Son xəbərlər

Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" - "Hapoel" matçındakı insidenti müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı Maka Boçorişvili ilə UEFA Avropa Liqasının əsas mərhələsində Gürcüstanda keçirilən "Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) matçı zamanı yaşanan insidenti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

H.Fidan gürcüstanlı həmkarı ilə stadiondakı Türkiyə vətəndaşlarının vəziyyəti barədə fikir mübadiəsi aparıb.

Bildirilib ki, Türkiyənin Tblisidəki səfirliyinin və baş konsulluğunun əməkdaşları stadiondadırlar. Onların vətəndaşların hüquqlarını qorumaqla bağlı bütün lazımi addımları atdıqları qeyd edilib.

Xatırladaq ki, “Hapoel Beer Şeva” ilə keçirilən matçda “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib.

Yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsindən sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb. Polisin azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

İnsidentə görə qarşılaşma yarımçıq dayandırılıb, daha sonra bərpa olunub.