Valideynlərin “olmaz”ları olmaz olsun!

“Valideynlərin övladları ilə dost olması vacibdir”

“Unutmayaq ki, bu dostluq  uşaqları ətrafdakı insanların mənfi təsirlərin də qoruyur”

“Bütün bunlar doğru tətbiq edilsə, uşaqlarla valideynlər arasında heç bir problem qalmaz”

Bir neçə gün əvvəl Naxçıvanın Şərur rayonunda intihar hadisəsi baş verib. 11-ci sinif şagirdi Sadiqov Elməddin Zahir oğlu yaşadığı evin həyətindəki ağacdan özünü asıb. İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, iddialara görə, məktəbli ailəsinin ona mobil telefondan istifadə etməsinə qadağa qoyduğu üçün bu addımı atıb. Məlumdur  ki, gündəlik həyatda valideynlər övladlarına bir sıra qadağalar qoyur. Təbii ki, bu məhdudiyyətlər valideynlərin öz övladlarını qorumaq istəyi ilə bağlıdır.  Amma etiraf edək ki,  bəzən onların Naxçıvanda baş verən intihar hadisəsi kimi acı nəticələri də olur.  Bəs belə hallarda necə davranmalıyıq? Övladlarımıza hansı şəkildə “olmaz”, “yox” deməliyik?

İndigo Uşaq Bağçasının psixoloqu Orxan Əsgərov  bu barədə “Sherg.az”a danışarkən bildirib ki, qadağaların yeniyetmələri, gəncləri intihar həddinə çatdırmaması üçün əvvəlcə valideynlər maariflənməlidirlər:

 “İnsan həyatının bir neçə dönəmində keçid dövrü adlandırdığımız bir perioddan keçir. Bunların ən önəmlilərindən biri də yeniyetməlik yaş dövrüdür. Həmin yaş dövründə insanda həm fiziki, həm bioloji, həm də psixoloji olaraq çox böyük dəyişikliklər baş verir. 

Ona görə də xüsusilə yeniyetməlik dövründə olan uşaqlarımızla ünsiyyət və davranış metodumuzu seçərkən çox diqqətli olmalıyıq. 

Bu yaş dövründəki uşaqlarla qadağa və cəza dili ilə deyil, onları anlayan, onların şəxsi fikirlərinə və qərarlarına dəyər verən biri kimi danışmalıyıq.  Əgər biz onların zərərli vərdişlərini aradan qaldırmaq istəyiriksə, bunu aqressiv formada və birbaşa edə bilmərik. 

Düşünürəm ki, alternativ təklif etmək metodu bizim üçün faydalı ola bilər. Yəni biz onlardan aldığımız bir şeyin qarşılığında onlara alternativ nə isə təklif etməliyik. Məsələn uşaq bir şirniyyatı istəyir. Bir var biz ona həmin şirniyyat olmaz deyi, əvəzində başqa birini veririk.

 Bir də var birbaşa alternativ olmadan ona həmin şirniyyatı yeməyi qadağa edirik. Bu çox incə məqamdır. Uşaq bəlkə də bundan sonra o şirniyyatı yeməyəcək.  Amma ikinci variant  onda travma kimi qalacaq və o gələcəkdə valideynlərinə güvənməyəcək. Bu psixologiya böyüklərdə də belədir. Çox istədiyimiz bir şey bizdən ani olaraq alınsa,  bizdə travma təsiri yaradacaq”. 

Psixoloqun fikrincə, valideynlər “olmaz”ları dəfələrlə təkrar etməməlidir. Çünki belə olduqda həmin sözün dəyəri itir və bu övladlarımız üçün adiləşir:

 “Verdiyimiz qərarda balansı qorumaqla qətiyyətli olmalıyıq. Digər valideynlərin övladları ilə dost olması məsələsi var. Unutmayaq ki, bu dostluq  uşaqları ətrafdakı insanların mənfi təsirlərin də qoruyur. Bütün bunlar doğru tətbiq edilsə, uşaqlarla valideynlər arasında heç bir problem qalmaz”.