Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Artezian quyularının da bərpa edilməsi kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar açır
“Məsələ təkcə işğaldan azad edilmiş torpaqlarla bağlı deyil. Azərbaycanın bütün regionlarında kənd təsərrüfatının - əkinçilik, heyvandarlıq, bitkiçiliyin sürətli inkişafına çalışılmalıdır”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans çıxışı zamanı dövlət proqramının əhatə etdiyi genişmiqyaslı layihələrə toxunarkən meliorasiya və su təsərrüfatı sahəsinə xüsusi diqqət ayırmışdı. Cənab Prezident vurğulamışdı ki, dövlət proqramının icrası uğurla aparılır. Lakin ölkəmizin idxal faktorundan asılılığının minimuma endirilməsi kənd təsərrüfatının inkişafından asılıdır. Bu isə öz növbəsində əkinə yararlı torpaqların kultivasiyası, əkinə yararlı torpaqların təyinatı üzrə istifadəsini, həmçinin suvarma sistemlərinin dəqiq işləməsinə bağlıdır. Prezident qeyd etmişdi ki, meliorativ tədbirlər infrastruktur layihələri arasında önəmli yer tutur:
“Bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilmişdir. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır. Təbii ki, bütün bu işlər və eyni zamanda, aparılan islahatlar kənd təsərrüfatının inkişafına da güclü təkan verdi. Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatdı. Yəni artım tempi 7 faizdən çox olmuşdur, xüsusilə bitkiçilikdə artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir.
Çünki bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir”. Prezident meliorativ tədbirlərdən danışarkən iki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay tikilməsini vurğuladı: “Bunlar olmasaydı, orada yerləşən rayonlarda su qıtlığı yaranacaqdı. Əgər Taxtakörpü su anbarı tikilməsəydi, keçən il Bakı şəhərini su ilə təmin etmək mümkün olmazdı. Çünki keçənilki quraqlıq bəlkə də tarixdə olmayıb. Biz məhz Taxtakörpüdə yığılan suları Ceyranbatana ötürməklə Bakını fasiləsiz su ilə təmin etdik. Bakıda heç kim hiss etmədi ki, belə ciddi quraqlıq olub. Bütün bu işləri biz ona görə görürük ki, insanlar daha yaxşı yaşasınlar. Hər bir böyük layihənin arxasında düşünülmüş siyasət dayanır. Kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün bu illərdə 1500-dən çox artezian quyusu qazılmışdır və bu proses davam etdirilir. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Ona görə bizim proqramımızın icrasında infrastruktur layihələri xüsusi yer tuturdu. Biz sosial təşəbbüslərlə paralel olaraq, bu layihələri həyata keçirməklə bugünkü reallığı əldə etdik”.
Hazırda isə Azərbaycan dövləti qarşısında daha böyük işlər dayanır. 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimiz artıq azaddır və bu Böyük Qələbə regionlarımızın inkişafı, o cümlədən kənd təsərrüfatının inkişafı üçün geniş perspektivlər açır. Kənd təsərrüfatının inkişafının su mənbələrindən səmərəli istifadədən keçdiyi isə məlum həqiqətdir. Torpağa can verən sudur. Su olmasa, kəndli torpağı nə əkə biləcək, nə də məhsul əldə edəcək. Bəzi regionlarda isə su problemi qalmaqdadır. Bu məsələ Milli Məclisdə də səsləndirilib. Millət vəkili Aqil Abbas Ağcabədi rayonunda artezian quyularından istifadə edilmədiyini deyib.
Millət vəkili bildirib ki, Ağcabədi rayonundakı artezian quyularından 115-i işləmir. Meliorasiya və Su Təsərrüfatı" ASC cəmi 11 quyunun bərpası üçün pul ayırıb. Əkin sahələri susuzluqdan yanır. İçməli su təchizatı üçün qazılmış artezian quyuları da pis vəziyyətdədir. Millət vəkili Yaponiya hökumətinin rayonda bir neçə artezian quyusu qazdığını da yada salıb, kəndlinin ehtiyacı olan artezian quyularının bərpası üçün yerli kadrların çalışmalı olduğunu deyib. Məlumdur ki, bölgələrdə əkin sahələrinin suvarılmasında, içməli su probleminin aradan qaldırılmasında, həmçinin kəhrizlər böyük əhəmiyyətə malikdir. Bir müddət əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirmişdi ki, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur. Bu işlər “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində aparılacaq. Koreya hökuməti də Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayırıb. Layihə tamamlandıqdan sonra 8 000 insan öz doğma yurdunda təmiz su ilə təmin oluna bilər. Qeyd edilir ki, Beynəlxalq Miqrasiya Təşkilatı müxtəlif donor təşkilatları ilə birgə Azərbaycandakı kəhrizlərin bərpası ilə bağlı bir çox layihələr həyata keçirir. Bugünədək ümumilikdə kəhrizlərin bərpası ilə əlaqədar 10 layihə icra edilib. Bundan əvvəl də Qarabağ bölgəsində kəhrizlərin bərpası prosesi icra edilib. Məsələn, Ağdam rayonunun Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyuları müasir texnoloji üsullardan istifadə edilməklə bərpa olunub. Məqsəd əhalinin suya tələbatının qarşılanması, su təminatının yaxşılaşdırılması, həmçinin suvarmada kəhriz suyundan istifadədir.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova Qarabağ torpağında kəhriz mədəniyyətinin əsrlər öncə mövcud olduğunu dedi:
- Kəhrizlər, artezian quyuları suvarmada böyük əhəmiyyət daşıyır. Bir vaxtlar torpaqların suvarılmasında kəhrizlərdən də istifadə olunub, artezian quyuları hesabına fərdi təsərrüfatlarda su qıtlığı aradan qaldırılıb. İndi qlobal su qıtlığı fonunda kəhriz mədəniyyətinə də yenidən qayıdılmalı, artezian quyularının da fəaliyyəti bərpa edilməlidir. Xüsusən kəhrizlərin bərpası çox faydalıdır. Kəhrizlər qədim suvarma mədəniyyətidir. Azərbaycan ərazisində tarixən əkinçilikdə kəhriz sularından istifadə olunub. Vaxtilə kəhrizlərin qazılması işini bilən kənkanlar vardı. Onlar işlərinin ustası idilər. Qarabağda da ta qədim dövrlərdən suvarma üçün kəhriz quyuları qazılıb, kəhriz suyundan istifadə edilib. Hektarlarla torpaq sahələrini kəhriz sularıyla suvarıblar, dəyirman işlədiblər. Kəhrizin suyu daim buz kimi sərin olur. Qarabağ torpağı həmişə bərəkətli olub. Pambığı, üzümü, meyvə-tərəvəzi ilə məşhur idi Qarabağ. Su qıtlığı da yaşanmazdı, çünki bol sulu çaylar vardı, kəhrizlər qazılardı və əhalinin həm içməli su, həm də suvarma üçün ehtiyacı ödənərdi. Amma Aran zonalarında su qıtlığı yaşanırdı. Sonra da nankor qonşularımız bizə su qıtlığı yaratmağa başladılar. Nankor qonşularımız qışda suyu qəsdən açıb buraxırdılar, əkin sahələrini məhv edirdilər, yayda isə suyun qarşısını kəsməklə təsərrüfatlara ziyan vururdular. Şükür ki, artıq Qarabağımız azaddır və bu barlı-bərəkətli torpaq doğma insanlarını qarşılayır, yenə də Qarabağ torpaqlarında əkin-biçin olacaq, bol məhsul əldə ediləcək. Kəhrizlərin bərpası kənd təsərrüfatının inkişafı üçün də böyük imkanlar açır. Məsələ təkcə işğaldan azad edilmiş torpaqlarla bağlı deyil. Azərbaycanın bütün regionlarında kənd təsərrüfatının - əkinçilik, heyvandarlıq, bitkiçiliyin sürətli inkişafına çalışılmalıdır. Çünki dünyada qlobal iqtisadi böhran gözlənilir, ərzaq qıtlığı təhlükəsi var. Biz çalışmalıyıq ki, böhrandan minimum itkiylə çıxaq, əhalimiz korluq çəkməsin. Bunun da yolu torpaqların becərilməsindən, əkin-biçindən keçir. Buna da bol su lazımdır. Gərək su ehtiyatlarından səmərəli istifadə olunsun. Su itkisinin qarşısı alınsın, həmçinin suyun düzgün paylanması həyata keçirilsin. Elə olmasın ki, kiminsə əkin sahəsinə su verilsin, amma kimsə suya həsrət qalsın.
Ölkəmizin kənd təsərrüfatının inkişafı bu amildən çox asılıdır. Cənab Prezident də həmişə su probleminə diqqət ayırır, gücünü-qüvvəsini sərf edir ki, təsərrüfatla məşğul olanların iş və həyat şəraiti yaxşılaşsın, bölgələrimiz daha da inkişaf etsin.