"İnsan yaşadığı iqlimin təbiətindən, mövsümündən asılı olan varlıqdır. Ətraf aləmdə baş verənlər bizə bilavasitə təsir göstərir. Payız fəslində günün işıqlı saatlarının azalması insanda psixoloji problemlərin yaranmasına səbəb olur".
Bunu "Sherg.az"a psixoloq Elmir Əkbər payız depressiyasından danışarkən deyib. Onun sözlərinə görə, payız depressiyası xüsusilə, özünü qabarıq şəkildə büruzə verir:
"Bir sıra Skandinaviya ölkələrində insanların depressiyaya meyilliliyinin səbəbi havanın günəşli saatlarının az olmasıdır. Azərbaycanda da bu tendensiya yarandığına görə, insanlarda payız depressiyası baş qaldırır. Mövcud vəziyyət hamıda müşahidə oluna bilər. Payızda əksər teatrlar, operalar yeni mövsümə qayıdıb, maraqlı tamaşalar ərsəyə gətirirlər. Belə hesab olunur ki, insan payızda daha aktiv həyat tərzi sürməlidir. Operaya, teatra getməli, maraqlı filmlər izləməli, idman saatlarını artırmalıdır. Aktiv həyat tərzi adamı depressiv vəziyyətdən çıxarır. Bir qrup şəxslər isə meteohəssas hesab edilir. Onlarda bu problem özünü daha çox göstərir və insanın həyatında klinik depressiya şəklində ciddi depressiv epizodlar yaranır. Belə şəxslərə isə ancaq həkim-psixoterapevtlər kömək edə bilər. Depressiya əleyhinə psixoterapiya seansları keçməklə sözügedən problemdən xilas olmaq mümkündür. Bir qrup pasiyent depressiya xəstəliyindən əziyyət çəkir. Bu, endogen depressiya adlanır və əsasən, payızda güclənir. Ona görə də, antidepressant dərmanlar qəbul etməkdə, psixoterapiya seanslarına getməkdə fayda var. Endogen depressiyadan əziyyət çəkən və ya meteohəssas insanlar özləri vəziyyətdən çıxa bilməzlər. Onlara ancaq mütəxəssis dəstəyi lazımdır. Ümumilikdə isə payızda depressiv əhval-ruhiyyə ilə mübarizə aparmaq üçün həyatı al-əlvan və rəngarəng etmək arzuolunandır".
Qeyd edək ki, payız fəsilinin gəlişi, günəş şüalarının azalması, küləkli, yağışlı hava, yerə tökülən yarpaqlar bəzi insanlarda depressiv halların baş verməsinə səbəb olur. Havanın dəyişikliyinə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu fəsil depressiv, sıxıcı hislər yaşadır, əhval-ruhiyyənin pozulmasına gətirib, çıxarır.