Biz hara gedirik?

Bu ölkədə həqiqətən narkotika ilə bağlı kütləvi reyd keçirilməlidir

Belə gənclər azadlıqla nizam-intizamı səhv salıb daha nələr etməz ki...

İki hadisə hazırda müzakirə predmetidir. Birincisi, Hacı Zeynalabdin Tağıyevin abidəsinə zərər vurulması, ikincisi isə metro vaqonunda bir neçə gəncin, anlaşılmaz hərəkətlər etməsi, mayallaq aşmasıdır. Bu görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə metronun “Bakmil” stansiyasından “Nəriman Nərimanov” stansiyasına hərəkət edən qatarda bir qrup gəncin əyləncə məqsədi ilə xoşagəlməz hərəkətlər etməsi əksini tapır. Birinci hadisə də, ikinci də yalnız təəssüf doğurur. Birinci hadisə görkəmli ictimai xadimə qarşı hörmətsizlikdir, ikinci də təxminən eyni münasibətin təzahürüdür; ümumilikdə cəmiyyətə qarşı hörmətsizlikdir. Yanvarın 18-i Bakı metropoliteninin “İçərişəhər” stansiyasının qarşısında görkəmli xadim, messenat, Azərbaycan xalqına misilsiz xidmətlər göstərmiş Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı oldu.

Üzərindən bir neçə saat keçdikdən sonra - gecə saatlarında isə heykəl zədələndi - Hacının əlində tutduğu təsbeh kimlərsə tərəfindən qırıldı. Sevindirici olan budur ki, hadisə operativ şəkildə araşdırıldı. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hadisə ilə bağlı açıqlama verərək bildirib ki, Hacı Zeynalabdin Tağıyevin abidəsinə ziyan vuran şəxslər Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qısa zamanda müəyyən olunaraq saxlanılıb. Bu şəxslər 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədlidir. Faktla bağlı 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. Heykəlin zədələnmiş hissəsi isə artıq bərpa edilib. Analoji hadisənin təkrarlanmaması üçün müvafiq tədbirlər görülür. Ərazi 24 saat polis nəzarəti altındadır, həmçinin müşahidə kameraları da var. "Bu hadisəni törədənlər, görünür, milli dəyərlərdən uzaq adamlardır. Hər heykəlin yanına bir polis təhkim etmək olmur. Amma hadisə olan ərazidə 24 saat polis nəzarəti var. Həmçinin kameralarla da nəzarət təmin edilib. Hadisəni törədənlərə qarşı iki maddə ilə cinayət işi açılıb".

Heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov "Sputnik Azərbaycan"-a açıqlamasında baş vermiş hadisəni təəssüf hissi ilə qarşıladığını bildirib. Onun sözlərinə görə, hadisə barədə gecə saat 02:00 radələrində xəbər tutub: 

"Gecə saat 02:00 radələrində Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov mənə zəng edib belə bir hadisə baş verdiyini dedi. Biz də gecə ilə ora getdik, ustaların hamısını tapıb oraya topladıq. Gecə səhərə qədər heykəlin sındırılan hissəsi bərpa olunub". X.Əhmədov bu əməli törədənlərə qarşı münasibətini də açıqlayıb: "Görünür, bunu edənlərdə güc var, ağıl yox! Yəqin onlar heykəli sındırarkən hər hansı pis vərdişin təsiri altında olublar. Yenə yaxşı ki, sındırdıqlarını aparmayıblar. Yoxsa o təsbehləri düzəltmək ən azı on gün vaxt tələb edərdi". Müəllif heykələ qarşı belə bir hörmətsizliyi gözləmədiyini də söyləyib: "Mənim ağlıma da gəlməzdi ki, heykələ qarşı belə hərəkət edərlər. Görünür, bu ağılda olan insanlar var. Amma artıq bu əməli törədənlər kameralara düşüb, tutulub, onlara qarşı hüquqi müstəvidə tədbir görüləcək. Araşdırma aparıldıqdan sonra bəlli olacaq ki, onlar bunu hansı səbəbdən ediblər". X.Əhmədov deyib ki, heykəl bərk materialdan hazırlansa da, təsbeh iki nöqtədə birləşdiyindən onu asanlıqla qırmaq mümkün olub: "Heykəl çox möhkəm materialdan hazırlanıb. Amma Hacının əlində tutduğu təsbeh iki nöqtədə birləşdiyindən, onu sındıra biliblər".

Metronun “Bakmil” stansiyasında nalayiq hərəkətlər edən gənclərlə bağlı da araşdırma başlanıb. DİN-in məlumatında qeyd olunur ki, sözügedən görüntülərlə bağlı Metropolitenin Polis Şöbəsində araşdırma aparılır.
Bu hərəkətlərə nə ad vermək olar? Ölkədə Hacı Zeynalabdin Tağıyevi tanımayan kiminsə olması ehtimalı sıfırdır. Kiminsə Hacıyla şəxsi-qərəzliyi də ola bilməz, bu, absurd səslənər. Bəs niyə abidə hədəfə alınıb? Abidəyə zərər verən şəxslərin müəyyən mənfi alışqanlıqların təsiri altında olmaları istisna edilmir. Bu məsələ istintaq orqanları tərəfindən araşdırılacaq. Bəs metro vaqonunda anlaşılmaz hərəkətlər edən, tutacaqdan sallaşan, mayallaq aşan gənclər nəyin təsiri altındadır? Uyuşdurucu maddələrin, yoxsa “Tik-Tok”un?  Çox ciddi problemlə üz-üzəyik və bunun səbəbləri tapılmalıdır. 

Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında qeyd etdi ki, hər iki hadisə xoşagəlməzdir və təəssüf doğurur:

- Baş vermiş bu hadisələr insanların daxilindəki aqressiyanı göstərir.  Hətta Hacı Zeynalabdin Tağıyev kimi şəxsiyyətin abidəsi də müzakirəyə çıxarılır və mən sosial şəbəkəni izləyəndə görürəm ki, insanlar hətta bu məsələyə də aqressiv yanaşır, fikirlərini aqressiv şəkildə çatdırırlar. Aqressiyanı xaricə ötürməyin müxtəlif yolları var və kimsə sözlə, irad bildirməklə, kimsə də fiziki güc tətbiq etməklə daxilindəki aqressiyadan xilas olmağa çalışır. 

Bu, insanın düzgün formalaşmadığının əlamətidir.  Xarakteri oturuşmamış, olğunlaşmamış insanlar özgüvəni təqdim etməyə, özünü fərqli göstərməyə, cəmiyyətdən fərqli olduqlarını sübut etməyə çalışırlar. Əslində isə bu, özgüvənə sahib olmaqdan deyil, əksinə, özgüvənsizlikdən irəli gəlir. Sadəcə, bəzi insanlar bunu anlamır. Elə bilirlər, sərbəstdirlər, fərqlidirlər. Halbuki bu insanların psixoloji problemləri var. Abidəyə zərər verən insanlar barədə başqa nə düşünmək olar? Yaxud metro vaqonunda nalayiq hərəkətlər edən gəncləri başqa necə adlandıra bilərik? Bu insanlar şəxsiyyət kimi formalaşmayıblar,  yarımçıq xarakterə malikdirlər. Özünü cəmiyyətə fərqli göstərməyə çalışan adamlarda yalqızlıq hissi güclü olur. Uyuşdurucu maddə istifadə etmək, xuliqanlıq, yersiz videolar çəkib paylaşmaq, yüngül hərəkətlərlə diqqəti cəlb etmək, bütün bunlar nəticədir. Səbəb isə insanlarda empati hissinin itməsidir. İctimai etikaya etinasızlıq, saymazlıqdır. Çünki onlara bunu öyrədən olmayıb. Bizim bəzi vətəndaşlarımızın səhvi bundadır ki, azadlıqla nizam-intizamı səhv salırlar. Deyirsən, uşağa nizam-intizam öyrədin, ictimai yerdə necə davranmalı olduğunu bilsin, etiraz edir ki, Avropada uşaqlar sərbəst böyüyür, bizim uşaqlar da qoy sərbəst böyüsün. Belə deyil. Avropada nizam-intizam da var. Demirəm, bizdə yoxdur. Amma sözüm nizam-intizamla sərbəstliyi səhv salanlaradır. Bəlkə müşahidə etmisiniz, avtobusda, metroda, parkda... valideyn uşağı sakitləşdirə bilmir. Uşaq ağlayır, çığırır, ayaqlarını yerə döyür, ana deyir “əyləş”, uşaq yerlərdə sürünür ki, yox, əyləşməyəcəm. Bilirsiniz niyə? Çünki evdə uşağı əyləşdirmək istəyəndə, əyləşməyib, ana da “cəhənnəmə əyləşsin, başım ağrıdı” deyib əlini yelləyib. Uşaq da artıq buna alışıb ki, nə istəsə edə bilər. Ona görə də ictimai yerlərdə özlərini apara bilmirlər.  Uşaqlara ictimai etika qaydalarını başa salmırlar. Nəticədə qaydalar da pozulur, tabular da. Bu da dünən şahidi olduğumuz hadisələrə gətirib çıxarır.