Diasporla İş üzrə Dövlət Komitəsi İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Bu barədə dövlət qurumundan məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 23-dən oktyabrın 3-dək Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun binasında İstanbulda şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək. Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) verilməsi və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə "Sherg.az"a danışan "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, xaricə üz tutan vətəndaşlar ilk növbədə, həmin ölkənin miqrasiya qanunvericiliyi barədə məlumatlı olmalı, hüquqi öhdəliklərin hamısını nəzərdən keçirməlidirlər:
"Əvvəlcə, xaricə üz tutan şəxs həmin ölkənin qanunları barədə məlumatlanmalı, sənədləri də qaydasında olmalıdır. Hansısa sənədlərin natamamlığı sonrakı mərhələdə əlavə problemlər yarada bilər. Qaydasında deyilsə, müxtəlif yollarla saxta sənəd düzəltməyə başlayacaq. Nəticə etibarilə bu insan qanuni miqrasiya etdiyinə baxmayaraq, qeyri-qanuni bir status qazanacaq. Hansısa saxta sənədlərin tərtib olunması ilə bağlı xidmət göstərəcək şəbəkə varsa, bu, adətən kriminal hesab olunur. Artıq zamanla kriminal şəbəkələr həmin şəxsin əməyini istismar edə bilərlər. Xarici ölkəyə səfər edən vətəndaşlarımıza getdiyi ölkədə diplomatik nümayəndəliklərimizdə qeydiyyatdan keçmək tövsiyyə edilir. Ən azından səfirlik Azərbaycan vətəndaşının hansı ölkənin ərazisinə keçdiyindən artıq xəbərdar olmalıdır. Bu, həmin adamın qeyri-qanuni hallarla üzləşməsinin qarşısını almaq, onun hüquqlarının effektiv şəkildə təmin olunması, hüquqi yardımın göstərilməsi, sənədləşdirmə işlərinin aparılması və digər məsələlərə daha çevik və operativ şəkildə reaksiya vermək üçün vacibdir. Amma təcrübə göstərir ki, xaricə üz tutan əksər vətəndaşlar səfirliklərdə qeydiyyatdan keçmirlər. Qanunsuzluqla, hüquqpozma ilə rastlaşdıqda diplomatik nümayəndəliklərə və ya diaspora təşkilatlarına müraciət edirlər. Təbii ki, tövsiyələr kifayət qədər çoxdur. Məsələn, qeyri-qanuni miqrasiya qurbanı olmamaq üçün sənədlər bir neçə nüsxədə tərcümə, təsdiq edilib, notarial qaydada vətəndaşın üzərində olmalıdır. Həmçinin səfər sığortasını da mütləq əldə etməkdən lazımdır. Qeyri-qanuni miqrasiya ilə mübarizə təbii ki, bu gün əksər dövlətləri düşündürür və qayğılandırır. Sözügedən məsələlər münasibətlərin sırf hüquqi müstəvidə qurulmasını tələb edir. Bunun üçün isə insanlar hüquqi cəhətdən maariflənməli, mövcud qaydalarla yaxından tanış olmalıdırlar".