Deputat: 800-ə yaxın azərbaycanlı miqrant ABŞ-dən çıxarılacaq

Amerika ərazisində qanunsuz yaşayan həmyerlilərimizin sayı daha da çox ola bilər

Fevral ayında Prezident Donald Trampın təşəbbüsü ilə ölkəni qanunsuz mühacirlərdən “təmizləmək” kampaniyası çərçivəsində ABŞ-dən 200 nəfərdən ibarət qrup Kosta-Rikaya aparılıb.
SWI-nin yaydığı məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Türkiyə, Çin, Rusiya, Gürcüstan, Qazaxıstan, Hindistan, Özbəkistan, Konqo, Vyetnam və Nepal vətəndaşları olub.
Məlumatda bildirilib ki, deportasiya edilənlərdən 84-ü artıq ölkələrinə qayıdıb, 94-ü isə sığınacaqda qalmaqda davam edir.
Kosta-Rika hökuməti qeyd edib ki, ABŞ Dövlət Departamenti bu insanlara humanitar yardım və qayğı göstərmək üçün Beynəlxalq Miqrasiya Təşkilatına maliyyə dəstəyi verir.


Milli Məclisin deputatı, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az"a açıqlamasında Amerika Birləşmiş Ştatlarında qanunsuz yaşayan miqrantlara qarşı kifayət qədər sərt siyasət yeridildiyini vurğulayıb. Onun sözlərinə görə, Kosta- Rikadan əvvəl də qeyri-qanuni miqrantların Meksika istiqamətinə çıxarılması, sərhədlərin möhkəmləndirilməsi ilə bağlı real addımlar atılıb:
 “Səhv etmirəmsə, ABŞ-də qeyri-qanuni yaşayan 800-ə yaxın azərbaycanlı miqrantın ölkə ərazisindən çıxarılması ilə bağlı qərar var. Bu, təxmini rəqəmlərdir. Amerika ərazisində qanunsuz yaşayan həmyerlilərimizin sayı daha çox da ola bilər. 
ABŞ-də qanunsuz şəkildə yaşadığı qeyd edilən 800-ə yaxın azərbaycanlı şəxs müxtəlif dövrlərdə, müxtəlif səbəblərlə ABŞ-yə daxil olublar. Hər birinin vəziyyəti fərqlidir.
Əvvəla qeyd edim ki, ABŞ-yə immiqrasiya edən insanların böyük əksəriyyəti ya təhsil, ya da işlə əlaqəli səbəblərlə gedirlər. Bu şəxslər qanuni yollarla ölkəyə daxil olsalar, sonrakı mərhələlərdə orada qalmaqda problem yaşamazlar və həmin ölkə ilə inteqrasiya prosesində də çətinlik çəkməzlər. Lakin qanunsuz şəkildə ölkəyə daxil olanlar və ya qanuni şəkildə daxil olub sonra müddətini uzatmadan qalmaq üçün icazə almayanlar çətinliklərlə qarşılaşırlar. Bu şəxslərin bir müddət sonra ya ölkə ərazisini tərk etmələri, ya da orada qalmaq üçün müvafiq icazə almaları tələb olunur. Əks halda, onlar qanunsuz miqrant statusuna düşürlər və belə olduqda, müvafiq qurumlar tərəfindən aşkarlanıb deportasiya oluna bilərlər.
Onu da deyim ki, deportasiya qərarı verilməzdən əvvəl hər şeyin təfərrüatları nəzərdən keçirilir. Beynəlxalq hüquqda belə bir prinsip var ki, deportasiya zamanı şəxslərin hüquqları pozulmamalıdır. Lakin təcrübə göstərir ki, deportasiya edilən şəxslər, sonradan bu qərarın həyata keçirilməsi zamanı öz hüquqlarının pozulduğunu bildirənlər var. Son olaraq, qanunsuz miqrantların vəziyyəti çox çətindir və onların gələcəkdə qarşılaşacaqları çətinliklər çox olacaq. Onlar hansı ölkəyə gedəcəkləri, ya da öz ölkələrinə, Azərbaycana qayıdacaqları barədə qərar verməlidirlər. Hər birinin vəziyyəti fərqli olduğuna görə, hər bir şəxs üçün də həlli yolları dəyişir".

Amerikadan deportasiya olunan azərbaycanlıların aqibətinə, bu istiqamətdə dövlət qurumlarının görməli olduğu tədbirlərə gəldikdə isə deputat qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında qanunsuz yaşayan miqrantların ölkə ərazisindən çıxarılması bir neçə mərhələdə həyata keçirilir və proses müxtəlif qayda və qanunlarla tənzimlənən bir haldır:
 “Deportasiya qərarı verildikdə, həmin şəxslərin necə ABŞ-yə gəldikləri, hansı ölkələrdən keçdikləri, necə yaşadıqları və əlaqələrinin nə dərəcədə güclü olduğu nəzərə alınır.
ABŞ-də İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi və Sərhəd Mühafizəsi Xidməti kimi qurumlar və hüquq-mühafizə orqanları qeyri-qanuni miqrant ovunda iştirak edirlər. Saxlanılan şəxslər müvəqqəti saxlanılma mərkəzlərinə, həbsxanalara salına bilir. Sonrakı mərhələdə isə immiqrasiya dinləməsi prosesi başlayır və saxlanılan şəxsin statusu ilə bağlı hüquqi qiymət verilir. 
Deportasiya zamanı şəxsin xüsusiyyətləri, ailə vəziyyəti nəzərə alınır. Əgər yetkinlik yaşına çatmayıbsa, insan alverinin qurbanı olubsa, ona hüquqi yardım göstərilir, diplomatik danışıqlar həyata keçirilir. Diaspora təşkilatları prosesə cəlb olunur və vətəndaşı olduğu dövlət həmin şəxsləri öz himayəsinə götürür”. 

Azərbaycanın 4 ölkə, o cümlədən də Avropa İttifaqı ilə readmissiya sazişi olduğunu xatırladan A.Allahverənov  bildirib ki, bu sənəd faktiki olaraq Avropa İttifaqının ərazisində qanunsuz əsaslarla yaşayan şəxslərin deportasiyasını tənzimləyir:
 “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişi 2014-cü ildən qüvvədədir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında isə belə bir sənəd yoxdur. Əgər olsaydı, bu saziş çərçivəsində deportasiya olunan azərbaycanlıların geri qaytarılması prosesi baş verərdi. Readmissiya sazişinin öhdəliyindən irəli gələrək həmin şəxsin səhhəti, məşğulluğu ilə bağlı da konkret addımlar atılardı. Lakin Amerika ilə Azərbaycan arasında readmissiya haqqında saziş olmasa da, qanunvericiliyin verdiyi imkanlar çərçivəsində deportasiya olunan azərbaycanlıların hüquq və azadlıqlarının təmin olunmasına ehtiyac yaranarsa, aidiyyəti dövlət qurumları ölkə hüdudları daxilində həmin şəxslərə zəruri dəstək göstərəcək”.