Cüt-tək nömrələr, çıxış yolu ola bilməz
Bu variantın tətbiqi insanları ikinci avtomobil almağa sövq edəcək və nəticədə şəhərdə fərdi avtomobil sayı daha da artacaq
“Metro, dəmir yolu stansiyalarının sayı artırılmalı, tramvayların şəhərə qaytarılması reallaşmalıdır. Belə olduğu təqdirdə insanlar kütləvi olaraq ictimai nəqliyyata üstünlük verəcək”
Tədris ili başlananda yollarda tıxacların yaranacağı bəlli idi. Görünən budur ki, ictimai nəqliyyatın təşkili məsələsi hələ də optimal həllini tapmayıb. Baxmayaraq ki, son zamanlar paytaxtda yol infrastrukturunda bir sıra dəyişikliklər gözə çarpır. Avtobus zolaqlarının çəkilməsi, velosiped həvəskarları üçün xüsusi hərəkət zolağının ayrılması, Bakıdan Sumqayıta elektrik qatarlarının hərəkəti və sair. Lakin təəssüf ki, ayrılmış zolaqlar ictimai nəqliyyat problemini böyük ölçüdə deyil, qismən həll edir. Məlumdur ki, tıxacların yaranmasının əsas səbəblərindən biri şəhərdə məhz avtomobillərin çoxluğudur. Şəxsi avtomobillər yolun hərəkət hissəsini demək olar tamamilə tutur. Xatırladaq ki, tıxaclardan xilas variantı kimi bir neçə il əvvəl maraqlı təklif irəli sürülmüşdü. Təklif fərdi avtomobillərin dövlət nömrə nişanları fərqləndirilməklə hərəkətin növbəli şəkildə təşkili idi: bir gün dövlət nömrə nişanı tək ədədli olanlar yola çıxsın, cüt ədədli olanlar ertəsi gün, beləcə avtomobillərin hərəkəti növbəyə salınsın, yollarda avtomobillərin sayı azalsın. Lakin sonra bu təklif gündəmdən düşdü. “Suda boğulan saman çöpündən yapışar”, misalı, həmin təklif, variant indi reallaşsa, tıxac problemi müəyyən qədər həllini tapa bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, belə bir həll variantı tətbiq edildiyi yerlərdə özünü doğrultmadı:
- Bu üsulu İranın paytaxtı Tehranda tətbiq etdilər. Amma nə baş verdi, insanlar ikinci avtomobil aldılar. Bir avtomobil tək, digəri cüt nömrəli. Nəticədə yol şəbəkəsində yenə də xeyli sayda avtomobil hərəkət etdi. Bu variant tıxacın həllində qəbulolunmazdır. Səfərlərin rahat təşkili üçün nəqliyyat çeşidlərinin yaradılmasına ehtiyac var. Hazırda paytaxtda avtobus zolaqları çəkilir, velosiped, həm də skuterlərin hərəkəti üçün velo-zolaqlar yaradılır. Eyni zamanda piyada infrastrukturuna daha çox diqqət ayrılmalıdır ki, sərnişin avtobusdan düşəndən sonra da piyada halda rahat hərəkət edə bilsin. Piyadaların yolundakı baryerlər aradan qaldırılmalıdır. “Zebra”ları, piyada səkilərini zəbt edənlərə qarşı sərt cəzalar tətbiq edilməlidir ki, zəbtlərin qarşısı alınsın.
R.Ağamirzəyev qeyd etdi ki, şəhər mobilliyinin onurğa sütunu relsli nəqliyyatdır və bu sahə mütləq inkişaf etdirilməlidir:
- Metro, dəmir yolu stansiyalarının sayı artırılmalı, tramvayların şəhərə qaytarılması reallaşmalıdır. Belə olduğu təqdirdə insanlar kütləvi olaraq ictimai nəqliyyata üstünlük verəcək. Amma cüt-tək nömrələr, çıxış yolu ola bilməz. Bu variantın tətbiqi insanları ikinci avtomobil almağa sövq edəcək və nəticədə şəhərdə fərdi avtomobil sayı daha da artacaq. Tıxacların həll yolu ictimai nəqliyyatın çeşidini, daha çox sərnişin daşıya bilən növlərin sayını artırmaq və daha cəlbedici etmək və maliyyə dayanıqlığını da artırmaqdır. Naviqasiya sistemlərinin inkişaf etdirilməsinə ehtiyac var. Hazırda sərnişinlərin marşrutların hərəkəti barədə məlumat ala biləcəyi mənbə, informasiya sistemi yoxdur. Nə dayanacaqlarda var bu, nə də saytlarda. Sərnişinlər nabələd qalır və getmək istədikləri yerə nəylə, necə getməli olduqlarını bilmirlər. Piyada səkilərinin abadlaşması vacibdir, insanların dayanacağa kimi yolu rəvan olmalıdır. Yollarda qısa məsafələrdə keçidlər təmin edilməlidir ki, insanlar uzun məsafələr qət etməli olmasınlar. Yəni burada, bir məsələnin həlli deyil, bir neçə məsələnin birgə həlli lazımdır. Ən dəyərli olan vaxtdır. Və insanlar özü qərar verməlidir hara necə, hansı nəqliyyat vasitəsilə, nəylə hərəkət etsin. Tıxaclardan çıxış yolu sərnişin axınının parçalanması, müxtəlif ictimaii nəqliyyat vasitələri arasında paylaşılması, relsli nəqliyyatın inkişafıdır.
R.Ağamirzəyev bildirdi ki, hazırkı vəziyyətdə sürətli və kiçik həll variantları tətbiq etmək olar:
" Əsas hərəkət yollarında sərnişin və nəqliyyat yükünü azaltmaq lazımdır. Məsələn, şəhər daxilində dəmiryolu stansiyalarının sayını artırmaq mümkündür. Dərnəgül stansiyasının yanında dəmiryolu dayanacağı təşkil etmək olar. Hazırda ən böyük sıxlıq metronun “Koroğlu” stansiyası istiqamətində yaşanır. Bir neçə istiqamətdən məhz bu yola hərəkət edir avtomobillər, avtobuslar. Burada üzü Dərnəgülə ekspress avtobuslar təşkil edilsə, sərnişinlər oradan şəhərin digər istiqamətinə rahat hərəkət edər. Xırdalandan mərkəzə gələnlər “28 may”da düşüb “Elmlər akademiyası”na gəlməli olmazlar, Dərnəgüldən həmin istiqamətə rahat hərəkət edərlər, bu da sərnişin sıxlığını azaldar. Qısa həll yolları bunlardır. Amma daha dayanıqlı, uzunmüddətli həllər istəyiriksə, bu, ciddi investisiya tələb edir və onlara yanaşma tamam fərqlidir".
Mütəxəssis qeyd etdi ki, mövcud şəbəkədə Dərnəgül, Keşlə, Heydər Əliyev prospekti, Nərimanov, Böyük şor dayanacaqlarının təşkili, Maştağa-Bağlar-Buzovna, Bakıxanov-Suraxanı-Hövsan, Bakıxanov-Suraxanı-Binə-Qala-Gürgən (ehtiyac olarsa Zirə) xətlərinin modernezasiyası, mövcud dəmir yolu üzrə Sumqayıt-Xırdalan-Xocasən-Lökbatan-Sahil qəsəbəsi-Ələt qəsəbəsi-Ələt limanı reysinin təşkili, yük trafikinin ayrılması üçünsə Tağıyev-Sahil mənzili üzrə yolların tikintisinin bərpası vacibdir.