Övladlığa uşaq götürən ailələr öhdəliklərini bilməlidir


Bu sahənin mütəxəssisləri, sosial işçilər, hətta psixoloqlar həmin o risk qrupuna aid edilən ailələrdə iş aparmalıdır

2019-cu ilin 1 noyabrından bu günə kimi övladlığa götürmə ilə bağlı 643 vətəndaş Sosial Xidmətlər Agentliyinə müraciət edib.
Bu barədə Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev "Sosial saat"da bildirib. 
Onun sözlərinə görə, sistem yeni yarandığı üçün təkcə 2020-ci ildə 157 vətəndaş müraciət edib: "Hazırda övladlığa götürmək üçün Agentliyə üz tutan vətəndaşlar daha maariflənmiş, qayğı niyyəti ilə gəlirlər. 643 müraciətdən 101-i nənə-baba müraciəti olub. Onların 61-nə müsbət rəy, 31-nə isə imtina verilib. 2019-cu ilin 1 noyabrından sonra övladlığa verilən uşaqların geri qaytarılması halı qeydə alınmayıb. Lakin həmin tarixə qədər övladlığa verilmə ilə bağlı aparılan monitorinqlərin nəticəsi göstərir ki, bəzən vətəndaşlar övladlığa götürülmənin ləğvi ilə bağlı məhkəmələrə yaxınlaşırlar. Uşaqlar belə hallarda mərkəzə qaytarılır. Onlara 2 ay müddətində reabilitasiya xidməti göstərilir və yenidən övladlığa verilməsi dəyərləndirilir".

Fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, övladlığa götürmə Qərb ölkələrində çox geniş yayılıb: 

"Müsbət addımdır. Məsələ bir çox problemli tərəfləri ilə də diqqət çəkir və çağdaş dövrümüzdə də aktuallıq kəsb etməkdədir. Övladlığa götürməklə bağlı məsələnin əsasən, iki aspekti mühümdür. Birincisi, hüquqidir. Burada övladlığa götürmənin qaydaları məhz hüquqi müstəvidə tənzimlənir. Digər istiqamət isə təbii ki, məsələnin sosioloji aspektidir. Müasir dövrü keçmişlə müqayisə etdikdə vətəndaşlarımızın övladlığa götürməklə bağlı münasibətləri arasında baxışların kəskin fərqləndiyini görürük. 

Əvvəlki illərdə insanlar məsələnin hüquqi tərəflərinə önəm vermirdilər. Müstəqil Azərbaycanın zamanında isə ölkədə qəbul olunmuş qanunlar, eyni zamanda toplumun özünün baxışlarındakı, dəyərlərə münasibətindəki dəyişikliklər övladlığa götürməklə bağlı yeni tendensiyaları ortaya qoymuş oldu. Ümumiyyətlə, övladlığa götürmənin cəmiyyətin bütün dövrlərində müşahidə olunmasının obyektiv səbəbləri var. Uşağı olmayan cütlüklər, bəzi hallarda isə yaşlı insanlar körpələr evində böyüyən, yaxınlarının, münasib bildiyi ailələrin azyaşlı vətəndaşlarını müraciətə, qanunlara əsasən, övladlığa götürürlər. Daha sonra ailənin öhdəlikləri yaranır. Həmin ailələrin sosial-iqtisadi baxımdan təminatı, onun tələbatlarının ödənilməsi kimi məsələlər diqqətdə saxlanılır. 

Son zamanlar sosioloqların müşahidə etdiyi bu kimi analoji hallarla rastlaşa bilirik. Uşaq övladlığa götürülür, sonra həmin ailədə münaqişə çıxdıqda, ya hansısa hüquqi öhdəliklər yerinə yetirilmir, ya da övlad müəyyən bir yaş həddinə gəlir, hansısa səbəblərdən anlaşılmazlıqlar baş verir. Bu səbəblərdən artıq dövlət orqanları məsələyə münasibətdə çox ehtiyatlı davranırlar. Övladlığa götürən tərəfin kimliyi, onların maddi baxımdan imkanları araşdırılır".

A.Həsənov qeyd edib ki, bu gün övladlığa götürdükdən sonra yaşanan problemlər daha çox mənəvi, psixoloji, eyni zamanda sosial-iqtisadi amillərlə bağlıdır: 

"Bəzi hallarda da övladlığa götürülmüş fərdlərin həmin ailələrdə şiddətə, qeyri-insani davranışlara məruz qaldığını müşahidə edirik. Bu məsələlərlə iki istiqamətdə mübarizə apara bilərik. Onlardan biri hüquqi yoldur, qanun çərçivəsində məhkəmə və hüquq mühafizə orqanlarının nəzarətidir. İkinci aspekt isə sosial işçilər vasitəsilə sözügedən ailələrdə daimi olaraq, maarifləndirici, tərbiyəvi işin aparılmasıdır. 

Bu sahənin mütəxəssisləri, sosial işçilər, hətta psixoloqlar həmin o risk qrupuna aid edilən ailələrdə iş apararaq, problemin böyüməsinə qarşı önləyici tədbirlər ala bilərlər. Təbii ki, sosial işçilər bunu maddiyyat qarşılığında edir. Eyni zamanda o ailələrin imkanları varsa, onlar özləri könüllü şəkildə sosial işçiləri, psixoloqları öz ailələrinə dəvət etməlidirlər. Bildiyimiz kimi, Qərb ölkələrində hər ailənin psixoloqu var. 

Biz də bu nümunədən yetərli örnək götürməliyik. Yaxud da dövlət öz sosial işçi kontingentini genişləndirərək, müəyyən nazirliklərin, dövlət strukturlarının, yaxud da publik şəxs səviyyəsində qurumlar yaratmaqla sosial işçi mütəxəssislərinin sayını artırması mümkündür".