- Ermənistan üçün iqtisadi təcriddən çıxış yolu açılır
Cənubi Qafqazda yeni nəqliyyat marşrutlarının formalaşması və regional əməkdaşlıq imkanlarının genişlənməsi mövcud tranzit balansına təsir göstərir. Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, TRIPP layihəsi və Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri fonunda Gürcüstanın regiondakı tranzit mövqeyi yenidən müzakirə mövzusuna çevrilib. Gürcü politoloq Gela Vasadze də hesab edir ki, bölgədə baş verən son proseslər Gürcüstanın tranzit monopoliyasını itirməsinə səbəb ola bilər.
Beynəlxalq siyasət üzrə mütəxəssis İsmail Cingöz Sherg.az-a mövzunu şərh edib:
"Cənubi Qafqazda baş verən proseslər müasir beynəlxalq münasibətlər intizamının geosiyasi və geoiqtisadi yanaşmaları çərçivəsində qiymətləndirildikdə, regional güc balansının yenidən formalaşdığı müşahidə olunur. Nəqliyyat dəhlizləri artıq yalnız iqtisadi fəaliyyətin deyil, həm də dövlətlərin strateji təsir imkanlarının və diplomatik sövdələşmə gücünün mühüm elementinə çevrilib.
Gürcüstanın uzun illər ərzində malik olduğu tranzit üstünlüyü Azərbaycan-Ermənistan normallaşma prosesi və TRIPP layihəsi ilə birlikdə yeni rəqabət mühitinə daxil olur. Lakin Gürcüstanın tranzit daşımalarında inhisarçı mövqeyini itirməsi onun geosiyasi əhəmiyyətini itirməsi demək deyil. Bakı-Supsa neft kəmərinin yenidən fəaliyyətə başlamasının gündəmə gəlməsi və Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin davam etməsi bunun göstəriciləridir.
Azərbaycanın Naxçıvan vasitəsilə Türkiyəyə birbaşa çıxış əldə edə biləcəyi alternativ marşrutun yaradılması Bakının strateji manevr imkanlarını genişləndirəcək. Eyni zamanda Türkiyənin Mərkəzi Asiya və Türk dünyası ilə əlaqələrini gücləndirəcək".
Analitik vurğulayıb ki, Ermənistan üçün regional iqtisadi inteqrasiyaya qoşulmaq və iqtisadi təcriddən çıxmaq imkanı yarana bilər:
"Beynəlxalq münasibətlərdə qarşılıqlı asılılıq yanaşması baxımından qiymətləndirildikdə, alternativ nəqliyyat şəbəkələrinin inkişafı regional rəqabəti gücləndirməklə yanaşı, ortaq iqtisadi maraqlar əsasında davamlı sülhün təmin olunmasına da töhfə verə bilər. Bununla belə, ABŞ, Rusiya, Çin və İranın regional maraqları formalaşacaq yeni nizamın müəyyənləşməsində mühüm rol oynayacaq.
Cənubi Qafqazda baş verən proseslər Gürcüstanın geosiyasi baxımdan sıradan çıxması deyil, regional tranzit üstünlüyünün yenidən bölüşdürülməsidir. Yeni dövrdə dövlətlərin strateji əhəmiyyətini yalnız coğrafi mövqeləri deyil, həm də nəqliyyat şəbəkələrinin şaxələndirilməsi, iqtisadi rəqabət qabiliyyətləri və diplomatik uyğunlaşma imkanları müəyyən edəcək".