Şagirdlərin hərbi məktəbi ziyarət etməsi təqdir olundu
Əhməd Qəşəmoğlu: "Bu ziyarətin təşkili ola bilsin ki, uşaqlarda vətənsevərlik ruhunun yaranması ilə yanaşı, gələcəyin bir komandanı olmaq arzusuna səbəb olacaq"
Bakıda məktəblilər ali hərbi məktəbi ziyarət ediblər. Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. İlk növbədə, ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb.
Qonaqlar hərbi liseyin və ali hərbi məktəbin ərazisi, əsgər yataqxanası və yeməkxana, tibb məntəqəsi, idman şəhərciyi və hamam-camaşırxana kompleksi ilə tanış olublar. Şagirdlərə hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar və onlardan istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Hərbi təhsil ocaqlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar ziyarətçilərin marağına səbəb olub.
Sonra məktəblilərin Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Şagirdlər açıq səma altında müxtəlif qoşun növlərinə aid texnikalardan ibarət ekspozisiya ilə tanış olub. Xatirə şəkli çəkdiriblər.
Silsilə tədbirlərin yekunu olaraq, A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə "Vətən mənə oğul desə..." adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, məktəbin müəllim və şagirdləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində, orduya hazırlanmasında, hərbi biliklərə yiyələnməsində və onlarda hərbi peşələrə marağın oyadılmasında müstəsna əhəmiyyətindən danışıblar.
Məktəbin müəllim və şagirdləri tədbirin təşkilində göstərilən dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildiriblər. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.
Professor, sosioloq Əhməd Qəşəmoğlu "Şərq"ə açıqlamasında bildirib ki, bu istiqamətdə işlər çoxdan başlanılmalı idi:
"Mütəxəssislərlə birgə belə addımların vacib olduğunu vurğulayırıq. Nəinki vətənpərvərlik mövzusunda, həmçinin orta məktəb şagirdləri müxtəlif peşə məktəbləri, istehsal müəssisələri, ümumilikdə ölkə üçün vacib olan sahələr barədə praktik biliklərə malik olmalıdırlar. İndiki vaxtda orta məktəblərdə də hər bir şagirdin istedadının üzə çıxması üçün şərait yaratmalıyıq. Bu ziyarətin təşkili ola bilsin ki, uşaqlarda vətənsevərlik ruhunun yaranması ilə yanaşı, gələcəyin bir komandanı olmaq arzusuna səbəb olacaq. Elə şagird olacaq ki, hərbi liseyin üzvlərini görüb, həvəslənəcək. Orada təhsil alanların qeyri-adi insanlar olmadığını görəcəklər. Beləliklə, hərbi məktəbdə oxumaq haqqında düşünəcəklər. Belə ziyarətlərin təşkili praktikası təkcə bir məktəbdə yox, bütün təhsil prosesində çox geniş aparılmalıdır.
Təhsil Nazirliyi bununla bağlı fəaliyyət göstərməlidir. Belə olduqda uşaqlar artıq gələcək ixtisaslarını seçərkən aydın məlumatlı olacaqlar.
6-7 il əvvəl sorğu keçirərkən məlum olub ki, 10-11-ci sinif şagirdlərinin ölkə üçün əhəmiyyətli olan peşələr barədə heç bir lazımi məlumatı yoxdur. Bəzən insanlar ixtisas müəyyənləşdirəndə ətrafındakı qonşusuna, dostuna baxır, seçir. Bir başqası məsələn, biznes sözü xoşuna gəldiyi üçün həmin yöndə davam etmək istəyir. Təbii ki, bir film izləməklə onlarda o qədər də təəssürat yaranmayacaq.
Elə 70 il əvvəl də sovet məktəblərində bu təcrübə az da olsa, var idi. Son vaxtlar təhsil sistemimiz elə bir vəziyyətə düşüb ki, bütün faydalı fəaliyyətlər unudulub. Elə ancaq uşaqlar həddindən artıq dərslə yüklənir, müəllimlərə sənəd hazırladırlar".