Su qıtlığı yaşanır: Nə etməli?  - HƏYƏCAN TƏBİLİ!

"Su çatışmazlığı dövründə qənaət məqsədilə bir sıra təcrübələr bütün dünya ölkələrində tətbiq olunur. Məsələn, Amerikanın Arizona ştatında ağacları sulamağı, ev əşyalarını bir müddət yumamağı, hətta çimməməyi tövsiyə edirlər".

Bunu "Sherg.az"a ekoloq Rövşən Abbasov su qıtlığının yaranma səbəblərindən danışarkən deyib. O diqqətə çatdırıb ki, insanlar aparılan bir reklam kampaniyasında 3-4 həftədir, duş qəbul etmədiklərini fəxrlə səsləndirirlər:

"Əlbəttə, bütün bunların məqsədi müvəqqəti su qıtlığını aradan qaldırmaqdır. Təəssüf ki, Azərbaycanda suya olan tələbat xüsusilə, yay aylarında daha da artır. Maarifləndirmə işi aparmaq lazımdır. Sudan istifadəni mümkün qədər azaltmalıdırlar. Eyni tövsiyə fermerlərə də şamil olunur. Bəzən Abşeron yarımadasında meyvə bağları salırlar. Həmin ərazilərə 100 tonlarla su gedir. Nəticə də olmur. Abşeron yarımadasındakı sahələrə diqqətlə fikir versək, görərik ki, 30 il əvvəllə müqayisədə indi bağların ərazisi genişlənib. Bundan əlavə, suyun çox istifadə olunmasına həyətlərdə tikilən hovuzlar da təsir edir. Həmçinin rayonlardan Bakı şəhəri və Abşeron yarımadasına çox güclü miqrasiya müşahidə olunur. İnsanlar birbaşa paytaxtın mərkəzində mənzil almasalar da, şəhər ətrafında özlərinə ev tikirlər. Bağçılıqla məşğul olmağa çalışırlar. Rayon həyatını Bakıya gətirmək istəyirlər. Bütün bunlar da su qıtlığına gətirib, çıxarır. Avtoyuma məntəqələrində bir avtomobili yumaq üçün nə qədər qənaət etsələr də, 150-200 litr su gedir. Adıçəkilən məntəqələr xüsusi nəzarət altına alınmalıdır. İşçilərə xüsusi tövsiyyələr verilməlidir. Məsələn, onlar üçün suyun qiymətinin hesablanması qaydası fərqli faktorlar üzərindən nəzərdə tutula bilər. Bəlkə, o zaman suya qənaət üçün müxtəlif tədbirlər görərlər. Deyəsən, avtoyuma məntəqələrində istifadə edilən su tərkibində şampun olduğu üçün çox çirklənmir. Xırda filtrlər qoyub, həmin suları çənlərə doldurub, yenidən işlətmək mümkündür".

Qeyd edək ki, gündə təxminən 3,5 milyon ton su istehsal edən İstanbulda bəndlərin doluluq nisbəti yüzdə 30-a düşüb. Mütəxəssislər mövcud vəziyyətlə əlaqədar əhalini xəbərdar edərək maşın və xalçalarını yumamaqlarını tövsiyə edib.Təəssüf ki, Azərbaycanda da suya qənaət edilmir. Texniki sudan demək olar ki, yararlanmırlar. Nəticədə olaraq, ölkəmiz su qıtlığı probleminin astanasındadır. Aidiyyəti qurumlar həyəcan təbili çalsa da, insanlar su israfçılığına yol verirlər.