələrimiz çap olundu. Bu universitetdə təşkil edilən bir çox konfransların plenar iclaslarına dəvət edildim, müxtəlif yeniliklərə dair məruzələrlə iştirak etdim. Universitetin elmi əsərlər jurnalına məşhur alim dostlarımla davamlı olaraq dəstək verdim və bu dəstəyim indi də ortaq elmi çalışmalarla davam etməkdədir.
Bakı Mühəndislik Universitetinin yeni rəhbərliyi dünyada elm və təhsildə həyata keçirilən reformları çox yaxşı bildiyindən son iki ildə çox mükəmməl islahatlar həyata keçirə bildilər. Bununla da dünyaya açılmaq üçün daha böyük imkanlar qazandılar. Təbii ki, bütün bunlar da universitetin uğurlarına əlavə güc qatacaqdır. Məzunu olduğum Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə də elmi əməkdaşlığım bu gün də davam edir. Artıq bu universitetdə müəllim hazırlığı ilə yanaşı elmi potensialın yüksəldilməsi işlərinin uğurla icra edilməsi Azərbaycan adına böyük uğurdur. Bu çərçivədə ADPU-nun filiallarının da, özəlliklə Quba filialının elm və təhsildə yenilikçi səyləri, özəlliklə də veb-səhifələrinin keyfiyyətli və sürətli inkişafı məni çox sevindirdi. 2008-ci ildən bu günə qədər “Odlar Yurdu” Universiteti ilə birlikdə önəmli konfranslar düzənlədik və ortaq elmi işlər həyata keçirdik. Sadəcə biz onlara dəstək vermədik, idarə heyəti də bizə dəstək verdiyini məmnuniyyətlə dilə gətirmək istəyirəm.
Bakı Dövlət Universiteti bütün universitetlərimizin ayrıldığı ulu çinarın ana gövdəsi olduğu üçün çox qüvvətli elmi potensiala sahibdir və bu potensialı sürətləndirmək üçün lazım olan bütün reformları uğurla gerçəkləşdirib və artıq bunun barını dərməyə başlayıb. Bunlarla yanaşı, adlarını saydığım Azərbaycan universitetlərinin QS reytinqlərini yüksəltmək üçün səylər göstərdim və dəstəyimi dostlarımla birlikdə davam etdiririk. Bugünkü standartlar baxımından bu, çox önəmli yanaşmadır.
Ayrıca olaraq bir məsələni də qeyd edim ki, bu il Nəzəri vǝ Tǝtbiqi Mexanika Türk Milli Komitǝsinin, İstanbul Texniki Universitetinin, İstanbul Ticarət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı əsasında Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və “Odlar Yurdu” Universitetinin təşkilati dəstəyi ilə ADPU-nun ev sahibliyi ilə “24-cü Beynəlxalq Mexanika Konqresi” və paralel olaraq “Mexanikada Yeni Trendlər üzrə Beynəlxalq Konqres” (ICNTM) keçiriləcək. Düşünürəm ki, bu da “Bir millət, iki dövlət” düşüncəsinin bir göstəricisi, eyni zamanda, qarşılıqlı elmi əlaqələrimizə daha bir yeni töhfədir.
Məmnuniyyətlə vurğulamaq lazımdır ki, İstanbul Ticarət Odası, İstanbul Ticarət Universiteti Azərbaycan ilə əlaqəli istər təhsil, istərsə də digər sahələrdə ikili iş birliklərinə çox önəm verir və kömək göstərirlər. Azərbaycanda ali təhsilin təşkili və yenidən qurulması islahatlarında obyektiv və subyektiv səbəblərdən dolayı gecikmələr oldu. Bu da öz növbəsində Azərbaycan elminin inkişafında bəzi maneələr yaratdı. Sovetlər birliyinin çökməsindən sonrakı tarix o qədər mürəkkəb və qarışıq idi ki, həll edilməsi lazım olan birinci dərəcəli məsələlərin yerini müəyyən etmək çətinlik törədirdi. Məlumdur ki, elmdə və təhsildə aparılan islahatlar bir-iki ilə nəticə verməz, bunun üçün ən azı 10 illik bir müddət lazım olur. Bunlara rəğmən, 2010-cu ildən etibarən Azərbaycanın ali təhsilində başlayan islahatlar sonrakı illərdə tempini artırıb. Ali təhsil müəssisələri və elmi mərkəzlər dünya ilə bütünləşmək üçün vacib addımları atdılar və ikili işbirliklərini gücləndirdilər. Elmin təşkili və dizaynını günümüzün tələblərinə cavab verəcək səviyyəyə gətirmək üçün hər zaman yüksəkixtisaslı kadrlara ehtiyac duyulub. Bunların yetişməsi üçün tələb olunan vaxt keçdikdən sonra Azərbaycan elm-təhsil müəssisələrində bir hərəkətlilik ortaya çıxdı. Konkret olaraq Azərbaycanda yaşayan alimlərin son 2-3 ildə “Dünyanın nüfuzlu alimləri” siyahısında yer alması, Azərbaycanda nəşr edilən bir çox jurnalın “Web of SCI” və “Scopus” elmmetrik bazalarına daxil edilməsi, beynəlxalq mötəbər konfransların Bakıda keçirilməsi və konfrans materiallarının “Web of SCI” və “Scopus” bazasında indekslənən jurnallarda çap edilməsi Azərbaycan elminin doğru yolda olduğunu göstərən sübutlardandır.
Elmlə məşğul olan istedadlı gənclərimiz var
- Biz son illərdə xaricdə çalışan və öz sahələrində uğurlar qazanan alimlərimizin sorağını alırıq. Onlar Azərbaycan təhsilinin, məktəbinin yetirmələridir. Türkiyədə də bizim istedadlı alim və gənclərimiz var. Məzunlarımızın hazırlıq səviyyəsi barədə nə deyərdiniz?
- Təbii ki, dünyanın müxtəlif ölkələrinin ali məktəb və elmi mərkəzlərində ölkəmizi uğurla təmsil edən dünyaşöhrətli alimlərimiz var. Bu alimlərin əksəriyyəti işlədiyi elmi mərkəz və universitetlərdə aparıcı alimlərdir. Almaniyada Məsud Əfəndiyev və mərhum Cavid Səfərov, İngiltərədə Qərib Mürşüdov, Türkiyədə Əmrulla Məmmədov, Vəli Şahmurov, Surxay Əkbərov, Bilal Bilalov, Elmxan Mahmudov, Təhmasib Əliyev, Çingiz Hacıyev, Biləndər Allahverdiyev, Azər Xanməmmədov, Oqtay Vəliyev, Elçin Ağacanov və digər qiymətli riyaziyyatçı, mexanik və fizik alimlərimizin adını çəkə bilərəm. Bu alimlər keçmiş sovet təhsilinin yetirmələri idi və əlverişli mühitdə öz istedadlarını uğura və şöhrətə çevirə bildilər. Bu alimlərin içərisindən Azərbaycana dönənlər də var, onların elmi potensialı bu sahədə yüksəlməkdə davam edən Azərbaycan elminin strukturlarında doğru dəyərləndirilməlidir. Onların məhsuldar çalışmaları üçün sərbəst mühit yaradılmalı, maddi və mənəvi imtiyazları qarşılanmalı, bir sözlə, ciddi bir şəkildə dəstəklənməlidir.
Türkiyədəki gənclərimiz üçün də özünü Türkiyədə və Azərbaycanda sübut edən, özəlliklə tibb sahəsində bakalavr və doktorantura təhsil məzunları daha çoxdur. Gənc uzman doktorlarımızın böyük əksəriyyəti geri dönərək Azərbaycanda uğurlu işlər görməkdədirlər. Mühəndislik sahəsində də uğurlu gənclərimiz var və Türkiyənin fərqli universitetlərini bitirdikdən sonra onların Azərbaycanda, ABŞ və Avropa ölkələri başda olmaqla dünyanın fərqli məşhur şirkətlərində üst səviyyə rəhbərlikdə və aparıcı mütəxəssis kimi çalışdıqlarını bilirəm. Hüquq sahəsində çox olmasa da, yetəri qədər məzunlarımız Türkiyədə müxtəlif sahələrdə çalışmaqdadırlar. Elmlə məşğul olan istedadlı gənclərimiz var və onların elmi səviyyələri, aldıqları təhsil, cəmiyyətə verəcəkləri sosial töhfələr zaman keçdikcə daha da özünü büruzə verəcək. Elmdə uğura aparan yol uzun, keşməkeşli, çox məşəqqətlidir. Qısa vaxtda böyük uğurlar gözləmək doğru deyil. Bir şeydən əminəm ki, Azərbaycan istedadlar ölkəsidir və bu məmləkət çeşmənin büllur suyu kimi yenə də istedadlar yetişdirməyə davam edəcək.
Azərbaycanda keyfiyyətli tədqiqatların olduğunu bilmək sevindirici bir məlumatdır
- Dünya ali təhsili innovasiyalar bumu yaşayır və mühəndislik sahələrinə diqqət güclüdür. Sizcə, Azərbaycan üçün mühəndislik nə dərəcədə prioritetdir?
- Öncəliklə ali təhsildə yaşanan innovasiyalar bumunu və elmi mərkəzlərdəki tədqiqatlar selinin hədəflərinin dinc məqsədlər üçün istifadəyə yönləndirilməsi çox önəmlidir. Amma bu belədirmi? Məncə, tam da belə deyil. Bu mövzuda pandemiya dönəmində bir laboratoriyada yol verilən xətanın dünyada nələrə vəsilə olduğunu xatırlatmaq yerinə düşər. Yeni dünyanı yeni texnoloji yeniliklər dizayn və idarə edir. Əgər elmi araşdırmalar texnoloji inkişafın beynidirsə, onu ayaqda saxlayan ən mühüm dayaqlardan biri də mühəndislikdir. Mühəndislik sadəcə bizim ölkə üçün deyil, bütün ölkələr üçün əvəzedilməz bir sahədir. Bu sahədəki inkişaf və nailiyyətlər bütün ölkələrin gələcəyini müəyyənləşdirir. Müasir mühəndisliyin ehtiyaclarını düzgün dərk edə bilməyən və bu yöndə səy göstərməyən ölkələr başqa ölkələrdən asılı qalacaq və nəticədə, bu asılılıq sayəsində öz müstəqilliklərini də itirə bilərlər. Mühəndisliyin ölkəmiz üçün nə qədər önəmli olduğu sualının qısa cavabı budur.
Bir az təfərrüata varsaq, 1-ci sənaye inqilabında mühəndislik bir ailənin dədə-babasının, atasının, nəvəsinin və sairinin 150 ildən çox tanıdığı və ailə büdcəsinə yaxşı gəlir gətirdiyi cəlbedici bir peşə idi. Ona görə də baba nəvəsinin övladı kimi mühəndis olması istəyində haqlı idi. 2-ci sənaye inqilabında bu dövr təxminən 100 ilə qədər azalmış, 3-cü sənaye inqilabında 50 ilə yaxın cəlbedici bir peşəyə çevrilmiş, 4-cü sənaye inqilabı dövründə isə mühəndisliyin bütün sahələri daha qısa müddətdə öz təsirini itirməyə başlamışdır. İndi isə özünü yaxşı inkişaf etdirə bilməyən mühəndis təqaüdə çıxana qədər işini itirə də bilər. Bu da onu göstərir ki, mühəndislər özlərini öz sahələrində davamlı olaraq təkmilləşdirməlidirlər. Texnologiya sürətlə inkişaf edərək gözümüzün qarşısında sürətlə köhnəlir, öz yerini daha müasir texnologiyalara verir ki, bu da universitetlərdən dinamik və mobil təhsil strukturuna malik tədris tələb edir. Ölkədəki bütün ali məktəblər bu vəziyyətə hazır olmalıdır. Yaxın gələcəkdə təhsildəki dəyişikliklər sayəsində təhsil sisteminin yeni dünyanın şərtlərinə uyğun olaraq yenidən qurulmasına ehtiyac ola bilər. Yaxın gələcəkdə dil fərqlərinin aradan qalxması qeyri-ingilis dilində danışan insanların elm və texnologiyada əldə etdikləri yaxınlaşmaları öz xeyrinə azalda bilər. Bu amildən yaxşı istifadə etməyə hazır olmalıyıq. Ailə anlayışı və o quruluşu təmin edən bütün elementlər dəyişməyə başlamış və indiki şəraitdə bu elementlər birləşdirici deyil, bölücü bir mərhələyə qədəm qoymağa başlamışdır. Cəmiyyətlərin min illər boyu toplanmış dini və mənəvi dəyərlərini qorumaq üçün yeni üsul və yanaşmalar hazırlanmalıdır. Sosioloji inkişaflar, yaxın gələcəkdə insanların yaşadıqları mühitdən çox, peşələrinə görə bir-birilə daha sıx əlaqədə olacağını proqnozlaşdırır.
Əgər bəşəriyyətin bütün elmi bilikləri yalnız 1-ci sənaye inqilabının əsasını təşkil edən əsas materiallar idisə, yaxın gələcəkdə yeni sənaye inqilabı adlandırdığımız uğurlu dövrlərin nailiyyətləri ultrainqilabının əsasını təşkil edə bilər. Dünyamızda baş verən aclıq, qıtlıq, müharibə və digər neqativ səbəblər bəzi inkişaf etmiş ölkələrdə insanların başqa planetlərdə, xüsusilə Marsda gözləniləndən daha tez yaşamasına zəmin yarada bilər. Bu proses planetimizdə mövcud olan dağıdıcı silahlardan istifadə imkanından asılı olaraq sürətlənə bilər. Bütün bu inkişaflarda yeni nəsil mühəndislər iştirak edəcək.
Mühəndislik üçün prioritet maraq doğuran sahələrdən biri yeni nəsil ağıllı kompozitlər (Nanomateriallar, metamateriallar və s.), digəri isə yaşıl hidrogen enerjisidir. Azərbaycanlı fizik və kimyaçıların müxtəlif növ nanomateriallar üzrə çoxlu keyfiyyətli tədqiqatların olduğunu bilmək sevindirici bir məlumatdır. Yeni nəsillər üçün yaşana bilən bir dünya buraxmaq və digər planetlərə miqrasiyanı gecikdirmək və qarşısını almaq üçün yaşıl hidrogen enerjisinin istehsalı və istifadəsi tələblərdən biridir və bu tədqiqatları həyata keçirən komandaların tərkib hissəsi müasir mühəndislərdir. Perspektivli haldır ki, xüsusilə son illərdə hidrogen enerjisindən istifadə sahələri genişlənmiş, hidrogendən elektrik enerjisinin alınması və hidrogenin saxlanması üzrə tədqiqatlar aparılmışdır. Bu sahədə Azərbaycanda dövlət səviyyəsində atılan addımlar, beynəlxalq səviyyədə keçirilən görüşlər və konfranslar, verilən dəstək və smart materiallar və yaşıl enerji məsələlərinə qoyulan investisiyalar təqdir edilməlidir.
Bu qələbə gözümüzə nur, dizlərimizə taqət, ruhumuza rahatlıq gətirdi
- Biz Vətən müharibəsində Zəfər qazanmış ölkənin vətəndaşlarıyıq. Və “ağıllı texnologiya”ların rolunu gördük. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Sözün tam mənasında İkinci Qarabağ müharibəsindəki qələbəmizi ifadə etməyə sözlər yetərli deyil. Qlobal dünyada məsafələrin daraldığı bir vaxtda bu qələbə, bu ZƏFƏR dünyanın hegemon güclərinə qarşı bir üsyan idi. Azərbaycan xalqı, onun qəhrəman əsgərləri, şərəfli sərkərdələri, Ali Baş Komandanın rəhbərliyi altında bu müharibəni şərəflə başa vurdular. Bu qələbə gözümüzə nur, dizlərimizə taqət, ruhumuza rahatlıq gətirdi. Bu qələbədən sonra Azərbaycan liderinin taktiki uğuru və yüksək siyasi zəkası Qarabağımızın tam şəkildə işğaldan azad edilməsini təmin etdi. Bu böyük qələbə Azərbaycan xalqının qələbəsi idi və bu zəfərdə Türkiyə Cümhuriyyəti sadə vətəndaşından Cümhurbaşkanına kimi Azərbaycan xalqının yanında olub, ona mənəvi dəstək oldu. Bu da Türkiyədə yaşayan Azərbaycan türkləri olaraq bizi çox sevindirdi və qürurlandırdı. Bir daha “Bir millət, iki dövlət” deyimi öz təsdiqini tapdı.
Bu müharibə müxtəlif sahələrdə, xüsusilə müdafiə sənayesində yeni və “ağıllı texnologiya”ların nə qədər əhəmiyyətli olduğunu göstərdi. Bununla da gələcək mümkün müharibələrin nəticəsinin quruda və dənizdə deyil, havada və kosmosda həll olunacağını göstərir. Bu, yeni texnologiyaların müasir kompüter sistemləri və müasir proqram təminatı ilə təchiz edilməsinə, yeni nəsil smart materialların kəşfinə, kosmik və aviasiya cihazlarının təchiz edilməsində rolunun artmasına səbəb olub. Yaşıl enerjinin əldə edilməsi və onun uzunmüddətli saxlanması texnikasını öyrənmək yeni səyahət edənlərə səfərlər və iş imkanları təqdim edə və insanların digər istiqamətlər üçün rifahının artmasına səbəb ola bilər.
Böyük uğur istedad və çox zəhmət tələb edir
- Elmə, tədqiqatlara həvəs göstərən gənclərə nə kimi tövsiyələriniz olardı?
- Gənclik bütün cəmiyyətlərin hərəkətverici qüvvəsidir. Gəncliyinə sahib olan dövlət hər zaman uğurlar qazanıb. Bildiyim qədər Azərbaycan dövləti gənclərin inkişafına yönəlik çoxlu dövlət proqramları hazırlayıb, buna da ancaq sevinməliyik. Dinimiz də söyləyir ki, elm Çində olsa belə, onun dalınca getməlisən. Bütün uğurların və uğursuzluqların təməli gənclikdə qoyulur. Gənclərin uğura aparan yolu müxtəlif mərhələlərdən ibarətdir, onların formalaşması üçün ən yaxşı dövr orta məktəb, yetişməsi üçün ən yaxşı dövr isə universitet illəridir. Gənclərimiz bir sahədə özlərini mükəmməl inkişaf etdirmək üçün dünyanın ən yaxşı universitetlərindən birini uğurla, yüksək müvəffəqiyyətlə bitirməlidirlər. Əgər gənc bu vaxtı qaçırıbsa, öz ixtisasını və ya doktoranturasını dünyaşöhrətli alimin yanında (bəlkə də öz ölkəsində) və ya dünyanın aparıcı elmi mərkəzlərindən birində keçməlidir. Əgər bu vaxtı da qaçırıblarsa, dünyanın ən yaxşı elmi mərkəzlərindən birində postdoktorluq işləri görməlidirlər. Bunlar tədqiqatçıda fərqli baxış yaradır. Bu kateqoriyalarda uğur qazanmaq asan deyil, lakin çox uğurlu olmaq insanı milyonlarla insandan fərqləndirir. Bu elmi sərmayə ona özünü və yaşıdlarını işlədiyi elm deyilən binada yerləşdirməyə və özünü onlarla müqayisə etməyə imkan verir.
Ən önəmlisi isə alimlərin yerləşdiyi 100 mərtəbəli virtual binada insan öz səviyyəsini və yerini müəyyən edib, hansı reytinqə malik olduğunu müəyyən edə bilər. Futbolla müqayisə etsək, yəni hansı liqada oynayır və ya kiminlə oynayır. Bu reytinq onun həll edə bildiyi elmi problemlərin səviyyəsini müəyyən etməyə imkan verir. Beləliklə, bu, gənclərə apardıqları tədqiqatdan əldə edilən nəticələrin öz reytinqinə uyğun olaraq hansı jurnallarda dərc oluna biləcəyini müəyyən etməyə imkan verir.
Son olaraq məndən gənclərimiz üçün kiçik nəsihətlər:
- Çox çalışanda uğur mütləq sizi tapacaq. Bu sözü unutma! Çox çalış!
- Böyük uğur istedad və çox zəhmət tələb edir. Əgər sizdə yoxdursa, kədərlənməyin!
- Dahilik Allahın bir hədiyyəsidir. Min ildə bir dəfə verilir!
Həyat məktəbindən aldığım dərslər:
15-25 yaşlarda keçirdiyin boş zaman, 40-50 yaşlarında belinə yük olacaq. 30 yaşına qədər bunun fərqində olmasan, 50-60 yaşında daha ağır yük daşımalı olacaqsan.
Təkamülünü 35 yaşa qədər tamamla, yoxsa ömrünün sonuna qədər əziyyət çəkəcəksən. Bunları unutma!
- Geniş və maraqlı müsahibə üçün dərin minnətdarlığımızı bildiririk.