Azərbaycan müstəqil aktor kimi mövqeyini daha da gücləndirir
Çinə dövlət səfəri həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən strateji addım oldu
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Səfər çərçivəsində keçirilən görüşlər zamanı siyasi, iqtisadi, humanitar və texnoloji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün konkret planlar müəyyən olundu. Xüsusilə, "Bir kəmər, Bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanın geostrateji mövqeyinin vurğulanması ölkəmizin Şərqlə Qərb arasında etibarlı tranzit və logistik mərkəz kimi rolunu daha da gücləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələri Çinlə əməkdaşlıqda önəmli əlaqə nöqtələri kimi qiymətləndirildi. Səfər zamanı Azərbaycan və Çin arasında kənd təsərrüfatı, enerji, nəqliyyat və yüksək texnologiyalar sahələrində əməkdaşlığı əhatə edən çoxsaylı sənədlərin imzalanması iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün ciddi zəmin yaratdı. Bu addımlar qarşılıqlı investisiya mühitinin formalaşmasına və ticarət dövriyyəsinin artmasına şərait yaradacaq. Humanitar sahədə də əlaqələrin inkişafı diqqət mərkəzində oldu. Çin universitetlərində Azərbaycan dili və mədəniyyətinin tədrisi, gənclər və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi qarşılıqlı anlaşmanı və mədəni yaxınlaşmanı daha da möhkəmləndirəcək. Bütün bu amillər bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin dövlət səfəri, Azərbaycanın balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurlu davamıdır. Bu səfər, eyni zamanda, qlobal miqyasda artan geosiyasi dinamika fonunda Azərbaycanın beynəlxalq müstəvidə daha da güclənən mövqeyini əks etdirir.
Millət vəkili Musa Qasımlı Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin Çinə səfəri və tərəflər arasında imzalanmış "Birgə Bəyanat" əhəmiyyətinə görə ikitərəfli münasibətlər çərçivəsini aşır və vacib məsələlərdə birgə addımladıqlarını göstərir. Deputatın sözlərinə görə, dövlətlərimiz arasında münasibətlər səmimidir və dostluğa əsaslanır:
"Hər iki dövlət öz xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunun, təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan dövləti Çin üçün ən vacib və həssas olan "Tayvan məsələsi"ndə qəti mövqeyinə bir daha hüquqi əsas verir. Rəsmi Bakı dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Tayvanın "müstəqilliyi"nin istənilən formasına qarşı qətiyyətlə çıxır. Ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Bu mövqe onu göstərir ki, Azərbaycan dövləti üçün beynəlxalq hüququn prinsipləri və ədalət əsasdır. Azərbaycanın Çinə bu məsələdə siyasi-diplomatik dəstək verməsi rəsmi Pekinin beynəlxalq mövqelərini möhkəmləndirir. Eyni zamanda cənab Prezidentin liderliyində Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artdığını təsdiqləyir. Çin isə Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Bu o deməkdir ki, rəsmi Pekin Cənubi Qafqazı yenidən qan gölünə çevirmək istəyən dövlətlərin siyasətinə qarşı bütün, o cümlədən bəlli beynəlxalq təşkilatlarda çıxacaq. Nəticədə Azərbaycanın mövqeləri daha da möhkəmlənəcək".
Siyasi şərhçi Fərid Şahbazlı da Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin Çin səfəri yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də qlobal geosiyasi transformasiyalar fonunda olduqca əhəmiyyətli strateji hadisə kimi qiymətləndirilməlidir. Ekspertin qənaətincə, bu səfər, Azərbaycanın özünün çoxşaxəli və müstəqil xarici siyasət strategiyasını ardıcıl şəkildə reallaşdırdığını, dünya siyasətində yeni güc mərkəzlərinin formalaşdığı bir mərhələdə prinsipial mövqeyindən geri çəkilmədiyini bir daha nümayiş etdirdi:
"İqtisadi aspektdən yanaşdıqda, səfər Azərbaycan üçün bir sıra həyati əhəmiyyət daşıyan istiqamətlər üzrə yeni imkanlar açdı. Çin, dünya iqtisadiyyatında getdikcə daha çox təsir gücünə malik olan bir aktor kimi, Azərbaycan üçün yalnız ticarət tərəfdaşı deyil, həm də strateji investisiya mənbəyi kimi çıxış edir. Bakı ilə Pekin arasında imzalanan sənədlər, xüsusilə logistika, enerji, bərpaolunan enerji, kənd təsərrüfatı və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın yeni mərhələyə keçdiyini təsdiqləyir. Azərbaycanın Orta Dəhlizin əsas sütunlarından biri kimi rolu, Çin tərəfindən təkcə iqtisadi layihə kontekstində deyil, həm də geosiyasi risklərin azaldılması baxımından strateji fürsət kimi dəyərləndirilir. Məhz bu səbəbdən Çin, Azərbaycanın nəqliyyat və logistika potensialına daha böyük həcmdə sərmayə qoymağa hazır olduğunu nümayiş etdirdi".
F.Şahbazlı bəyan edib ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edən strateji addım oldu:
"Bu səfər Azərbaycanın öz milli maraqlarına söykənən, müstəqil, çoxqütblü və balanslı xarici siyasət strategiyasını uğurla davam etdirdiyini göstərdi. Azərbaycan bu gün təkcə regional lider deyil, həm də Avrasiya məkanında yeni geosiyasi reallıqlar fonunda müstəqil aktor kimi mövqeyini getdikcə daha da gücləndirir".