Nikahdankənar uşaqların sayı artır: Kişilər aliment ödəməmək üçün...

"Bəzən kişilər nikah tələb edən qadınlara psixoloji təsir göstərməyə çalışırlar. "Bizi bir kağız xoşbəxt edəcək?!", "Sənin hislərin bir kağıza bağlıdır?!" kimi cümlələr işlədərək, onları manipulyasiya etməyə çalışırlar".

Bunu "Sherg.az"a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkədə nikahdankənar doğulan uşaqların sayının artmasından danışarkən deyib. Onun sözlərinə görə, kişilərin bu cür davranmasında, nikahdan "qaçmasının" kökündə maddi məsələlər dayanır:

"Kişilər daha çox boşanma ehtimalını göz önünə gətirərək, nikahın pozulmasından sonra aliment ödənişi, əmlakın bölünməsi kimi problemlər yaşamamaq üçün nikah kəsilməsinə can atmırlar. Bir sözlə, hüquq və öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırlar. Hətta sözügedən problem səbəbindən münaqişə yaşayan ailələrdə ikinci uşaq dünyaya gətirən xanımlar da olur. Burada zərər çəkən isə təbii ki, uşaqlardır. 

Məsələn, qadınla kişi arasında nikah yoxdursa və kişi rəhmətə getsə, qadın uşaqlara atalıq soyadını almaq üçün sosial dəstək almalıdır. Lakin bəzən maddi imkan yaxşı vəziyyətdə olmur. Sübut üçün DNT analizi də kifayət qədər bahalı prosedurdur. Əksər xanımların isə 1200 AZN-dən yuxarı ödəniş etməyə imkanı çatmır. Ailə münasibətləri çərçivəsində manipulyasiyalar çoxalıb".

Qeyd edək ki, Azərbaycan Respublikasında nikahdankənar evlilikdən dünyaya gələn uşaqların və boşanmaların sayının artması uşaqların valideyn himayəsindən məhrum olmasına öz təsirini göstərib. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramı"nda əksini tapıb. Bildirilib ki, Azərbaycanda demoqrafik vəziyyət əhalinin sayının ilbəil artması ilə səciyyələnir. 2000-ci ildə əhalinin sayı 8032,8 min nəfər olduğu halda, 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 10156,4 min nəfərə çatıb.