Salyan Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qətli ilə bağlı bəzi təfərrüat məlum olub.
Dadisə ilə bağlı teleqraf.com-a danışan Yenikənd kəndinin icra nümayəndəsi Məsabə Abasov bildirib ki, Mətanət Hüseynova və Röyal Hüseynov Yenikənd sakinləridir:
"İllər əvvəl onlar bir-birinə qoşulub qaçıblar. Yeniyetmə yaşında iki oğlan, bir qız övladları var. Bu ailə uzun illərdir ki, müxtəlif fermalarda çalışıblar. Bu səbəbə görə onlar Yenikənddə xeyli vaxtdır yaşamırdılar".
Bələdiyyə sədrinin sözlərinə görə, R.Hüseynov həyat yoldaşını tez-tez döyüb təhqir edirmiş:
"Yazıq gəlin nə etsin? Əri hər gün ona işgəncə verirdi. Yəqin canını qurtarmaq üçün bu hadisəni törədib".
İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olub. Ona görə də ailədə tez-tez münaqişə baş verib, həyat yoldaşını incidib. 15-20 gün bundan əvvəl kənddə məlumat yayılıb ki, Röyal evdən silah və pul götürüb, quş ovlamağa gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışına başlanılıb:
"Qətli törədən Mətanət Hüseynova Neftçala rayon xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır".
Neftçala rayon xəstəxanasının cərrahı Fədail Salmanov açıqlamasında bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur:
"Mən onları 15 ildir ki, görmürəm. Onların harada yaşadıqlarını belə bilmirəm. Qızımın arxasınca getmək fikrim yoxdur. Mənim işim-gücüm var. Qanun var, qayda var. Dövlətin qurumları hər şeyi aydınlaşdıracaq. Kimin nə günahı varsa, cəzasını da çəkəcək. Mən heç nəvələrimi də görməmişəm. Heç bu gündən sonra görmək niyyətim də yoxdur. Səbəbi barədə heç nə deməyəcəm. Çünki səbəb yoxdur".
Qeyd edək ki, həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, qadınların belə ağır cinayətlərə əl atması çox ciddi sosial və psixoloji problemlərin göstəricisidir:
“Qadınların əksəriyyəti cinayətə əl atmadan əvvəl uzun müddət emosional, fiziki və ya psixoloji şiddətə məruz qalır. Əksər hallarda, qadınlar özlərini müdafiə etməyə məcbur qaldıqları zaman bu cür ağır addımlara gedirlər. Belə hadisələrdə qadın travma nəticəsində emosional tarazlığını itirə bilər. Digər tərəfdən qadınların çoxu ailədaxili problemlərlə bağlı sosial dəstək almaqdan çəkinir. Onlar utanır, qorxur və ya “ailə adını qorumaq” kimi ictimai təzyiqlərdən dolayı susurlar. Bu, problemlərin daha da ağırlaşmasına və qadının özünü çıxılmaz vəziyyətdə hiss etməsinə səbəb olur.
Uzun müddət davam edən stress, depressiya və ümidin itməsi də qadını psixoloji olaraq zəiflədir. Nəticədə, qadın öz problemlərini həll edə bilmədiyi halda aqressiv davranışlara keçid edə bilir.
Bu kimi hadisələrin qarşısını almaq üçün insanlara emosional və sosial problemlərlə mübarizə yolları öyrədilməlidir. Məktəblərdə, ictimai qurumlarda ailə daxili münasibətlərin düzgün idarə edilməsi mövzusunda təlimlər keçirilməlidir. Ailədaxili zorakılığın qarşısını almaq üçün qadınlara pulsuz psixoloji və hüquqi dəstək mərkəzləri yaradılmalıdır. Bu mərkəzlər qadınların problemi vaxtında paylaşmalarına imkan verməlidir. Həmçinin dövlət qurumları və qeyri-hökumət təşkilatları birgə şəkildə işləyərək ailədaxili zorakılıq hallarını araşdırmalı və zərərçəkmişlərə vaxtında yardım göstərməlidirlər. Psixoloq kimi deyə bilərəm ki, bu kimi ağır hadisələr cəmiyyətimiz üçün bir siqnaldır. Əgər qadın cinayətə əl atıbsa, bu, yalnız fərdi deyil, ümumi bir problemin göstəricisidir. Cəmiyyət olaraq daha şəffaf, dəstəkverici və anlayışlı olmalıyıq. Hər kəs öz ətrafındakı insanlara diqqət yetirsə və vaxtında dəstək olsa, bu cür faciələrin qarşısını almaq mümkündür”.