UEFA Avropa Liqasının V turunda "Beşiktaş"la İsrailin “Hapoel Beer Sheva” komandası arasında Gürcüstanda keçirilən oyunda insident baş verib. Fələstin bayrağı açan "Beşiktaş" azarkeşinə polisin müdaxiləsindən sonra tribunada gərginlik yaranıb və qarşılaşma dayandırılıb.
Sherg.az xəbər verir ki, Türkiyənin “Milliyet” nəşrinin məlumatına görə, hadisə matçın 25-ci dəqiqəsində baş verib. Gürcüstan polisi Fələstin bayrağı açan azarkeşin əlindən bayrağı almağa çalışıb. Bu zaman tərəflər arasında qarşıdurma yaşanıb.
"Beşiktaş" azarkeşlərinin polis müdaxiləsinə etiraz etməsindən sonra hakimlər oyunu saxlayaraq paltardəyişmə otağına yollanıblar. Komandanın futbolçuları tribunadakı azarkeşləri sakitləşdirməyə çalışıblar. Hadisə zamanı xəsarət alan bir azarkeşin təcili tibbi yardım maşını ilə aparıldığı bildirilib.
Məlumata görə, insident qarşılaşmadan əvvəl başlayıb. "Beşiktaş" azarkeşi rəqib komandanın tərəfdarlarının olduğu istiqamətdə Fələstin bayrağı açaraq şüarlar səsləndirib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Qalatasaray”ın prezidenti Dursun Özbek də stadionda Fələstinlə bağlı pankartlara görə İsrailin baş naziri Benyamin Netanyahunun klubdan UEFA-ya şikayət etdiyini açıqlamışdı.