"Heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanların baş verməməsinin həlli var. Bu cür ət kəsim məntəqələrinin mövcud olmasının səbəbi tələbatın çoxluğudur".
Bunu "Sherg.az"a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, əhali AQTA-ya inanmır:
"Ət almaq üçün marketlərə üz tutmurlar. Gözü ilə gördüklərini almağa gedirlər. Əhali hələ sovet dövründən qəssabların ətə yalançı möhür vurduğunu görürlər. Digər tərəfdən at, eşşək, murdar olmuş heyvan ətlərinin Bakıya daşınılması ilə bağlı xəbərlərdən məlumatlıdırlar. Bu sahədə də çox uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi reallaşdırır. Digər dövlət orqanlarından fərqli olaraq, bu qurum həbslər həyata keçirir. Lakin Azərbaycan məhkəmələri tezliklə həmin adamlara bəraət qazandırır. Bazar da tələb təklif öz aksiomu ilə işləyir. 70 il sovet hökuməti mübarizə apardı. "Kubinkada" cins şalvarların satışının qarşısını ala bilmədi. Çünki tələb var idi. Ona görə də AQTA əhalinin simpatiyasını qazanmalıdır. Əhali ilə işləməlidir. KİV-i təqib etməlidir. Onlarla birgə fəaliyyət göstərməlidir. İki il AQTA-da İctimai Şuranın üzvü oldum. Rəhbərlik səviyyəsində Rəşad Mafusov sədr müavini idi. Gündəlik KİV-i izləməli olduqlarını dedim. Çünki KİV təhlükəli ət satılan yerləri göstərir. Nə qədər ki dövlət orqanları KİV-lə əlbir işləməyəcək, nəticə də əldə edə bilməyəcəklər. İnzibati yollarla qarşısını almaq mümkün deyil. Əslində bu işə cavabdeh icra hakimiyyətləridir, amma acizdir. Ona görə də AQTA-nın üzünü KİV-ə çevirməyə çağırıram. İnsanlar əti marketlərdən alsınlar. Bakı şəhəri qəssabxanaya çevrilməsin. Qarşısını almağın yeganə yolu maarifləndirməkdir. Bu da KİV-in üzərindədir. Nazirlər Kabinetinin qərarına əsasən, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən, ətlər bükülməlidir. Onun üzərində buraxılma tarixi son yararlılıq müddəti göstərilməlidir. Eyni zamanda heyvanların identifikasiyası həyata keçirilməlidir. Heyvanın həyatı izlənməlidir. Heyvana vurulan baytarlıq dərmanı, kəsildiyi vaxt, murdar olması kimi vacib məqamlar kompüter bazasına yerləşdirilməlidir. Heç hələ heyvanların 0.5 faizi də identifikasiya olunmayıb".
Qeyd edək ki, Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən doqquz heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.