Narınc Rüstəmova: "Biz mərkəz olaraq o uşağa təmənnasız yardım göstərməyə hazırıq"
Bu travma uşağın irəli zamanlarda nəinki bütün heyvanlardan, hətta insanlardan da qorxmasına səbəb ola bilər
İnsanların, xüsusən də uşaqların ən yaxşı dostu heyvanlardır. Əksər azyaşlılar pişiyə, itə həvəsli olurlar, oynamaq istəyirlər, hətta onlarla söhbət də edirlər. Ta ki, valideyn gəlib, onları heyvanlardan uzaqlaşdırana qədər. Bəzən elə ana-ata olur ki, uşaqları qorxutmaq üçün məsələn, yatmaları, küçədən evə qayıtmaları üçün "it gələcək, səni dişləyəcək" tipli cümlələrlə, vahimə dolu səslərlə onları heyvanlardan belə demək mümkündürsə, diksindirirlər. Belə olduğu halda, əlbəttə, növbəti dəfə uşaq haradasa it görəndə ondan çəkinəcək, hər ehtimalı nəzərə alaraq, yerdən bir daş götürəcək, heyvanlar da öz növbəsində təhlükəsizlikləri üçün onlara cumacaq.
Təbii ki, bunun tam əksi olan insanlar da mövcuddur. Hətta bəzi hallarda sahibsiz küçə itlərini güllələyərək, öldürürlər. Buna cəmiyyətin bir hissəsi qarşı çıxır, tənqid edilər. Heyvanların da canlı olduqları üçün öldürülmələrinin yanlışlığını bildirirlər. Doğrudur, küçə itlərinin böyüklərə, kiçiklərə hücum etdiyi xəbərlərinə də rast gəlirik. Sosial şəbəkələrdə şahidi olduğumuz Fərqanənin başına gələn hadisə kimi. Sosial platformada 5 yaşlı Babayeva Farqananın burnunu, başının iki tərəfini, əlinin üstünü quduz itin dişləməsi olayı yayılıb. Azyaşlının gecə-gündüz ağrılardan yata bilmədiyi, nəfəs almağının çətinliyi və əməliyyata ehtiyacı olduğu barədə məlumatlar öz əksini tapıb. Təbii ki, bir insanı, üstəlik, uşağı itin dişləməsini düşündükdə ürəkağrıdıcı mənzərə göz önünə gəlir. Belə səbəblərdən qəzəblənib, itin öldürülməsini haqlı sayırlar. Amma küçə heyvanları yaşayaraq da, zərərsizləşdirilə bilərlər. Öldürmək çıxış yolu deyil. İlk olaraq, özümüzü, övladlarımızı insaflı, rəhmli olmağa çağırmalıyıq.
Klinik-psixoloq, "Narınc" Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "Yaş və İnkişaf Psixologiyası Şöbəsi"nin kiçik elmi işçisi Narınc Rüstəmova "Şərq"ə açıqlamasında bildirib ki, uşağın yaşadığı hadisə onun üçün böyük bir psixoloji travmadır:
"Təsirindən uzun müddət çıxa bilməz. Posttravmatik stres özünü sonradan daha çox büruzə verməyə başlayır. Yaxşı olardı ki, azyaşlı xəstəxanadan çıxdıqdan sonra mütləq psixoloji dəstək alsın. Hətta uşağın valideynləri bu yazını oxuyursa, bütün səmimiyyətimizlə bir mərkəz olaraq, ona təmənnasız köməklik göstərməyə hazırıq. Bu travma uşağın irəli zamanlarda nəinki bütün heyvanlardan, hətta insanlardan da qorxmasına, ünsiyyətdən qaçmasına, təşvişə düşmə, yuxu və qida pozuntularının yaranmasına səbəb ola bilər.
Psixoloq görüntülərin ürək parçalayan olduğunu vurğulayıb:
"Əgər heyvan vaksin olunubsa, yəni quduz deyilsə və bu formada uşağa zərər veribsə, mütləq hadisələrin öncəki gedişatı araşdırılmalıdır. Zoopsixologiyada heyvanın kiməsə, nəyəsə zərər verdiyi hallar daha çox özünü qorumaq üçün, qarşı tərəfdən təzyiq gördüyü zaman baş verir.
Ona görə biz çox vaxt özünü müdafiə məqsədilə şiddətə əl atan insanlara şiddət heyvani instinktdir, deyirik. Adətən valideynlərdə də günah olur. Uşaqlara o heyvan pisdir, murdardır, görsən, daş at, qışqır, yaxın getmə, harada rastlaşsan, öldür, vəhşidirlər, sənə qurd düşər, mikrob bulaşar və s. kimi qorxu, aqressiya aşılayırlar.
Bu da özünü uşaqlarda müxtəlif cür göstərir. Bəziləri qorxur, qaçır, fobiyaları yaranır, bəzilərində isə özümü qorumalıyam instinkti ilə aqressivlik formalaşır.
Heyvanları çayda, suda boğmaq, daşlamaq, qovlamaq, əzmək, quyruğunu dartmaq, tutub, zülm vermək və s. hərəkətlər müşahidə edirik. Heyvanlar da təhlükəsizliklərini təmin etmək üçün bu şəkildə hücumlar edə bilir.
Qarışqanı və ya həşəratları, quşları tapdayan, qolunu, ayağını qoparan uşaqlar görürük. Hər şey bax, bu xırdalıqlardan başlayır. Heç bir xəstəliyi olmayan heyvanın səbəbsiz yerə insanı belə parçalaması ağlasığmazdır. Həyat bumeranqdır. Ötürdüyümüz neqativ enerji dönüb, dolaşıb, mütləq bizi yenidən tapır.
Odur ki, heyvanlarla münasibətdə, bunu övladlarımıza izah edərkən diqqətli olmalıyıq. Uşaqlara insanlara, heyvanlara, əşyalarına, hətta geyimlərinə qarşı belə mərhəmətli olmağı öyrətməliyik".