Çünki bazarda son vaxtlar Monqollustandan gətirilmiş heyvan ətləri satılır
İnsan bədəninin təməl daşları amin turşularıdır. Amin turşuları bizim məhv olmuş toxumalarımızın yenilənməsində və yeni hüceyrələrin əmələ gəlməsində iştirak edirlər. Amin turşular zülallardan əmələ gəlir, deməli bizim orqanizmimizə zülallar çox lazımdır, zülalların isə əsas mənbəyi ətdir. Ət orqanizm üçün ən faydalı qidadır.
Lakin son zamanlar insanlar ət alarkən qəribə dad və qoxu hiss edirlər. Bu yemlə əlaqəli ola bilərmi? Niyə əvvəlki ət dadını ala bilmirik?
Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov “Sherg.az”a bildirib ki, heyvan ətinin dadı və qoxusu heyvanın saxlanma şəraitindən, yemindən, sağlamlıq durumundan asılıdır:
“ Digər səbəb isə yemləmə ilə bağlıdır. Son vaxtlar görürük ki, digər ölkələrdən diri heyvanlar idxal edilir. Məsələn, Monqollustandan gətirilmiş heyvanların ətində yad qoxu və iyi hiss edirik. Əgər sahibkarın mıqsədi heyvanı kəsib ətini ixrac etməkdirsə, o zaman çalışırlar ki, intensiv yemləmə yolu ilə qısa bir müddətdə daha çox çəki əldə etsin. Belə halda əlbəttə, yemin keyfiyyətinə diqqət yetirilmir. Kəsilmiş ətin nəqlinin necə həyata keçirilməsi də ətin keyfiyyətinə, xüsusən dadına, iyisinə təsir edir. Əgər aşağı temperaturda həmin cəmdəklər ölkəyə nəql edilirsə, bir çox halda o heyvanların ətində yad qoxu hissi olmur. Amma daşınma zamanı temperatur tez-tez dəyişirsə, bu da ətin dadında tamında, və qoxusunda özünü göstərir”.