Bu faktor da nəticədə qəzaların sayının artmasına gətirib, çıxarır
Azərbaycanda magistral yollarda baş verən qəzaların sayı 36 faiz artıb.
Bunu Dövlət Statistika Komitəsi bildirib. Komitədən əldə olunan məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında magistral avtomobil yollarında 64 qəza olub.
Bu isə ötən illə müqayisədə 36,2 faiz artım deməkdir.
Yaşayış məntəqələrində isə 339 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu isə ötən illə müqayisədə 3 faiz artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında 403 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,3 faiz artaraq, 556 nəfər olub. Onlardan 183-ü həlak olub, 373-ü isə yaralanıb. Hadisələrin 48,9 faizi gündüz, 35 faizi gecə, 16,1 faizi isə toran vaxtı yaşanıb, 29 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində qeydə alınıb. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 44,9 faiz artaraq, 129 nəfər, yaralananların sayı isə 0,9 faiz azalaraq, 335 nəfər olub.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat üzrə ekspert Fərhad Eyyubov "Şərq"ə açıqlamasında bildirib ki, qəzalar dinamik prosesdir və onu idarə etmək çətin olur:
"Ümumiyyətlə, qəzanın başvermə səbəbi və amilləri birbaşa və dolayı yolladır. Yol-nəqliyyat hadisələrinin üç - kəmiyyət, keyfiyyət, topoqrafik formada analizini müəyyən etmək mümkündür. Hər baş verən hadisənin səbəbləri subyektiv və obyektiv olmaqla iki yerə bölünür. Subyektivə insan amili, yəni piyadalar, sürücülər, sərnişinlər, velosipedçilərin təqsiri ucbatından yaşanan hallar, obyektivə isə mühitin, yolun problemləri, nəqliyyat vasitəsinin nasazlığı aiddir. Bunlar hər biri araşdırılmalı, daha sonra xoşagəlməz məsələlər aradan qaldırılmalıdır. Amma görünən odur ki, magistral yollardakı qəza hadisələrinin əksəriyyəti subyektiv amillərdən qeydə alınır. Magistral yollar təchiz olunub. Yəni oraya insanlar daxil olmamalıdırlar. Çünki sürət həddi yüksək olduğu üçün onu idarə etmək mümkün olmur. Belə hadisələrin mühüm həlli yolu maariflənmədir. İnsanlar yol nəqliyyat vasitəsi ilə törətdikləri qəzaların onlara zərər verdiyini anlamalı, özlərini qorumalıdırlar. 2019-2020-ci illər üçün yol hərəkətinin təhlükəsizliyi haqqında dövlət proqramı müəyyən edilib. Həmin proqramda nəzərdə tutulub ki, müəyyən illərdə yol-nəqliyyat hadisələrinin azalma tendensiyası olmalıdır. Amma əksinə, daha da artır. Ona görə də bu, cəmiyyətin bəlasıdır. Onlar belə məsələlərə laqeyd yanaşmamalıdır. Neçə illərdir maarifləndirmə işləri də davam edir, amma təsiri az olur. Ona görə ki, nəqliyyat vasitələri gündən-günə artır. İnsanlarda düşüncə, intuisiya olmalıdır".
Nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli də qeyd edib ki, Azərbaycanda yol qəzalarının artmasının bir çox səbəbləri var: "Birincisi, ölkəyə normadan artıq avtomobil idxal olunur. Vətəndaşların fərdi avtomobil parkları yenilənmir. Əslində əhali daha çox yeni nəqliyyat vasitələrinə deyil də, birinci, ikinci, üçüncü əl işlənmiş, ucuz avtomobillərə üstünlük verirlər.
Çünki maddi durumları qiyməti yüksək olmayan maşınlar almağa yetir. Qəzaların yaşanmasına şərait yaradan faktorlardan biri də texniki cəhətdən bu tip avtomobillərin nasaz olmasıdır. Yəni avtomobil parkı istər fərdi, istərsə də ictimai olsun, təzələnməlidir. Dövlət Gömrük Komitəsi iləbəil qadağalar tətbiq edir, yaşı 10 ildən az olmayan nəqliyyat vasitələrinin ölkəyə idxalına nəzarət olunur. Lakin istənilən halda nəqliyyat vasitələri də köhnəlməyə doğru gedir. Yəni texniki nasazlıq problemləri yaşanır. İkinci faktor vətəndaşlarımızın, sürücülərin ötmə əməliyyatı, sürət həddi qaydalarına əməl etməməsi ciddi problemlərdir. Bildiyimiz kimi, magistral yollarda, kifayət qədər məsafələrdə nəzarətedici radar qurğuları quraşdırılıb. Polis postları tikilib. Amma radar qurğularından yayındıqdan dərhal sonra ciddi şəkildə sürət həddi pozulur. Azərbaycan Respublikasının avtomobil yolları maksimal 120 kilometr/saat sürətlə hərəkət tələblərinə cavab verir. Burada sürücülərin məsuliyyətsizliyi, sanki heç nə olmazmış kimi özlərinə arxayınlığı, sürət həddinin artmağı, ötmə qaydalarındakı yaranan problemlər qəzaların artmasının səbəbləridir.
Ekspert əlavə edib ki, ölkəyə kifayət qədər taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobillər gətirilib:
"Bu taksilərə təlim görməmiş, uzun müddət sükan arxasında olmayan, ordan-burdan sürücülük vəsiqəsi əldə etmiş, təcrübəsiz insanlar cəlb olunur. Bu faktor da nəticədə qəzaların sayının artmasına gətirib, çıxarır. Qanunvericilik, inzibati xəta tələbləri baxımından kifayət qədər ciddi sanksiyalar nəzərdə tutulur. İstər sürət həddinin aşılması, istər nişan tələblərinin pozulması, kəmərdən istifadə ilə bağlı texniki baxış elektronlaşdırılıb. Avtomobilini texniki baxışdan keçirməyən sürücülərin adına dərhal cərimələr gəlir.
Eyni zamanda nəqliyyat vasitəsini alkoqolla idarə edənlər haqqında həm inzibati xətalar, həm də 6 ay müddətinə sürücülükdən məhrum etmək, avtoxuliqanlığa görə, inzibati həbs də tətbiq oluması nəzərdə tutulur. Bildiyimiz kimi, bu gün cərimələrin məbləği kifayət qədər yüksəkdir.
Cərimə mexanizmi həyata keçirilsə də, qəza şəraitini yaradan sürücülərin sayı durmadan artır. Vizual nəzarəti bir qədər artırmaq lazımdır. İctimai nəzarət ciddi şəkildə olmalıdır. Vətəndaşların bir-birinə nəzarət sistemi qurulmalıdır.
Hazırda tətbiq olunan cəza mexanizmləri qənaətbəxşdir. Düşünürəm ki, bundan şiddətli cəza mexanizmlərini tətbiq etmək imkanında deyilik. Sadəcə, ictimai nəzarəti gücləndirmək lazımdır".