İctimai və dövlət maraqlarının müdafiəsi
Vətəndaşlar da ayıq olmalıdır
Kibertəhlükəsizlik dövrümüzün ən vacib məsələsidir. Kiberdələduzlar vətəndaşların əmək haqqı, bank kartlarına, bank hesablarına yol tapır, hətta yaşlı insanların təqaüdlərini də mənimsəyirlər. Vətəndaşların bank kartlarından məbləğlərin oğurlanması halları baş verir və bu, ümumilikdə cəmiyyəti təhdid halına gəlməkdədir. Müsbət olan budur ki, belə hallara qarşı dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti mübarizə aparır, vətəndaşları məlumatlandırmaqla, mütəmadi xəbərdarlıqlar edirlər. DİN mətbuat xidməti vətəndaşları aylq olmağa, şəxsi məlumatlarını, kart hesabını tanımağı şəxslərlə paylaşmamağa çağırır: “Təhlükə var və davam edir. Hər kəs diqqətli olmalı – onlayn oğurluq halları sürətlə artmaqdadır. Dünyanın inkişaf etmiş bütün ölkələrinin əsas probleminə çevrilən kiberoğurluq hallarının qarşısının alınması kart sahibindən asılıdır. Vətəndaş nə etməlidir, seyfinin açarını (oxu: bank kart məlumatları) naməlum şəxslərə niyə verməlidir? Vəziyyətin nə dərəcədə riskli olduğunu hər bir vətəndaş bilməlidir. Naməlum xarici nömrələrdən gələn zənglər vasitəsilə ayrı-ayrı vətəndaşların aldadılması bank kartlarında olan vəsaitlərin kütləvi talanması ilə nəticələnir. Vətəndaş diqqətli olmalıdır. “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir. Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun. Polis 24 saat suallara cavab verməyə hazırdır. DİN-in sosial şəbəkə platformaları fasiləsiz rejimdə çalışır. Kiberdələduzlar adətən “bankdandır, kartınıza müdaxilə var”, “satdığınız əşyaya görə beh ödəmək istəyirik”, adı altında vətəndaşlara mesaj ünvanlayır, zənglər edir, vətəndaşın etibarından, məlumatsızlığından sui-istifadə edərək kart hesablarından vəsaitləri oğurlayırlar. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. Araşdırmalarla müəyyən edilib ki, danışıqlar kiberüsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edilir ki, tanımadıqları, naməlum şəxslərə inanmasınlar, şəxsi məlumatlarını paylaşmasınlar. Vətəndaşların aldadılması təkcə kart hesablarının ələ keçirilməsi ilə baş vermir. Həm də sosial şəbəkələr, onlayn platformalar üzərindən aparılır, ayrı-ayrı şəxslərlə birbaşa əlaqə yaratmaq, etibardan, inamdan sui-istifadə vasitəsilə də olur. Məsələn, bu günlərdə Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə paytaxt ərazisində müxtəlif vaxtlarda 100 nəfərdən artıq şəxsin aldadılaraq külli miqdarda maddi vəsaitlərinin mənimsənilməsi barədə şikayətlər daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırmalarla müəyyən olunub ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “whatsapp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq zərərçəkənlərin pul vəsaitlərini ələ keçiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb, Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Qeyd edilir ki, bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, polisə müraciət edə bilərlər. Bakının Binəqədi və Nəsimi rayonlarında dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb. DİN mətbuat xidmətinin məlumatında qeyd olunur ki, Binəqədi Rayon Polis İdarəsinin beşinci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 12-də bir nəfərin 22000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 23 yaşlı C.Məmmədov saxlanılıb. Həmçinin, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə avqustun 20-də bir nəfərin 3000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də vətəndaşları ayıq olmağa çağırış edərək məlumat yayıb. Məlumatda qeyd olunur ki, son zamanlar həm dövlət qurumlarına, həm də vətəndaşlara qarşı yönəlmiş kiberhücumların sayında kəskin artım müşahidə olunur. Cinayətkarlar şəxsi məlumatlara, maliyyə resurslarına və dövlət informasiya sistemlərinə icazəsiz giriş əldə etmək üçün getdikcə daha mürəkkəb metodlardan istifadə edirlər. Hazırda ölkəmizdə ən çox istifadə olunan “any.run”, “virustotal” kimi ödənişsiz platformalarda bir sıra bank və müəssisələrə aid çox saylı konfidensial məlumatların - sənədlər, müqavilələr, maliyyə və mülkiyyət faylları, CV-lər, hesabatlar və s. dərc olunduğunun şahidi ola bilərik. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat və resurs mərkəzində yerləşdirilmiş dövlət qurumlarının elektron informasiya ehtiyatlarını 24/7 monitorinqini həyata keçirməklə yanaşı, dövlət qurumlarına məxsus digər elektron informasiya ehtiyatlarını və sistemlərini də audit yoxlamalarından keçirir. Audit yoxlamaları zamanı aşkar edilmiş boşluqlarının aradan qaldırılmasının vaxtında təmin olunmaması kiberinsidentlərin baş verməsini və fərdi məlumatların oğurlanmasını qaçılmaz edir. “Dövlət qurumlarına audit hesabatlarında onlara göndərilən boşluqları vaxtında aradan qaldırmağı, təhlükəsizlik tövsiyələrinə ciddi riayət etməyi, vətəndaşlara isə kibergigiyena qaydalarına əməl etməyi həyat tərzinə çevirməyi tövsiyə edirik", məlumatda deyilir. Qeyd olunub ki, cari ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına qarşı 675 kiberhücum indikatoru (IOC) “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd aşkar edilərək blok edilib.
Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Sherg.az"a açıqlamasında son illərdə ölkədə kibertəhlükələrin qarşısının alınması istiqamətində müsbət irəliləyişlər olduğunu deyib: - Son 4 ildə qlobal kiber reytinqdə Azərbaycanın mövqeyi 15 bal yüksəlib.
"Qlobal Kibertəhlükəsizlik İndeksi 2024" (Global Cybersecurity Index 2024) açıqlanıb. Sonuncu dəfə 4 il bundan öncə bu hesabat açıqlanmışdı. O zaman, “Qlobal kibertəhlükəsizlik indeksi 2020” indeksində Azərbaycan 89 bal toplayaraq, 15 pillə irəliləmiş,194 ölkə arasında 40-cı yerdə qərarlaşmışdı. Qurumun indiki hesabatı 2023-2024-cü illərdə görülmüş işləri əhatə edib. Bu hesabatın hazırlanması üzrə metodika da yenilənib. Əvvəlki illərdə olduğu kimi vahid reytinq cədvəlindən imtina edilib. Ölkələrin kiber sahədə inkişaf səviyyəsi müxtəlif istiqamətlər (hüquqi tənzimləmə, texniki, əməkdaşlıq, potensialın inkişaf etdirilməsi və təşkilati istiqamətlər) üzrə aparılan təhlillərdən sonra 5 səviyyə üzrə formalaşdırılıb. Azərbaycan 100 mümkün xaldan 93.76 bal toplayaraq 2-ci, "təkmil səviyyə"də yer tutub. Hüquqi tənzimləmə, əməkdaşlıq və texniki istiqamətləri üzrə ölkəmiz daha yüksək nəticə əldə edib. Bu hesabatda dünya üzrə orta göstərici 65.7 baldır. 46 ölkə 95-100 arası nəticə əldə edərək ən yüksəkdə (1-ci səviyyədə) yer alıblar. Bu səviyyədə yer almaq üçün ölkəmizin 1 balı çatmayıb. 29 ölkə 85-95 arası nəticə əldə edərək 2-ci səviyyədə yer alıblar. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya bu səviyyədə qərarlaşıb. 49 ölkə 55-85 arası nəticə əldə edərək 3-cü səviyyədə yer alıblar. 75 ölkə də daha aşağıda, 4-cü və 5-ci səviyyələrdə yer alıblar. Ermənistan, Tacikistan və Türkmənistan 4-cü səviyyədə qərarlaşıblar. Düşünürəm ki, "Qlobal Kibertəhlükəsizlik İndeksi 2024" hesabatında Azərbaycanın nəticələri reallığı tam olaraq əks etdirir və bir daha vurğulamaq istərdim ki, bu uğurda kibertəhlükəsizlik sahəsi üzrə milli strategiya qəbul edilməsi, kritik sektorla bağlı yeni səlahiyyətlər əldə edən Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən uğurlu addımların atılması, DTX-nin kiber sahədə yeni strukturlar formalaşdırması və cəmiyyətə təqdim etməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İsrailin Technion Universiteti ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi formalaşdırması və sektorda kadr hazırlığı sahəsində uğurlu addımlar atması, ümumiyyətlə, bu sahədə beynəlxalq əməkdaşlıq, DİN-də Kibertəhlükəsizliklə Mübarizə Baş İdarəsinin yaradılması böyük əhəmiyyət daşıyır.